“Düşünürəm ki, Azərbaycan yeni reallıqların yaranmasında iştirakçı olmalıdır. Yəni bu prosesə rəhbərlik etməlidir, nəinki hansısa bloka üzv olmalıdır. Məsələn, Türkiyə, Azərbaycan, Pakistan, İran, Gürcüstan, Ukrayna, Moldova kimi ölkələrin iştirakı ilə yeni birliyin qurulması ehtimalları da var. Bu yöndə işləmək daha faydalı olar, nəinki NATO və ya KTMT-yə qoşulmaq barədə danışıqlara başlamaq...”
Ağ partiyanın sədri Tural Abbaslının Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- İranlı generalların İrəvana getməsi barədə mətbuatda məlumatlar yayıldı, indi də Xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan və Ermənistana gəlir. Bu səfəri necə izah etmək olar, İranın bu fəallığı nəyə hesablanıb?
- İran regionda aktiv dövlət olmalıdır. İran qarşısına böyük hədəflər qoymuş, imperiya keçmişinə malik bir dövlətdir, yerləşdiyi regionda söz sahibi olmağa çalışır. Buna görə də, istər Ermənistan-Azərbaycan, istərsə də digər münaqişələrə reaksiya verməsi təbiidir. Burada təbii olmayan budur ki, İran regional, strateji müttəfiqlərini seçərkən yanlışlığa yol verir. Yəni Azərbaycan regionda İranın ən strateji, ən həssas yanaşmalı olduğu ölkələrdən biri, bəlkə də birincisidir. İndi deyilə bilər ki, bölgədə Rusiya və Türkiyə də var, onlara da həssas yanaşmaq lazımdır. Hətta deyə bilərəm ki, İran Azərbaycana onlardan da həssas yanaşmalıdır. Çünki bu gün İran əhalisinin 40 faizindən çoxu azərbaycanlılardır. Buna görə də, Azərbaycanın İrana təsir imkanları Rusiya və Türkiyədən daha çoxdur. Amma təəssüf ki, İran nəyə görəsə istər xarici diplomatiyası, istərsə də hərbi siyasəti Azərbaycanı özünə təhlükə kimi görür. Bunu etiraf etməsələr də davranışlarında, açıqlamalarında, bəyanatlarında, atdığı addımlarda bunu büruzə verirlər. Niyəsə Azərbaycandan ehtiyatlandıqlarını hiss etdirirlər və buna görə də bizə rəqib olan bütün dövlətləri dəstəkləməyə hazırdırlar. Baxmayaraq ki, bu ölkə Ermənistandır, xristian ölkədir. Bu ölkə İranın din, qan qardaşlarına qarşı soyqırımı törətmiş, yenə də buna niyyət etmiş bir ölkədir.
İran bu gün də ən yaxşı halda Ermənistanın içində olduğu halda neytral qalır. Təbii ki, bu, qəbuledilməzdir. Bu, Azərbaycanda İrana olan münasibəti mənfiyə doğru dəyişir. İran da bu mənfi münasibəti müsbətə doğru dəyişmək üçün heç bir addım atmır. İndi Zərifin Bakı və İrəvana gəlməsində qeyri-adi heç nə yoxdur. Əsas odur ki, gəlib-gedərkən hansı mesajları verəcək? Bu, önəmlidir. Mən İranın fəallığının yox, onun Azərbaycan əleyhinə ola biləcək addımlarının əleyhinəyəm. İrana da səslənişim budur ki, Azərbaycanla dost və müttəfiqlik siyasəti yürütsün. Əks halda, həmişə Azərbaycandan ehtiyatlanmalı olacaqlar və yəni belə bir məcburiyyətdə qalacaqlar.
- İranın bölgədə gedən son proseslərdə oyunçu kimi yer almaq imkanları nə qədərdir, Rusiya və Türkiyə ona bu yolu aça bilərmi?
- Proseslər çox dəyişkən, geniş və mürəkkəbdir. İndi İranı regional oyunçu kimi qiymətləndirməmək doğru olmazdı. Yaxın Şərqdə gedən proseslərə baxsaq, İranın Suriya, İraq, Livan və Fələstin kimi ölkələrə müdaxilə imkanları gözlə görünəcək dərəcədədir. Düzdür, tarixən Rusiya və Türkiyənin Azərbaycana təsir imkanları daha çox olub, nəinki İranın. Hər halda İran da bölgədə gedən proseslərə təsir imkanları olan ölkədir. İndi görünən budur ki, proseslərdə Rusiya və Türkiyə amili var. İran da oyuna qayıda bilər. Amma bunun üçün İranın Azərbaycan və Türkiyəyə münasibəti müsbətə dəyişməlidir. İran indiki siyasətini davam etdirsə, bölgə və dünyada təklənmiş vəziyyətdə qalacaq. Ən yaxşı halda, Çin və Rusiya ilə müttəfiqlik edəcək. Onlar da uyğun bir məqamda İranı tək qoyacaqlar. Məsələn, illərdir İrana sanksiyalar tətbiq olunur və o, təkbaşınadır. Yəni İran xarici siyasətində dəyişiklik etsə, bu durumu dəyişə bilər.
