30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladı. Amma bir dəfə də olsun Azərbaycan sərhədlərinin pozulması ilə bağlı Ermənistana irad tutulmadı. Bu gün isə Azərbaycan regionun gələcək təhlükəsizlik, sülh, inkişaf tələblərindən irəli gələn addımlar atır. Artıq Ermənistanla sərhəd mühafizə sistemi qurulur. Bu olmasa digər xarakterli addımların atılması qeyi-mümkündür.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputatın fikrincə, ABŞ və Fransa Azərbaycanın digər ölkə ilə sərhədlərini pozması ilə bağlı yayılan əsassız düşüncələrə inanırsa, demək onlar regionda münaqişə vəziyyətinin qalmasında maraqlıdır:
“Bunu başqa cür dəyərləndirmək mümkün deyil. ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin telefon zəngində də bu məsələlər açıq ifadə olunub. İlkin olaraq səslənən fikir o olub ki, Azərbaycan ABŞ münasibətlərinin vəziyyəti məqbul hesab olunur. Sərhədlərdə delimitasiya və demarkasiya ilə bağlı ABŞ tərəfindən səslənən fikirlər Azərbaycan üçün yeni bir məqam deyil. Azərbaycan bütün məsələlərin sülh və danışıqlarla həllində maraqlıdır. 30 ilə yaxın aparılan danışıqlar bunu təsdiqləyir”.
Millət vəkilinə görə, cənab Prezident İlham Əliyevin tutarlı və təmkinli cavab verib, bildirib ki, Azərbaycana bu istiqamətdə yol göstərmək əsassızdır:
“Azərbaycan hər zaman məsələlərin sülh yolu ilə həllinin tərəfdarı olub. Ermənistan tərəfi isə ənənəvi olaraq məsələləri təhrif etməkdədir. Cənab Prezident tərəfindən Ceyk Sallivana da bildirildi ki, Ermənistan tərəfinin sərhəd məsələsi ilə bağlı prosesləri beynəlmiləşdirməsi əsassızdır. Riyakar erməni hakimiyyəti saxta informasiya maşınını işə salmaqla uydurma təsəvvürlər yaratmağa çalışır. SSRİ dövründən bəlli olan kartoqrafik məlumatlar əsasında sərhədlərdə işlər aparılır. Azərbaycan tərəfi bu məsələ ilə bağlı da danışıqlara açıqdır. Ermənistan rəhbərliyinin mövqeyi isə daxili auditoriyaya hesablanıb”.