28 May 2021 09:05
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Musa müəllim, Şuşa ilə bağlı qanun layihəsi parlamentin müzakirəsindədir. Qədim mədəniyyət beşiyinin bundan sonrakı həyatında baş verəcək dəyişikliklərin mahiyyətini necə izah etmək olar?

- Şuşa ilə bağlı parlamentə daxil olmuş qanun layihəsi çox konseptualdır. Bu, Azərbaycan parlamentarizm tarixində ən gərəkli qanunlardan biri olacaq. Qanunun qəbul olunması ilə Şuşa şəhərinin yenidən qurulması, qorunması, idarə olunması, məskunlaşma ilə bağlı məsələlər öz əksini tapacaq. Bu şəhərin Azərbaycanın mədəniyyət incisi kimi dünyaya təqdim olunmasının hüquqi əsasları yaranır. Bununla Şuşa qoruq şəhəri elan olunur. Qoruq şəhərə aid olan, xüsusən də ekologiyanın, tarixi abidələrin qorunması təmin ediləcək. Eyni zamanda şəhərin xüsusi bir ab-havasının yaranması mümkün olacaq. Bu məsələlər Şuşa ilə bağlı təqdim olunan qanun layihəsinin müxtəlif maddələrində öz əksini tapıb. Şuşanın tüstüsüz bir şəhərə çevrilməsi təmin olunacaq. Avtomobil nəqliyyatının minimuma endirilməsi elektromobil nəqliyyat sistemlərindən istifadə edilməsi imkanları yaradılacaq. Şuşanın sanatorita-kurort imkanlarının yaradılması da nəzərdə tutulub. Bununla yanaşı turizm imkanlarının artırılması da mümkün olacaq. Burada müxtəlif festivalların, görüşlərin, beynəlxalq tədbirlərin, sərgilərin keçirilməsi də reallaşacaq. Bütün bunlar Şuşanın tarixiliyini özündə əks etdirən konsepsiyasını müəyyənləşdirmək üçün çox vacibdir. Belə bir qanunun qəbul olunması bunun əsasında Şuşa şəhərinin yenidən qurulması Azərbycanın xoş niyyətini göstərir. Bu torpaqların əsl sahibinin kim olduğunu da bir daha nümayiş etdirir. Dünyaya bir daha mesaj verilir ki, Azərbaycan quruculuğun, dinc birgəyaşayışın, sülhün, əmin-amanlığın və asayişin tərəfdarı olan bir dövlətdir. Bu da Azərbaycanın xoş niyyətindən xəbər verir. Şuşanın Azərbaycan torpağı, ərazisi, milli şəhərimiz olduğu vurğulanır. Bu əsasda da bu şəhərin qorunmasının hüquqi bazası yaranmış olur. Bütövülükdə Şuşa ilə bağlı qanun olduqca əhəmiyyətlidir. Parlamentdə bu qanun layihəsinə böyük maraq və dəstək var. Qısa müddətdə bu mühüm qanun layihəsinin qəbul olunacağı mümkün olacaq.

- Şuşada tətbiq ediləcək yanaşmanı yeni idarəetmə forması adlandırmaq mümkündürmü?

- Qoruq şəhərin idarə olunması fərqli olacaq. Burada istənilən bir müəssisənin açılması da mümkün olmayacaq. Ekologiya, tarixi abidələrin qorunması və şəhər mühitinin xüsusən də qoruq şəhərə aid uyğun olub-olmamasına ciddi fikir veriləcək. Şuşanın idarə olunmasında xüsusi rejim mövcud olacaq. Şəhər mühitinin qorunması, eyni zamanda inkişafı, yaşaması, dinamizmi üçün də mühüm addımlar atılacaq. Şuşada ASAN Xidmət mərkəzləri kimi qurumlar fəaliyyət göstərəcək. Eyni zamanda müəyyən inzibati qurumlar da mövcud olacaq. Hansısa bir icra hakimiyyəti orqanının Şuşada gəlib yerli obyektini açması mümkün olmayacaq. Eyni zamanda sahibkarlıq subyektləri də istədikləri vaxt obyekt yarada bilməyəcəklər.

- Şuşanın yeni dönəm üçün dünyanın mədəni, siyasi mərkəzə çevrilməsi gözlənilirmi?

- Şuşanın dünyanın bir siyasi mərkəzinə çevrilməsini heç arzulamıram. O fikirdə də deyiləm. Heç dünyanın mədəniyyət mərkəzinə çevrilməsini də istəmirəm. Şuşa əslində Azərbaycanın dünyaya bir vizit kartı olmalıdır. Şuşa Azərbaycan xalqının mədəniyyətini, məişətini, tarixini, intellektual potensialını, qalibiyyətini dünyaya göstərən bir güzgü olmalıdır. Şuşa ərazi cəhətdən o qədər də böyük bir şəhər deyil ki, buranın bir mədəniyyət mərkəzinə çevrilməsi iddiasına düşək. Amma hər halda Şuşa dünyaya yeni yeni mədəniyyət töhfələrini də verəcək. Məqsəd odur ki, Şuşanı özümüzün vizit kartımız kimi dünyaya təqdim etmək istəyirik. Şuşa Azərbaycanın istər tarixi, istərsə də paytaxt şəhərləri sırasında hər bir azərbaycanlının qəlbində xüsusi bir yeri var. Şuşa bizim ruhumuzun paytaxtı, mərkəzidir. Bu mənada hesab edirəm ki, Şuşa elə bu şəkildə qalmalı və gələcək nəsillərə təqdim olunmalıdır.

- Fasiləsiz turizm xidmətləri üçün Şuşanın imkanlarını necə qiymətləndirirsiniz?

- Bəli, Şuşa fasiləsiz turizm imkanları üçün tamamilə uyğun bir şəhərdir. Belə bir xidmət üçün Şuşa olduqca yararlıdır. Çünki turizm təkcə bir gəzinti demək deyil. Səhiyyə, mədəniyyət, psixoloji, müalicəvi turizm imkanları mövcuddur. Eyni zamanda Şuşa yay və qış turizmi üçün də olduqca uyğun bir şəhərdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər