31 May 2021 15:47
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşını qoyması mərasimi hər birimizdə qürur yaradan tarixi hadisə oldu. Bu təməl daşı əslində Azərbaycanın dövlətçilik tarixinin əbədi divarlarına qoyulan yeni bir qat, yeni bir mərhələnin başlanğıcı idi. Bərpa gününun təməlqoyma mərasiminin 28 May - Respublika Günündə baş tutması da təsadüfi deyildi. Çünki bu tarixi Azərbaycan Prezidenti bir daha milli bayram, müstəqillik günü kimi xarakterizə edərək əldə etdiyimiz tarixi qələbəmizi müstəqil olmağımızla əlaqələndirdi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, bu fikirlər isə siyasi-ideoloji müstəvidə dövlətçilik şüurumuzun yeni qatının müstəqil və qalib əsaslarda formalaşması üçün atılan təməl daşı, genetik yaddaşımıza edilən müraciət idi:

“Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli şüurunu ümmətçilikdən dövlətçiliyə, dövlətçilikdən cümhuriyyətçiliyə qədər inkişaf etdirdiyi kimi bu fikirlər də milli şüurumuzu məğlubiyyətdən qalibiyyətə, qalibiyyətdən yeni milli mentalitetə qədər inkişaf etdirəcək. Bu bir xalqın ictimai-siyasi fikir tarixində tamamailə yeni bir mərhələnin, yeni bir eranın başlanması deməkdir. Bu səbəbdəndir ki, bəzi azərbaycanafob mərkəzlər müxtəlif internet resurslarında, sosial şəbəkələrdə tarixi zəfərimizə və nailiyyətlərimizə kölgə salmaq üçün ən müxtəlif səviyyələrdə qarayaxma kampaniyası aparırlar. Bəzi marginal müxalif qruplar da bu prosesdə fəal iştirak edirlər. Ancaq şübhəsiz ki, bütün bu anti-milli fəaliyyətlər xalqımızın ümummilli sevinci və coşqusu qarşısında olduqca cılız görünür və belələri əsla öz qaranlıq məqsədlərinə çatmayacaqlar”.

Hikmət Babaoğlu qeyd edib ki, siyasət bəzən mümkün olmayanı mümkünetmə sənəti də adlandırılır:

“Doğrudur, bunu isbat edəcək nümunələr o qədər də çox deyil. Ancaq düşünürəm ki, 44 günlük müharibə və ondan sonra ötən zaman ərzində Azərbaycan Prezidenti öz fəaliyyəti ilə bunun ən yaxşı təcrübi nümunəsini yaratdı. Bu gün Ermənistan dövlətinin iflas etməsi, haqq etdiyi şəkildə küncə sıxışdırılması, öz sərhədlərini qorumaq üçün yeni sahiblər axtarışına çıxması da məhz mümkün olmayanı mümkünetmə sənətinin yaratdığı reallıqdır. Axı cəmi bir neçə ay bundan öncəyə qədər bu dövlət Azərbaycan torpaqlarını işğal altında saxlayır, xalqımıza meydan oxuyur, bizə qarşı saysız-hesabsız cinayətlər törədirdi. İndi isə miskin vəziyyətə düşüb. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi milli-strateji siyasət və rasional-praqmatik davranışları nəticəsində baş verib. Bundan sonrakı mərhələ cinayətkarın öz cəzasına çatdırılması, Azərbaycanın isə yeni inkişaf tarixinin başlanğıcıdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər