20 May 2021 15:07
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi media orqanlarında haqqımda yayılan görüntülər saxtadır və mənə qarşı həyata keçirilən böhtan kampaniyasıdır. İyirmi səkkiz il mayın 18-ni Laçının işğal günü kimi qeyd edən xalqımız Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. Mənim də iştirakım olmaqla Güləbird kəndində tədbir təşkil olunub. AZTV-nin, ARB-nin, Real TV-nin əməkdaşları da reportaj hazırlamaq məqsədilə orada olublar. Bununla yanaşı həmin tədbirdə Qarabağ qaziləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də Laçın rayonundan olan sakinlər də iştirak ediblər.

Teleqraf.com-un məlumatına görə, bu sözləri 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə haqqında yayılan informasiyalara münasibət bildirərkən deyib.

M.Abbaszadə Laçın rayonunun Güləbird kəndinin Humay adlı şəhidinin olmadığını bildirib: “Məlum olduğu kimi, 29 il idi ki, hər il Azərbaycan xalqı mayın 18-ni Laçın rayonunun işğal günü kimi qeyd edirdi. Lakin ötən ilin payızında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Bu gün artıq bütün işğal günləri tarixin arxivinə göndərilib və Azərbaycan xalqı mayın 18-ni erməni tapdağından edilmiş Laçında qarşılayır.

Lakin Laçından qürur və xatirələr dolu reportajların yayıldığı bir vaxtda bəzi internet resurslarında Laçına səfər etmiş bir qrup insanla bağlı böhtan xarakterli məlumatın yayılması böyük təəssüf doğurur.

Yayılmış məlumatda Laçınla bağlı çəkilişlər etmək üçün Güləbird kəndinə səfər etmiş rəsmi şəxslərin guya orada kef məclisi qurması, üstəlik guya şəhidin adı verilmiş bulaqda spirtli içki soyutması barədə absurd iddialar yer alıb və guya, bunu sübut edən fotolar dərc edilib.

İlk növbədə onu qeyd etmək lazımdır ki, xəbərdə təqdim olunun fotolar hansısa kef məclisindən deyil, uzaq yol qət etmiş insanların qurduğu adi nahar süfrəsindən çəkilib. Mağaza və kafelərin işləmədiyi bir yerə səfər edən insanların özləri ilə pendir, çörək, kolbasa və s. yol yeməyi götürməsində yəqin ki, heç bir qəbahət yoxdur və bunu «kef, eyş-işrət məclisi» kimi qələmə vermək ən azı saxtakarlıqdır.

Üstəlik nahar edən heyətin guya spirtli içki içməsi barədə iddialar da yalandan başqa bir şey deyil və bunu orada olan hər kəs, o cümlədən mətbuat işçiləri və qazilər də təsdiq edə bilər.

Ən dəhşətlisi isə odur ki, bu qərəz və böhtan dolu məlumatı yayanlar ictimai fikri çaşdırmaq üçün hər birimiz üçün müqəddəs olan şəhidlərin adından istifadə edirlər. Birincisi, deyildiyi kimi, həmin nahar zamanı spirtli içkidən istifadə olunmayıb.

İkincisi və ən əsası isə odur ki, fotolarda əks olunan bulaq şəhid bulağı deyil, Güləbird camaatının yaxşı tanıdığı Humay bulağıdır.

Yayılmış məlumatın yalan, böhtan və qərəzli olduğunu sübut edən başqa bir fakt isə xəbərin hazırlanması zamanı orada adı çəkilən, üstəlik həmişə mətbuata açıq olan şəxslərin mövqeyinin öyrənilməməsidir.

Görünür, hansısa qüvvələr mayın 18-nin artıq Laçının işğal günü kimi qeyd olunmamasını həzm edə bilmir. Əks halda belə həssas mövzülarda saxta məlumatlar yaymaqla cəmiyyətdə süni narazılıq yaratmağa və düşməni yalanla silahlandırmağa çalışmazdılar”.

Qeyd edək ki, bəzi media orqanlarında çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın orada olan zaman kef məclisi qurduğu ilə bağlı məlumatlar yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər