21 May 2021 12:07
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib. Onların xeyli hissəsi ilə görüşüşmüşəm. Son bir ildə görüşdüyüm şəhid ata və analarından bir neçəsi dünyasını dəyişib və onlar evlə təmin edilə bilmədilər.

Bunu parlamentdə çıxışı zamanı deputat Razi Nurullayev deyib.

O bildirib ki, belə ailələrdən biri də İmişli rayonu, Qaraqaşlı kənd sakini Mirəliyev Rüstəm idi:

“Əsa ilə qəbula gəlir və çox pis vəziyyətdə yaşadığını deyirdi. Çox köhnəlmiş evinə güclə çıxıb-düşdüyünü deyirdi. O kişi dünyasını dəyişdi və onun obrazı gözümün qarşısından getmir. Azərbaycanda belə şəhid ata və anaları var. Hörmətli deputatlar da bunu gözəl bilir.

Onların 70-85 arası yaşları var, hər biri xəstədir. Ağrılı cəhət budur ki, bu şəxslər dünyasını dəyişəndən sonra ailə ev almaq və şəhid statusu hüququnu itirir. Bir nümunə deyim. İmişlinin Hacalmuradlı kəndində 77 yaşlı şəhid anası Nafizə Tarverdiyeva ana ilə görüşdüm və o mənə dedi ki, 28 ildir şəhid verib və ev gözləyir. Amma bilsinlər ki, ev almayana qədər Allahdan möhlət istəmişəm, başımı yerə qoyan deyiləm. Çıxan nəticə budur ki, yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir. Əgər növbəyə qalsa, onların ev almaq üçün ömürləri yetməyəcək”.

Razi Nurullayev sonda spiker Sahibə Qafarovaya müraciət edərək xahiş edib ki, təxirəsalınmazlığı olduğu səbəbindən bu məsələyə xüsusi diqqət ayırsın.


Müəllif: Nemət

Oxşar xəbərlər