26 May 2021 09:14
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Ermənistan seçkilərində kiminsə qalib gəlib-gəlməməsini gözləməmliyik, sadəcə, öz siyasətimizi həyata keçirməliyik. İndiki halda verdiyimiz qərarlar doğrudur, addım-addım irəli gedirik. Azərbaycan Ermənistanı o vaxta qədər və o həddə təsir, təzyiq altında saxlamalıdır ki, İrəvanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, sülh müqaviləsini imzalamağa məcbur qalsın, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına maneə yaratmasın”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistanda erkən parlament seçkiləri yaxınlaşır. Son mitinqində sabiq prezident Robert Köçəryan meydanda müyyən kütləvilik yarada bildi. Bu, ona əsas rəqibi - Baş nazir Nikol Paşinyanı məğlub etməyə bəs edəcəkmi?

- Ermənistandakı siyasi qüvvələrin əksəriyyəti seçkilərdə ayrı-ayrılıqda iştirak edəcəklər. Yəni qüvvələr arasında pərakəndəlik var. Erməni müxalifətində təmərküzləşmə prosesi yoxdur. Sabiq prezidentlər seçkilərə ayrı-ayrı bloklarda gedirlər. Rusiyada yaşayan iş adamı Ara Abramyan da prosesə qatılacaq. Şübhəsiz ki, əsas mübarizə Paşinyan və Rusiyanın önə çəkdiyi namizəd arasında gedəcək.

Seçkilər yeni elan olunan dövrdə Köçəryanın cəmiyyətdəki reytinqi 2 faiz idi, bu, indi bir qədər artıb. Təxminən 6-7 faizə qalxıb. Paşinyana səs verənlərin sayı isə təxminən 26-30 faizdir. Bütün hallarda qüvvələrin pərakəndəliyini nəzərə alaraq deyə bilərəm ki, səslər bölünəcək.

Köçəryana gəldikdə, Ermənistan cəmiyyətində ona böyük dəstək yoxdur. Amma Rusiyanın adamı kimi qəbul olunur. Bu səbəbdən Rusiya daha çox ona üstünlük verir. Rusiyada yaşayan Ara Abramyan da bir variantdır. Amma o, siyasəti yaxşı bilən şəxs deyil. Bununla belə, müharibə dövründə Ermənistan üçün xeyli pul xərcləmişdi. Levon Ter-Petrosyan isə Qarabağdakı məğlubiyyətə görə həm Paşinyanı, həm Köçəryanı, həm də ordunu günahlandırır.

Fakt budur ki, əksəriyyəti yenə də revanşist əhval-ruhiyyədə çıxış edirlər, cəmiyyəti Azərbaycana qarşı qızışdırırlar. Görünən budur ki, bu adamların təfəkkürü və mahiyyəti hələ də dəyişməyib. Hakimiyyətə gəlmək istəyən həmin qüvvələr nə öz ölkələrinə, nə Azərbaycana, nə də bölgənin digər dövlətlərinə müsbət nəsə vəd edirlər.

Onlarla müqayisədə canında reallığı müəyyən qədər hiss edən Paşinyandır. Onun qalib gələcəyi, rəqiblərindən çox səs alacağı gözlənilir.

- Hadisələri qabaqlasaq, Paşinyanın seçilmədiyini ehtimal etsək, bu, Qarabağla bağlı üçtərəfli anlaşmalara hansı təsirləri göstərə bilər?

- Mənfi təsir göstərə bilər. Biz Ermənistan seçkilərində kiminsə qalib gəlib-gəlməməsini gözləməmliyik, sadəcə, öz siyasətimizi həyata keçirməliyik. İndiki halda verdiyimiz qərarlar doğrudur, addım-addım irəli gedirik. Azərbaycan Ermənistanı o vaxta qədər və o həddə təsir, təzyiq altında saxlamalıdır ki, İrəvanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, sülh müqaviləsini imzalamağa məcbur qalsın, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına maneə yaratmasın.

İlanın ağına da lənət, qarasına da. Yəni Ermənistan hakimiyyətində kimin olmasına baxmayaraq, bizim xəttimiz sabit olmalıdır. İndi Azərbaycan ordusunun addım-addım irəliləməsi bizim üçün daha əlverişli şərait yaradır.

- Azərbaycan və Ermənistan arasında yeni sənədlərin imzalanacağı iddia olunur. Paşinyan da bir neçə gün əvvəl belə bir açıqlama verdi. Sizcə, yeni sənəddə hansı məsələlərin yer alması mümkündür?

- Söhbət sərhəd məsələlərindən gedirsə, bu yöndə Ermənistan tərəfindən süni şəkildə yaradılan maneələr var. Hər şey proseslərin gedişatından asılı olacaq. Ermənilər sovet dönəmindən müəyyən edilmiş sərhədləri qəbul etmirlər. Çünki həmin sərhədləri qəbul etsələr, Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdırlar. Ermənilər bunları qəbul etmədikləri üçün məsələni Azərbaycan ordusu həll edir, təsdiqlənmiş xəritələr üzrə hərəkət edir.

Azərbaycanda cümhuriyyət, indiki Ermənistanda müstəqil dövlət qurulanda ermənilərin sahib olduqları ərazilər cəmi 9 min kvadrat kilometr idi. Qalan ərazilər – Zəngəzur, Göyçə və digər torpaqlar Azərbaycana məxsusdu. İndi də ermənilər prosesi pozmaq üçün təxribatlara əl atırlar.

Öz sərhədlərini müəyyənləşdirən Azərbaycana kənardan, xüsusən də Avropadan təzyiqlər var. Burada xristian təəssübkeşliyi açıq şəkildə görünür. Buna baxmayaraq, biz qərarlı şəkildə problemin üstünə getməliyik. Əgər Fransa ermənilər üçün döyüşmək istəyirsə, gəlsin. Halbuki kimsə Ermənistan üçün döyüşməyəcək. Onun ordusu da, cəmiyyəti də, siyasəti də darmadağın olub. Ermənistan bir dövlət olaraq çökür.

Ermənistan həmişə bu bölgədə bir layihə olub. İlk dəfədir bu layihə uğursuz alınıb. Bu layihə ilə də məqsədləri bəlli idi: Qarabağ və ətrafını işğal edib Azərbaycanda “yeni erməni dövləti” yaratmaq, bundan sonra Cavaxetiya (Gürcüstan) və Türkiyəyə qarşı işğalçı addım atmaq.

Bu layihə özünü doğrultmadı. Buna görə də, düşünürəm ki, biz geri çəkilməməliyik, hücum mövqeyində dayanmalıyıq. Hazırda atdığımız addımlar ən doğrusudur.

- Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılması yenidən gündəmdədir. Bu yöndə gözləntiniz nədir?

- Bismark deyirdi ki, yeri gələndə məsələni məhkəmə ilə yox, qanla həll etmək lazımdır. Biz niyə Paşinyana deməliyik ki, sən bu kəndləri qaytar? Paşinyan kimdir?! Qazaxın və Naxçıvanın o kəndlərini Azərbaycan ordusu qaytarmalıdır. Qalib tərəf bizik, indiyədək ərazilərimiz işğal altındaydı, amma indi azad etmişik və bu proses davam edir.

Biz kimsəyə baxmadan Kərki və Qazaxın 7 kəndini ordumuzun gücünə azad etməliyik. Qazaxın həmin kəndləri strateji mövqedə yerləşir. Gürcüstandan Ermənistana gedən yolun üstündədir.

“Dünya bizə nə deyər?” kimi təslimçi fikirlərdən uzaq olmalıyıq. Qarabağı azad edəndə dünya nə demişdisə, Qazaxın kəndlərini qaytaranda da onu deyəcək. İndi Qaragöl ətrafında, Kəlbəcər-Göyçə istiqamətindəki bir sıra ərazilərimizi də azad etdik, digər məsələlər də həllini tapacaq.

Biz ermənilərin nazı ilə oynamamalıyıq, şərti biz qoyuruq, məğlublar yox. Azərbaycan cəmiyyəti də bu məsələlərdə yekdil olmalıdır. Biz əlimizə düşən tarixi şansdan istifadə etməliyik. Kimin nə deməsindən asılı olmayaraq, Qazaxın 7, Naxçıvanın 1 kəndi azad olunacaq. Vaxt gələcək, ermənilər Azərbaycanın tərkibində muxtariyyət almaq üçün bizə yalvaracaqlar.

- Bu ərəfədə İran Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakı və İrəvana səfəri də diqqət çəkir. İran nə istəyir?

- İran həm Azərbaycanın, həm də Ermənistanın qonşusudur. Əlbəttə, biz İranla münasibətlərimizin yaxşı olmasının tərəfdarıq. İranın özü vəziyyəti gərginləşdirir, ermənilərə qahmar çıxır, müəyyən iddialar irəli sürür.

Azərbaycanın İranla heç bir problemi yoxdur. Üstəgəl, İranda yaşayanların əksəriyyəti bizim soydaşlarımızdır. İran özünü islam ölkəsi sayır və müsəlmanların tərəfini tutur. Amma bu illər ərzində Azərbaycana qarşı ermənilərə dəstək verib. İran həmişə Qarabağ münaqişəsində bizi kürəyimizdən vurub. Buna baxmayaraq, biz İranla münasibətlərin normal olmasını, ən azı neytral mövqedə durmasını istəyirik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər