“Erməni qoşunlarının çıxarılmasına gəldikdə, bu məsələ də qəti şəkildə qoyulub. Sazişlərin imzalanmasına qədər bu məsələ Moskva qarşısında qaldırılıb, 10 noyabr bəyannaməsində öz əksini tapıb. Zirehli texnikanı çıxardılar, amma 10-11 min canlı qüvvə orada qalır. Azərbaycan qəti şəkildə bildirib ki, həmin qüvvələr çıxmasa, antiterror əməliyyatlarına başlayacaq. Azərbaycan ordusu niyə hərbi təlimlərə start verib? Türkiyədə də hərbi məşqlər edildi. Bir daha onların diqqətlərinə çatdırmaq lazımdır ki, qoşunlar çıxarılmasa, antiterror əməliyyatları qaçılmaz olacaq. Bunun nəticələrini onların özləri təsəvvür etməlidir”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla yeni sənədin imzalanacağını bildirib. Sizcə, bu sənəddə nələr ola bilər?
- Müharibə bitib və bu savaşın nəticələrini təsdiq edəcək sülh müqaviləsi imzalanmalıdır. Paşinyanın sərhədlərin müəyyənləşdirilməsi ətrafında – NATO, KTMT, ABŞ və Avropa qarşısında qaldırdığı hay-küy konstruktivlikdən xəbər vermir. 10 noyabr və 11 yanvar anlaşmaları üzrə regiondakı kommunikasiyalar və nəqliyyat xətlərinin, Zəngəzur dəhlizinin, gələcəkdə Qazax-İcevan dəmir yolunun açılması, sərhədlərin delimitasiya və demarkasiya prosesinin aparılmasını ehtiva edir.
Eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərinin bərpa edilməsindən söhbət açanlar var. Amma Fransa və ABŞ Ermənistanın son oyununda bədxah məqsədlər güdür. Rusiyanı bölgədən çıxarmaqla onun əvəzinə yerləşmək kimi mənfur planlar qurublar. Mənə elə gəlir, onların bu planı ifşa olundu və hər şey öz məcrasına qayıtdı.
Artıq Paşinyan reallığı qəbul etməyi bacarmalıdır. Sülh müqaviləsinin imzalanması üçün Minsk qrupunda mövcud formatdan imtina etməlidir. Çünki Azərbaycan qətiyyətlə köhnə formatı – Minsk qrupunu qəbul etmək istəmir. Daha dəqiq desək, qətiyyətlə Fransanın həmin formatdan çıxarılmasını tələb edir.
Artıq “Madrid prinsipləri” və “Kazan sənədləri” kimi köhnə formullar yoxdur. Azərbaycanın tələbi budur ki, Minsk qrupu reallığa uyğun olaraq yeni yanaşma ortaya qoymalıdır. İki ölkənin münasibətlərinin qaydasına salınması üçün yeni formullar müəyyən edilməlidir.
- Bunu deyəndə nəyi nəzərdə tutursunuz?
- Söhbət bölgədə kommunikasiya xətlərinin açılmasından gedir. Ermənistan bilmir ki, onun istifadə etdiyi internet xətlərinin sahibi Azərbaycandır? Bunun sahibkarlıq hüququ Azərbaycana məxsusdur. Ümumiyyətlə, Cənubi Qafqazdakı bütün internet xətlərinə nəzarət Azərbaycanın əlindədir.
Ermənistan bilmir ki, Rusiya Gürcüstana hücum edəndə Moskva Tiflisə satdığı elektrik enerjisi və qazı kəsdi? Amma Saakaşvilinin də dediyi kimi, Azərbaycan olmasaydı, Gürcüstan dövlətçiliyi məhv olardı. Həmin dövrdən başlayaraq, Azərbaycan Gürcüstanı sərfəli qiymətlərlə qaz və elektrik enerjisi ilə təmin edir. Yəni Cənubi Qafqazın vahid enerji və rabitə xətləri də Azərbaycanın əlindədir.
İndi sıradan çıxmış bir sıra xətlər bərpa olunmalıdır. Bəs bu olmursa, Ermənistan öz iqtisadiyyatını dirçəltməyin hansı konsepsiyasını düşünür? Yoxsa yenə də gözləyirlər ki, Rusiya humanitar yardım göndərəcək? Ya Parisdəki erməni diasporu "tula payı" yollayacaq? Yoxsa Amerika?.. Bunlarla nə vaxta qədər dolanmaq mümkün olacaq?
Ermənistanın özü öz iqtisadiyyatını inkişaf etdirməlidir, dünyaya açılmalıdır. Azərbaycan da Rusiya ilə birlikdə bunları Ermənistana təklif edir. Mehri dəmir yolu Ermənistanın həm Avropa, həm də Asiyaya açılması üçün ən yaxşı yoldur. Bu yol əvvəllər də vardı, indi olsa, bunun nə zərəri olacaq?
Dostunuz İranla əlaqələriniz bərpa olunacaq, Rusiya Yaxın Şərqə quru əlaqələrini təmin edəcək. Şimaldan – Gümrüdən Bakı-Qars-Tiflis dəmir yolu xəttinə qoşula biləcəksiniz, vahid elektrik şəbəkəsi qurmaq istəsəniz, buna da getmək mümkündür. Yəni Azərbaycan iqtisadi inteqrasiyanın bütün formalarını təklif edir. Amma o şərtlə ki, Azərbaycanın bu centilmen təkliflərinə centilmen kimi olmasa da, heç olmasa adamsayaq cavab verəsiniz. Yəni gedən proseslərə əngəllər yaratmayasınız.
- Qarabağdakı silahlı separatçıların tərksilah edilməsi, Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılması bu sənəddə öz əksini tapa bilərmi?
- Qəti şəkildə deyə bilərəm ki, bunlar öz həllini tapacaq. Artıq Qazaxın kəndələrinin qaytarılması müzakirə olunur. Ermənistanın bundan qaçmaq imkanı yoxdur. Ermənistan bu kəndlərdən birində Bağanıs-Ayrımda soyqırım törədiblər. Kəndi yandırıblar. Digər vəhşilikləri də törədiblər, bunları hər kəs bilir, indiki nəslin yaddaşındadır. Xəritələr də var, hara kimindirsə, məlumdur.
Erməni qoşunlarının çıxarılmasına gəldikdə, bu məsələ də qəti şəkildə qoyulub. Sazişlərin imzalanmasına qədər bu məsələ Moskva qarşısında qaldırılıb, 10 noyabr bəyannaməsində öz əksini tapıb. Zirehli texnikanı çıxardılar, amma 10-11 min canlı qüvvə orada qalır.
Azərbaycan qəti şəkildə bildirib ki, həmin qüvvələr çıxmasa, antiterror əməliyyatlarına başlayacaq. Azərbaycan ordusu niyə hərbi təlimlərə start verib? Türkiyədə də hərbi məşqlər edildi. Bir daha onların diqqətlərinə çatdırmaq lazımdır ki, qoşunlar çıxarılmasa, antiterror əməliyyatları qaçılmaz olacaq. Bunun nəticələrini onların özləri təsəvvür etməlidir.
- İrandan Qarabağa yük maşınlarının gəldiyinə dair videolar yayılır. Üstəgəl, ötən gün Tehrandan İrəvana bir qrup yüksək rütbəli hərbi gəldi. İran nə etmək istəyir, bu fəallığı nəyə hesablanıb?
- Fəallıq deyil, xəyanətdir. Bu, İranın riyakarlığının, saman altından su yeritməsinin üstünün açılmasıdır. Əgər Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlaya bilibsə, ilk növbədə İrana borclu olmalıdır. İran onun üçün nəfəslik açıb, ehtiyacı olan hər şeyi göndərib. İran Ermənistan qədər Azərbaycana ziyan vurmuş dövlətdir. Açıq danışmaq lazımdır, “İran bizim dostumuzdur”, “İran bizim qardaşımızdır” kimi ətürpərdən şüarlardan imtina etmək lazımdır.
İran müharibə dövründə də, ondan əvvəl də Ermənistana silah göndərib. İndi də Ermənistanı “qorumaq” üçün bölgədə qoşun yerləşdirmək istəyir. Nə qədər hədlərini aşıblarsa, reallıq hislərini nə qədər itiriblərsə, bizimlə Ermənistan arasında qoşun kontingenti yerləşdirmək istəyirlər. Sən bilmirsən ki, sənin ərazində 45 milyon azərbaycanlı yaşayır? Çöhrəqanlının bir işarəsi ilə Güney Azərbaycandakı azərbaycanlıların hamısı dimdik ayaq üstə duracaqlar.
Qarşıda İranda prezident seçkisi keçiriləcək, amma onu hansı süprizin gözlədiyini bilmir. Azərbaycanlılar seçkiləri boykot edəcəklər. Namizədlər içində türk mənşəli şəxs olmayacaq. Sən o qədər özünü itirmisən ki, mənim sərhədlərimdə qoşun yerləşdirmək istəyirsən? İran əlaltdan ermənilərə hər cür yardım göndərirdi, Azərbaycan kəşfiyyatı bunların hamısını çəkib. İndi biz bir tədbir görmürük. Bəs İran nə istəyir?
Onu istəyir ki, Salyan və Astara arasında İsrailin bazası yerləşdirilsin? Əgər bunu istəyirsə, eləmək mümkündür. Bəlkə İran əleyhinə olan başqa dövlətlərin Azərbaycanda hərbi bazalarının qurulmasını istəyir? Gətir beş hərbçini orada yerləşdir, iki gün sonra nə olacağını görəcəksən. İran bunları edəndə də gərək Güney Azərbaycanda Milli Azadlıq Hərəkatını da nəzərə alsın. Bu addımlar İran üçün xoş heç nə vəd etmir.
Neçə dəfə öz simanı göstərmək olar? Bu məsələni bitirmək lazımdır. Hesab edirəm ki, baş verənlərə adekvat olaraq, Azərbaycan təcili şəkildə Təl-Əvivdə öz səfirliyini açmalıdır. İsraillə daha sıx əməkdaşlığa getməliyik. Bu, İranı öz yerində oturtmaq üçün lazım olan addımlardandır.