19 May 2021 17:00
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 19-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.

YAP-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətindən danışan YAP sədrinin müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının tarixiliyi özünün siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində sübuta yetirilib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətlərinin güclənməsində hər iki ölkənin liderləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var.

Azərbaycanla Türkiyənin bir-birinə hər zaman dəstək verdiyini deyən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək verməsi sevindirici və qürurverici haldır.

Tahir Budaqov, həmçinin Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının ölkələrimiz arasında münasibətlərin daha da güclənməsinə töhfələrini verdiyini diqqətə çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə əsaslanır. Şamil Ayrım vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin tarixi əhəmiyyətini də vurğulayıb.

Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin inkişafında Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səylərini yüksək dəyərləndirən Şamil Ayrım əminliklə bildirib ki, bütün dünya üçün dostluq, birlik və tərəqqi nümunəsi olan əlaqələrimiz əbədiyyətə qədər davam edəcək.

Şamil Ayrım Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının əlaqələrinin hazırkı səviyyəsindən də məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər