Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim təqdim edirik:
- Fəzail müəllim, Zəngəzur və sərhəd məsələləri ilə bağlı Ermənistan tərəfindən əsassız fikirlər tirajlanır. Bu yanaşmaların prosesin gedişinə hər hansı bir mənfi təsiri mümkündürmü?
- Hazırda Nikol Paşinyanın səsləndirdiyi fikirlər, əsassız iddialar Ermənistandakı qarşıda gələn seçkilərə hədəflənib. Ona görə də Paşinyan öz nüfuzunu bərpa etmək üçün dəridən-qabıqdan çıxır. 44 günlük müharibədə kapitulyasiyaya imza atmış şəxs kimi maksimum dərəcədə məsuliyyəti özündən əvvəlkilərin üstünə atmağa çalışır. Onun əsas məqsədi məğlubiyyətdə heç bir günahının olmadığını erməni cəmiyyətinə əsaslı şəkildə inandırmaqdır. Çünki hazırda Ermənistan siyasi sferasında Paşinyanın kifayət qədər sayda rəqibləri mövcuddur. Rəqibləri də hazırkı baş nazir vəzifələrini icra edən şəxsin buraxdığı səhvlərdən ona qarşı məharətlə istifadə edir. Bir çox hallarda buna nail olurlar. Bu səbəbdən də, Zəngəzur dəhlizi ilə bağlı anlayışı Paşinyanın ifadə etməsini gözləmək sadəlövlük olar. O, bu ifadəni işlətməklə rəqiblərinə əlavə fürsət vermiş olar. Çünki ona qarşı erməni cəmiyyətində və siyasi sferasında çox sayda fikirlər var. Onu bir çox hallarda Türkiyə və Azərbaycanın casusu kimi də qələmə verirlər. Məhz bu səbəbdən də Paşinyan Zəngəzurla bağlı məsələlərdə bir qədər ehtiyatlı davranmağa çalışır. Amma o, əldə olunmuş razılaşmadan imtina etmək kimi bir cəsarət sahibi deyil. Rusiya prezidenti Vladimir Putinin vurğuladığı kimi bu, Ermənistan üçün özünə qəsd ola bilər. Bu baxımdan kommunikasiyaların açılması 10 noyabr razılaşmasında xüsusi bir bəndlə ifadə olunub.
Kommunikasiyaların açılması tək Azərbaycanın deyil, Rusiyanın da çox ciddi strateji maraqlarına uyğun gəlir. Bu mənada kommunikasiyaların açılması birmənalıdır. Paşinyan da buna hər hansı bir şəkildə mane ola bilməyəcək. Bu əlaqələrin qurulması isə ancaq tarixi Zəngəzur ərazisində mümkün olacaq. Kommunikasiyaların açılması tək hava məkanları üzrə trayektoriyaların bərpası kimi qəbul edilməli deyil. İlk növbədə dəmir və avtomobil yolu xəttlərinin bərpası ilə bu kommunikasiyalar bərpa edilə bilər. Bu da tarixi Azərbaycan torpağı olan Zəngəzur dəhlizindən, Mehridən keçəcək. Paşinyan Zəngəzur dəhlizi ifadəsini işlətməsə də dolayası ilə kommunikasiyaların açılmasını etiraf edib. Bu, Ermənistan üçün yeni imkanlar açır. Bununla Ermənistan blokadadan çıxır. O, İran, Rusiya və digər ölkələrlə rahat, ucuz nəqliyyat dəhlizi əldə edir. Qaragöllə bağlı da Paşinyanın davranışları məhz qarşıdan gələn seçkiyə hesablanıb. O da bilir ki, o ərazilər xəritələrlə Azərbaycana aiddir.
- Fransanın bu məsələlərə yanaşmasını, "lazım gəlsə ordu göndərərik" kimi ritorikasına bölgə dövlətlərinin reaksiyasını necə şərh etmək olar?
- Fransa və onun prezidenti Emmanuel Makron ermənilərə məxsus riyakar, ikiüzlü bir mövqe sərgiləyir. Paşinyan da sərhəd məsələsində KTMT-yə və digər ölkələrə təcili zənglər edir. Əslində isə hər kəs bilir ki, Ermənistanın dövlət sərhədlərini Rusiya sərhəd xidməti qoruyur. Paşinyan Makrondan yardım istəməklə əslində Rusiyaya açıq şəkildə xəyanət etmiş oldu. ABŞ və Fransanın heç bir halda Cənubi Qafqazda təkbaşına oynayacağı rol qəbul edilmir. Bu dövlətlər çalışır ki, Minsk Qrupunun həmsədri kimi özlərini proseslərə daxil etsinlər. Bu isə Rusiyanın maraqlarına tamamilə zidd bir anlayışdır. Ona görə də, Rusiya tərəfindən Ermənistanın sərhəd məsələsində qaldırmış olduğu əsassız iddialara da sərt reaksiya verildi.
- Ermənistanda 20 iyunda keçiriləcək seçkilərdə Qərb və Rusiya tandemi gündəmdədir. Hansı tərəfin mövqeyi daha üstün görünür?
- Ermənistanda iki mühüm güc ciddi mübarizənin içindədir. Qərb Paşinyanın qələbəsində maraqlıdır. Bunun üçün Qərb tərəfindən nə mümkündürsə edilməyə cəhdlər var. Rusiya isə daha ehtiyyatlı davranaraq Paşinyanla da münasibətləri tamamilə kəsmək istəmir. Rusiya çox yaxşı bilir ki, Paşinyan Qərbin bir layihəsidir. Onun əli ilə Qərb Cənubi Qafqazda özünə dayaq qurmağa çalışır. Rusiya bu baxımdan alt qatlarda Paşinyana alternativ qüvvə olan Robert Köçəryanın da hakimiyyətə gəlməsində maraqlı görünür. Sabiq prezident Ter-Petrosyan isə hələlik orta mövqedədir. Onun nə Qərb, nə də Rusiya ilə güclü bağlantıları mövcud deyil. Məhz bu səbəbdən də ona elə bir güzəşt yoxdur. Seçkidə isə Paşinyanla Köçəryanın açıq yarışı gözlənilir. Paşinyan isə rəqibi qarşısında şansı bir qədər üstündür. Qərbin onu dəstəkləməsindən başqa yerli ermənilərin “Qarabağ klanına” qarşı böyük nifrəti mövcuddur.