27 May 2021 09:14
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, parlamentə Şuşanın xüsusi statusu ilə bağlı qanun layihəsi təqdim edilib. Azərbaycanın mədəniyyət paytaxtı ilə bağlı yeni qanun layihəsində hansı məsələlər əks olunub?

- Şuşa cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Mədəniyyət paytaxtı elan olundu. Bunun ardınca Milli Məclisə Şuşanın Dövlət Qoruğuna çevrilməsi ilə bağlı qanun layihəsi təqdim edilib. Bu, Şuşaya olan münasibətdən, mədəniyyət paytaxtının mühüm əhəmiyyətindən xəbər verir. Şuşada bu prinsiplərin tətbiqi xalqımızın ən ümdə arzularından biridir. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Şuşa ilə bağlı dəfələrlə dilə gətirdiyi möhtəşəm fikirlər var. Bu ideyalar bu gün cənab Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. Şuşa müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin sayəsində erməni işğalından azad edildi. Artıq bu tarixi şəhərdə bərpa işlərinə start verilib. Bu gün Şuşa dirçəldilir. 30 ildən sonra Şuşada möhtəşəm Xarıbülbül festivalı keçirildi. Bu, mühüm tarixi, əlamətdar bir hadisə idi. Şuşanın mədəniyyət paytaxtı kimi şöhrəti artıq özünə qayıdır. Bu mənada Şuşada Dövlət Qoruğu statusu ilə bağlı qanun layihəsinin parlamentə təqdim olunmasının mühüm və prinsipial önəmi var. Dünyada belə statusa malik bir neçə şəhər və məkan mövcuddur. Çünki bir neçə belə tarixi yerin xüsusi statusu var. Məhz Şuşa ilə bağlı təqdim edilən qanun layihəsində də bütün məsələlər öz əksini tapıb.

- Qanun layihəsində Şuşanın idarə olunması qaydaları hansı formada təsbit edilib?

- Layihədə Şuşanın gələcəyi, inkişafı, statusu, idarə olunması məsələləri xüsusi müddəalarla təsbit olunub. Qanun qəbul edildikdən sonra qarşıya çıxan məsələlər ardıcılıqla həll ediləcək. Müəyyən qərarlar, təlimatlar formasında qarşıya qoyulan bütün hədəflərə nail olunacaq.

- Parlamentarilərin Şuşa ilə bağlı təklifləri daha çox hansı istiqamətləri əhatə etdi?

- Parlamentdə bununla bağlı millət vəkilləri tərəfindən müəyyən təkliflər səsləndirildi. İdarəetmədə beynəlxalq təcrübədən də yararlanacağıq. Əsas idarəetmənin Azərbaycan qanunları formasında bir modeli seçiləcək. Azərbaycanda bununla bağlı bir nümunə mövcuddur. İçərişəhər Dövlət Qoruğunun idarə edilməsi ilə bağlı təcrübəyə istinad edilməsi də mümkündür. Məhdud dairədə olsa da istinad nöqtəsi var. Şuşada isə bir qədər geniş məkanda bu idarəçilik tətbiq olunacaq. Burada əhalinin yaşayışı, inkişafı və bir çox məsələlər öz əksini tapacaq. Təminat, iş yerləri məsələləri də qanun layihəsində təsbit olunub. Şuşa bir rayondur. Sovetlər dönəmində Şuşanın rayon mərkəzi kimi deyil, respublika tabeli bir şəhər statusa malik olması təklif edilirdi. Bu məsələlərin də yenidən gündəmə gəlməsi mümkündür.

- Yeni qanun layihəsi ilə Şuşa Dövlət Qoruğu statusunun mahiyyəti müəyyənləşəcək. Şəhərin giriş-çıxış və infrastruktur imkanları necə təmin olunacaq?

- Şuşa şəhəri Dövlət Qoruğu elan olunur. Şəhərə belə bir xüsusi status verilirsə qarşıya çıxan məsələlərin bir çoxu da sonrakı proseslərdə həll olunacaq. Şuşada artıq cənab Prezidentin rəhbərliyi altında nəzərdə tutulan bütün proqramlar arıdıcıl şəkildə icra edilir.

- Şuşada geniş turizm imkanlarının yaradılması istiqamətində hansı proqramların icrası nəzərdə tutulur?

- Şuşada turizmin inkişafının mühüm tarixi var. Sovet dönəmindən öncə də Şuşaya Avropadan, Şərq ölkələrindən çoxsaylı qonaqlar, turistlər gəlib. Bu şəhər haqqında çoxlu yazılar, informasiyalar yayılıb. Şuşanın təbiəti, onun coğrafi mövqeyi haqqında yetərincə məlumatlar əks olunub. Sovet dövründə bəlkə də bu imperiyanın bütün ərazisindən Şuşaya istirahətə, sanatoriyalara gələnlər olurdu. Buranın havası, şəraiti, iqlimi turizmin də bu şəhərdə daha geniş sferada inkişafına imkan verir. Bu məsələr də yeni qanun layihəsində öz əksini tapıb. Şuşa elə bir görkəmə sahib olacaq ki, o, öz cəlbediciliyi ilə dünyada, turizmin, tarixi və dini dəyərlərin təcəssüməsi kimi xüsusi bir diqqətə malik olacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər