“Dmanisidə aranı qarışdıranlar Azərbaycan və Gürcüstanı üz-üzə qoymaq istəyənlərdir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.
Ekspert Borçalıda baş verən son proseslərə diqqət çəkib:
“Dmanisidə baş verən hadisə keçmiş SSRİ-dən miras qalan və yerə basdırılan “etnik zəmində münaqişə” bombasıdır. Cənubi Qafqazda son 5 ildə gedən proseslər bu bombanı yerə basdıranları indi onu işə salmağa vadar edib. 2021-ci ildə baş versə də bu “oyun” köhnə oyundur. Arxasında nə Gürcüstan, nə də Azərbaycan durub. Məqsəd də hər iki xalqı, hər iki dövləti vuruşdurmaq, yeni etnik konflikt yaratmaq, sonra da öz “sülhməramlı” xidmətini təklif etmək və sonucda hamını öz nəzarəti altına salmaqdır.
Azərbaycan və Gürcüstan olaraq soyuqqanlılığı saxlamaq, ikitərəfli kommunikasiyaları davam etdirmək, prosesi nəzarət altına almaq, hadisəni yaradan şəxsləri tapıb cəzalandırmaq lazımdır. Günahı Gürcüstan və ya Azərbaycan iqtidarlarında görən şəxslər (siyasətçilər və qeyri-siyasətçilər) məhz üçüncü tərəfin oyununda iştirak edirlər, onsuz da həssas mövzunu daha da qızışdırırlar. Gürcüstan Azərbaycanın və Türkiyənin bu bölgədə strateji müttəfiqidir. İkitərəfli müttəfiqlik hər iki dövlətin və xalqın marağındadır”.