25 May 2021 18:00
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan nəinki bölgədə, həm də qlobal miqyasda öz mövqeyi olan bir dövlət kimi səciyyələnir. Ölkəmizin regional və beynəlxalq səviyyədə atdığı mühüm addımlar, təşəbbüsü olduğu layihələr hər zaman diqqət mərkəzindədir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan qlobal müstəvidə bir sıra layihələrin müəllifi və təşəbbüskarıdır. Bütün bu addımlar isə düşünülmüş, məntiqli siyasətə, siyasi iradəyə əsaslanır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, məhz 28 May Respublika Günü münasibəti ilə dövlət başçıları tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktublarında ölkəmizin inkişafı, qlobal və regional müstəvidə həyata keçirdiyi siyasət xüsusi olaraq vurğulanır: “Dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərlərinin dövlət başçısına ünvanladığı təbrik məkubları qarşılıqlı münasibətlərə əsaslanır. Eyni zamanda Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin bir sıra mühüm layihələrdə tərəfdaşlıq mövqeyindən çıxış etməyə hazır olduqları da açıq ifadə olunur. Bütün bunlar Azərbaycan Prezidentinin dünyada artan nüfuzundan, ölkəmizin iqtisadi, siyasi gücündən xəbər verir”.

Deputat söyləyib ki, Prezidentin fəaliyyətinə verilən yüksək qiymət, habelə Azərbaycanın dünyada nüfuzu xüsusi əhəmiyyət kəsb edir: “Ölkəmizin beynəlxalq münasibətlərdə önəmli rolu daha da güclənir. Qlobal iqtisadi və humanitar layihələrdə Azərbaycan liderlik edir”.

Cavid Osmanov hesab edir ki, ölkə başçısına ünvanlanan təbrik məktublarının mahiyyətində önə çəkilən məsələlər xüsusi ilə diqqəti cəlb edir: “Dünya ölkələri təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Xüsusən də ABŞ prezidenti Co Baydenin cənab Prezidentə ünvanladığı təbrik məktubunda ötən il Cənub Qaz Dəhlizinin işə salınması, Türkmənistanla Xəzər dənizində birgə fəaliyyətə dair Anlaşma Memorandumunun imzalanması məsələləri önə çəkilib.

Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb. Həmçinin Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstək də açıq ifadə olunub. Bütün bunlar Azərbaycanın artan nüfuzundan, ölkəmizin II Qarabağ müharibəsindən sonra əldə etdiyi üstünlüklərdən xəbər verir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün beynəlxalq müstəvidə aparıcı dövlət kimi öz hüquqlarını və ərazi bütövlüyünü bərpa edib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər