26 May 2021 19:35
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu ardıcıl olaraq artmaqdadır. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan Prezidenti Cənubi Qafqaz kimi mürəkkəb və çətin regionda ümumi maraqlara xidmət edən unikal tərəfdaşlıq platformaları yarada bilib. Bu isə olkəmizin strateji məsələlərdə rolunu daha da artırır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, diqqət etsək görəcəyik ki, artıq uzun illərdir həyata keçirilən enerji layihələri Qərbin enerji təhlükəsizliyi üçün mühüm strateji alternativə çevrilib. Buna paralel olaraq yeni nəqliyyat kommunikasiyaları yaradılıb, Böyük İpək yolunun orta dəhlizi üçün Bakı-Tbilisi-Qars dəmiryolunun timsalında əlverişli və təhlükəsiz nəqliyyat rabitəsi təmin edilib:

“Cənub Qaz Dəhlizi ayrıca tarixi hadisə olmaqla XXI əsrin müqaviləsi hesab edilir. Bütün bunlar yalnız enerji sahəsində Azərbaycanın yaratdığı strateji reallıqlardır. Bundan başqa ölkəmiz bir sıra beynəlxalq təşkilatlarda təmsil olunmaq və onlara rəhbərlik etmək təcrübəsində də yeni reallıqlar yaratmağı, təşəbbüskar olmağı bacarıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata rəhbərlik edərkən beynəlxalq hüququn təmin edilməsi, dövlətlərin ərazi bütövlüyünün qorunması, aqressiya və təcavüzün qarşısının alınması kimi mühüm təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının rəhbəri kimi pandemiya başlayandan bəri çoxsaylı tədbirlər həyata keçirib, hətta mövzu ilə bağlı BMT Baş Asambleyasının xüsusi iclasının keçirilməsinə nail olub. İnklüzivlik, bərabərlik, COVID-19-a qarşı birgə mübarizə üçün ortaq resursların səfərbər edilməsinin təşkili istiqamətində mühüm addımlar atıb. Eyni zamanda ikitərəfli münasibətlərdə ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla nümunəvi tərəfdaşlıq platformaları yaradıb. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin daim diqqət mərkəzində olması və təqdir edilməsini şərtləndirib. Ona görə də 28 May Respublika günü münasibətilə Azərbaycan Prezidentinin ünvanına gələn təbrik məktublarının məzmununda bu strateji məsələlər və onların öz həllini tapmasında Prezident İlham Əliyevin rolu xüsusilə vurğulanır. Bu isə xalqımız və dövlətimiz adına hər birimizdə qürur hissi yaradır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər