19 May 2021 18:57
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan “Xəzər" Siyasət Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, nazir nümayəndə heyətinə bölgədə baş verən son hadisələr, o cümlədən münaqişə sonrası yaranan yeni vəziyyət, üçtərəfli bəyanatlar və onların icrası ilə bağlı məsələlər, işğal faktorunun aradan qaldırılması ilə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yaranması, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

C.Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, o cümlədən Azərbaycanın hərbi əsir statuslu şəxsləri Ermənistana geri qaytardığını, 1600-dək erməni hərbçisinin cəsədinin qarşı tərəfə təhvil verildiyini, habelə kommunikasiya xətlərinin açılışı istiqamətində müvafiq danışıqların davam etdirildiyini qeyd edib. Eyni zamanda hələ 1991-94-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşən 4000-dək azərbaycanlı ilə bağlı məlumatın bu günədək Ermənistan tərəfindən verilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bölgədə iki dövlətin sərhəd ərazisində baş verən son gərginlikdən bəhs edən nazir Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini və bu prosesin tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini qeyd edib. Bu məsələnin Ermənistan tərəfindən siyasiləşdirildiyi, bu kimi fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğu vurğulanıb.

C.Bayramov enerji məsələlərinə də toxunaraq, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrdən və onların bölgənin inkişafına verdiyi töhfədən danışıb. ABŞ-ın Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinə verdiyi davamlı dəstək məmnunluqla qeyd olunub.

Daha sonra nazir nümayəndə heyətinin suallarını cavablandırıb, tərəflər arasında ikitərəfli münasibətlər, habelə regional təhlükəsizlik məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər