“Ötən ilin əvvəlindən başlayaraq Azərbaycan iqtisadiyyatı gözlənilməz hadisə ilə üzləşib. Bu, Ümumi Daxili Məhsulun azalmasına təsir göstərib. 2020-ci il iqtisadi baxımdan bütün ölkələr üçün ağır olub”.
Teleqraf.com xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, ötən il pandemiya şəraiti dünya ölkələrinin iqtisadiyyatına mənfi təsir edib:
"Nəticədə iqtisadi fəallıqda həm keyfiyyət, həm də kəmiyyət nöqteyi-nəzərindən azalmalar müşahidə olunub. Pandemiyaya, 44 günlük müharibəyə, qlobal böhrana və neft qiymətlərinin, neftə tələbatın kəskin aşağı düşməsinə baxmayaraq Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də apardığı uzaqgörən siyasət və atdığı çevik addımlar nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanıb, dövrün çağırışlarına operativ şəkildə adekvat reaksiya verilib. Operativ tədbirlər sayəsində ölkəmiz 2020-ci ildən mətinliklə çıxıb, iqtisadiyyatda dərin tənəzzülün qarşısı alınıb, manatın sabitliyi qorunub, hətta bir sıra sahələrdə irəliləyiş əldə edilib. COVID-19-la mübarizəyə 1 milyard 970 milyon vəsait ayrılıb ki, bunun da 613 milyonunu səhiyyə xərcləri təşkil edib.
Eyni zamanda tikinti sahəsinə dəstək vermək məqsədilə ipoteka sahəsinə 90 milyon manat əlavə vəsait ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna 505 milyon manat vəsait ayrılıb.
Azərbaycan koronavirusla mübarizədə beynəlxalq tədbirlərdə fəal iştirak edib. Prezidentin tapşırığı ilə beynəlxalq təşkilatlara və ölkələrə dəstək məqsədilə 39 milyon manat xərclənib".
Maliyyə naziri Samir Şərifov əlavə edib ki, 2020-ci ildə təhsil sahəsinə 300 milyon manatdan çox vəsait ayrılıb:
"Bir tələbəyə düşən təhsil xərci 2019-cu illə müqayisədə 2 258 manata çatdırılıb. Hazırda dövlət hesabına təhsil alan tələbələrin sayı 91 368 nəfərdir.
2020-ci ildə Azərbaycan hökuməti məcburi köçkünlərin sosial müdafiəsinə 763 milyon manat vəsait ayırıb.
İnvestisiya proqramları isə 800 milyon manat təşkil edib. Həmçinin 2020-ci ildə QHT-lərə və müxtəlif yaradıcılıq birliklərinə 104 milyon, siyasi partiyalara 4 milyon, bələdiyyələrə 7,7 milyon manat ayrılıb".