Prezident İlham Əliyev mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə çox geniş, ətraflı çıxış etdi. Dövlət başçısı Cənubi Qafqazdakı problemlərin həllinə, regionda iqtisadi inteqrasiya problemlərinə, ümumiyyətlə Cənubi Qafqazın inkişafını sürətləndirməyin yollarına dair çox dəyərli fikirlər söylədi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O deyib ki, Azərbaycan Prezidenti öz fikirləri ilə tam səmimi, yəni qalib ölkənin prezidenti kimi yox, siyasəti, iqtisadiyyatı dərindən bilən, bu proseslərin inkişaf təmayüllərini proqnozlaşdırmağı bacaran bir siyasi xadim kimi proseslərə yanaşdı:
“Məsələn, cənab prezidentin regionda kommunikasiyaların inkişafı ilə bağlı söylədikləri tam bugünkü reallıqları əks etdirir. Dövlət başçımız bildirdi ki, kommunikasiyaların açılması və yaxud yenilərinin ərsəyə gətirilməsi sözün əsl mənasında regionun inkişafı üçün lazım olan logistik imkanları son dərəcə artırıb genişləndirəcək. Prezident Zəngəzur-Mehri dəhlizinə də toxundu və bildirdi ki, burada qazanan ölkələr haqqında danışmaq olar, amma itirən ölkələr haqqında danışmaq mümkün deyil. Çünki yeni tranzit yollarının açılması, kommunikasiyanın digər formalarının, vahid elektrik, internet, telefon şəbəkəsinin yenidən qurularaq bərpa edilməsi regionun inkişafına çox böyük təkan verəcək. Azərbaycan Prezidenti bildirdi ki, biz bölgədə bir çox layihələri planlaşdırmışıq və onun maliyyə təminatını da özümüz həyata keçirmişik. Bundan sonra da bu istiqamətdə fəaliyyətimiz davam edəcək, amma bu böyük işə bölgənin digər ölkələri də qoşulsa, bu, bölgənin sürətli iqtisadi inkişfını təmin edən ciddi amilə çevrilə bilər”.
Qabil Hüseynli daha sonra deyib:
“Prezident haqlı olaraq qeyd etdi ki, biz Cənibi Qafqazın potensial imkanlarından hələ də geniş istifadə edə bilmirik. Bunun üçün obyektiv və subyektiv əngəllər var və əgər tezliklə bu əngəllərə aradan qaldıra bilsək – Prezident onu da qeyd etdi ki, mütləq aradan qaldıracağıq – çox da uzaq olmayan bir müddətdə Cənubi Qafqaz sürətlə inkişaf edən regiona çevriləcək. Azərbaycan Prezidenti bu iqtisadi inkişaf zəmninində belə bir kəlmə də işlətdi ki, biz Ermənistanla sərhədlərin demarkasiyasını başa çatdırdıqdan sonra bölgədə daha sabit atmosfer bərqərar olacaq. Biz Ermənistanın ərazi bütövlüyünü tanıdığımız kimi Ermənistan da bizim ərazi bütövlüyümüzü tanıdığını bəyan etməlidir. Bundan sonra bölgədə baş verən hadisələrin sülh yolu tənzimlənməsinin yolları axtarılıb tapılmalı və qısa müddətdə iki ölkə arasında böyük sülh sazişinin imzalanmasına gedilməlidir”.