- Belə bir ehtimal yaranır ki, İranın Qarabağdakı müharibənin yekun nəticələri, ümumiyyətlə proseslərin bu yerə gəlib çatacağı barədə hesablaması dəqiq olmayıb. Rusiyalı ekspertlər də bu haqda fikirlər səsləndirirlər...
- “İran müharibənin nəticələrini doğru hesablaya bilməyib”, “Baş verənləri görə bilməyib” demək sadəlövhlük olardı. Ola bilsin ki, İran seytnot vəziyyətindədir. Uzun illər yürütdüyü yanlış siyasət nəticəsində özünü elə bir duruma salıb ki, istənilən regional prosesdə iştirak etmək İranın indiki rejiminin ziyanınadır. Buna görə də, müharibədə “neytral qalmaq” və əlaltından Ermənistana dəstək vermək strategiyasını seçdilər. Bunun nəticəsində bu münaqişənin həllindən tam kənarda qaldılar. Təbii ki, onların müəyyən təsir imkanları var, amma bu prosesdə İran faktoru yoxdur. Amma onu deyə bilmərək ki, prosesi əvvəlcədən doğru dəyərləndirə bilməyiblər. Sadəcə olaraq, uzun illər yürütdükləri yanlış xarici siyasətə görə heç nə edə bilmədilər. Yəni burada İranı pis vəziyyətə özü saldı.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələcəyi bildirildi. Bu səfərin bizim üçün önəmi nədir, bu gəliş özündə hansı mesajları ehtiva edir?
- Türkiyənin Azərbaycanın ictimai-siyasi, hərbi və digər sahələrindəki rolu danılmazdır. Türkiyə kimi bölgəyə təsir imkanları olan və geosiyasi güc kimi ön plana çıxan bir ölkənin liderinin Azərbaycana səfərini “sıradan bir səfər” adlandıra bilmərik. Bu səfərin özü istər Rusiya, istər İran, istər ABŞ, istərsə də Avropaya bir mesajdır ki, Azərbaycan tək deyil, proseslərin bu mərhələsində də biz onun yanındayıq, ən yüksək, hətta prezident səviyyəsində də buranı ziyarət edəcək qədər bir-birimizə yaxınıq, ehtimal olunan təzyiqlərə qarşı onun yanındayıq və s. Bunlar ən sadə şəkildə verilən mesajlardır. Digər mesajlar da istər Azərbaycan, istərsə də Türkiyə liderinin çıxışlarında daha aydın görünəcək.
Ərdoğanın Azərbaycana gələcəyi, Şuşaya gedəcəyi öncədən də deyilmişdi. MHP-nin maliyyə dəstəyi ilə Şuşada bir məktəbin açılması məsələsi var. Ola bilsin ki, bu səfər çərçivəsində həmin məktəbin təməli atılsın, burada da Azərbaycan və Türkiyə liderləri ilə yanaşı, Dövlət Bağçalı da iştirak etsin. İstənilən halda belə səfərlər Azərbaycanın maraqlarına uyğundur və onun üçün lazımlıdır. Rusiya kimi ölkələrdən hərdən təhdidlər verilir, buna görə də, bu səfər onlara cavabın verilməsi baxımından da önəmlidir.
- Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, KTMT-nin qapıları Azərbaycan üçün açıq olmalıdır. Bu bloka qoşulmağın məqamı yetişibmi, Bakının bunun üçün şərtləri nə ola bilər və ya nədir, ümumiyyətlə, ora qatılmaq lazımdırmı?
- Düşünmürəm ki, Azərbaycan KTMT-yə qoşulmalıdır və ya qatıla bilər. Savaşdan əvvəl də Qarabağın azad olunması prosesində bizim yanımızda olacaq istənilən hərbi-siyasi bloka qoşulmağın tərəfdarı idim. Fərqi yoxdur – bu NATO-dur və ya KTMT. Artıq demək olar ki, bu məsələ həll olunub və Azərbaycan nə KTMT-yə, nə də NATO-ya qoşulmaq kimi bir məcburiyyəti qalıb. Əlbəttə, Azərbaycanın təhlükəsizliyi məsələsi var. Hesab edirəm ki, bu məsələ yeni yaradılacaq hərbi-siyasi birliklə mümkün ola bilər. Bunun qurucularından birinin Azərbaycan olması mümkündür.
Bir çox məsələlər var ki, bunlara münasibətdə KTMT-yə daxil olan ölkələrin bir çoxunun mövqeyi üst-üstə düşmür. Qarabağa münasibətdə də bunu görürük. Qarabağa münasibətdə KTMT iki yerə bölünür. Məsələn, KTMT Ermənistanın son müraciətlərinə baxmadı. Yəni belə bir effekti olmayan birliyə üzv olmağın mənası yoxdur.
Düşünürəm ki, Azərbaycan yeni reallıqların yaranmasında iştirakçı olmalıdır. Yəni bu prosesə rəhbərlik etməlidir, nəinki hansısa bloka üzv olmalıdır. Məsələn, Türkiyə, Azərbaycan, Pakistan, İran, Gürcüstan, Ukrayna, Moldova kimi ölkələrin iştirakı ilə yeni birliyin qurulması ehtimalları da var. Bu yöndə işləmək daha faydalı olar, nəinki NATO və ya KTMT-yə qoşulmaq barədə danışıqlara başlamaq...