Ermənistanın sərhəddə törətdikləri təxribatları zaman prizması baxımından nəzərdən keçirsək, seçki ilə bağlı da hansısa fikirlər söyləmək mümkündür. Bu mənada Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan vəziyyəti özü üçün tam aydınlaşdıra bilməyib. Onun hakimiyyətə gəlməsində Qərbin xüsusi rolu olub. Bununla da üzərinə mühüm öhdəliklər götürüb. Bu, xüsusilə Ermənistanın Rusiyadan uzaqlaşması ilə bağlı olub. Hətta Avrasiya İqtisadi İttifaqından və KTMK-dən Ermənistanın çıxması təmin edilməli idi. Paşinyan hakimiyyətə gəldiyi gündən bu məsələdə əsl canfəşanlıq etdi. KTMK-nin baş katibi Xaçaturova qarşı təşkilatın digər üzvlərinin rəyini öyrənmədən cinayət işinə başladı. Bu isə artıq Paşinyanın sonrakı mərhələdə fəaliyyətini proqnozlaşdırmağa əsas yaratdı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Onun fikrincə, Paşinyan Qərb dairələrinə arxalansa da, Rusiyadan löyal münasibət gözləyir:
“Ola bilsin ki, Paşinyan Qərbə güvənir. Amma Rusiya ilə bağlı da qeyri-müəyyənliyi qalır. Erməni müxalifəti də Rusiyaya meyilli fon yaradır. Bununla belə Paşinyan seçkilərin təxirə salınması üçün cəhdlər edə bilər. Belə taktiki gedişlər isə Paşinyan zehniyyətinin məhsulu deyil. Ola bilsin Qərbdən belə bir təlimat alıb və sərhəddə gərginlik yaradıb. Ölkədə hərbi vəziyyət də elan edə bilər. Bununla da ölkədə seçkilər təxirə salınar. Əgər Paşinyan mütləq qələbə qazana bilməyəcəksə, belə addım atmaq ehtimalı var. O Ermənistanda koalisyon və təkbaşına hakimmiyyət qursa belə, ölkəni idarə edə bilməyəcək. Çünki opponentləri açıq şəkildə bildirib ki, Paşinyan qalib gəlsə belə, ona qarşı sərt tədbirlər görəcəklər”.
Deputat hesab edir ki, Qərbin təhriki ilə Paşinyan Cənubi Qafqazda yeni bir gərginlik yaratmaq istəyir:
“Eyni zamanda ATƏT-in digər üzvləri Rusiyanın təkbaşına təşəbbüslərini həzm edə bilmir. Rusiya isə münaqişəni həll olunmuş sayır. Amma Ermənistan Qərbin diktəsi ilə ATƏT-in fəaliyyətinin davam etməsində israrlıdır. Fransa tərəfi də ciddi cəhdlə regiona başqa qüvvələrin yerləşdirilməsini səsləndirir. Bu mənada sərhəddəki təxribatlar Qərbdəki dairələrə Paşinyanın sədaqət nümayişi hesab oluna bilər”.
Elşad Mirbəşiroğluna görə, erməni tərəfi sərhədlərin dəqiqləşdirilməsində maraqlı deyil:
“10 noyabr birgə bəyanatının şərtlərinin yerinə yetirilməsi hər şeydən öncə qarşılıqlı şəkildə sərhədlərin tanınmasını tələb edir. Azərbaycan praqmatizm nümayiş etdirir. Ölkəmizin atdığı addımlar birtərəfli qaydada bölgədə sülhün təmin olunmasına xidmət edir. Ermənistan Azərbaycan sərhədlərini tanıdıqdan sonra heç bir ərazi iddiası ortaya qoya bilməyəcək. Paşinyan həyasızlıq edərək bir növ Rusiyanı da şantaj edərək KTMK-dən Ermənistanın qeyri-məqbulluğunu əsas gətirərək BMT-yə müracət edəcəyini açıqlayır”.