3 İyun 2021 11:35
8 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müzəffər sərkərdəliyi ilə öz həllini tapmış, artıq haqqında keçmiş zamanda bəhs etdiyimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının tarixində və taleyində silinməz izlər buraxdı. Tarixin arxivinə yola salınmasına baxmayaraq münaqişə ilə bağlı yazılar, tarixi çıxışlar və söhbətlər, habelə sənədlər bu gün də böyük maraqla qarşılanır.

Keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla bağlı maraqlı məqamlardan birini də Rusiya Prezidenti Boris Yeltsin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin (B.Yeltsin 12 iyun 1991-cı ildə keçirilən ilk ümumxalq səsverməsi nəticəsində Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti seçilib, 10 iyul 1991-ci ildə and içərək səlahiyyətlərinin icrasına başlayıb, N.Nazarbayev isə 24 aprel 1990-cı ildə Qazaxıstan SSR-in ilk prezidenti seçilib-S.Həmid) vasitəçilik missiyasını öz üzərlərinə götürərək problemi həll etmək istəyi təşkil edir. Beləliklə, 20-23 sentyabr 1991-ci ildə gerçəkləşdirilən həmin missiya ilə bağlı hazırladığımız araşdırmanı təqdim edirik. Araşdırma zamanı sözügedən vasitəçilik ideyasının yaranmasından tutmuş uğursuzluğa düçar olmasının səbəblərinədək bütün məqamları əks etdirməyə çalışacağıq.

Qeyd edək ki, Bakı, Gəncə, Xankəndi və İrəvana edilən səfərlər, aparılan danışıqlar nəticəsində sentyabrın 23-də Jeleznovodsk bəyannaməsi (Jeleznovodsk kommünikesi və Jeleznovodsk sazişi də adlanır) imzalanıb.

İdeya necə yarandı?

Həmin səfərdə iştirak edən Qazaxıstan nümayəndə heyətinin üzvü, hazırda Qazaxıstan Respublikası Parlamentinin aşağı palatasının – Məclisin deputatı, 1991-ci ildə Qazaxıstan Prezident Aparatının mətbuat xidmətinin məsləhətçisi Mixail Çirkov 44 günlük Vətən müharibəsinin qızğın çağında – 14 oktyabr 2020-ci ildə “Arqumentı i faktı Kazaxstan” qəzetində dərc olunan “Sülhün yaradılmasına doğru” (“K sotvoreniyu mira”) adlı məqaləsində o günləri belə xatırlayır:

1991-ci ildə Qazaxıstan Prezident Aparatının mətbuat xidmətinin məsləhətçisi, hazırda parlament üzvü Mixail Çirkov

“...1991-ci ilin sentyabrını xatırlayıram. Qazaxıstan nümayəndə heyəti artıq dördüncü ildir ki, millətlərarası qan tökülməsinin davam etdiyi Dağlıq Qarabağa uçur. Uçuş öncəsi Qazaxıstan SSR Prezidenti Nursultan Nazarbayev “Vremya” proqramına verdiyi müsahibədə deyir ki, Boris Yeltsinlə ortaq barışıq missiyası ideyası avqustun 17-də, sözün əsl mənasında Dövlət Fövqəladə Vəziyyət Komitəsinin (rusca QKÇP) Moskvada çevriliş etdiyi gün yaranıb. Həmin vaxt Rusiya Prezidenti Alma-Atada səfərdə idi.

Həmin vaxt düşündüm ki, Nursultan Abişeviç təvazökarlıq edir. Çünki o, müsahibə zamanı hələ həmin ilin yazında bütün 15 respublikanın liderlərini bir araya gətirməyi və millətlərarası qarşıdurmalara son qoymaq və qarşısını almaq üçün ümumi tədbirləri müzakirə etməyi təklif etdiyini demədi. Dağlıq Qarabağda adamlar ölməyə davam edirdilər, 1990-ci ildə baş verən Oş hadisələrinin xatirəsi yaddaşlarda yeni idi və Dnestryanı münaqişəsi alovlanmağa başlamışdı...”

Mixail Çirkovun bu fikirlərinə rəğmən qeyd etmək lazımdır ki, bir sıra müşahidəçilər Yeltsin-Nazarbayev ziyarətini SSRİ Dövlət Şurasının 16 sentyabr tarixli iclası və Mixail Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) haqqında fərmanının hazırlanması barədə Rusiya televiziyasında yayımlanan məlumatla əlaqələndirirlər. Həmin günlərdə Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan respublika televiziyasındakı çıxışında fərman layihəsində DQMV-də fövqəladə vəziyyət rejiminin ləğv edilməsinin və orada sovet hakimiyyətinin bərpasının nəzərdə tutulduğunu söyləmişdi.

Ancaq sentyabrın 19-da Azərbaycan Ali Sovetinin sədri Qarabağ məsələsinin Dövlət Şurasında müzakirə edilmədiyi və Moskvada hər hansı fərman hazırlanacağı təqdirdə bunun suveren Azərbaycanın daxili işlərinə müdaxilə olacağı barədə açıqlama verir.

Starovoytovanın Xankəndiyə sirli gedişi

“Nezavisimaya qazeta”nın 24 sentyabr 1991-ci il tarixli nömrəsində dərc olunan “Qorbaçovun bunu etməməsi əbəs yerə deyildi” sərlövhəli məqaləsində yazılır: “Boris Yeltsin və Nursultan Nazarbayevin Azərbaycana səfər etməsi barədə xəbər respublika əhalisi tərəfindən xüsusi entuziazmla qarşılanmayıb.

SSRİ Prezidentinin Dağlıq Qarabağla bağlı gözlənilən fərmanı, habelə Yeltsinin milli məsələlər üzrə müşaviri Qalina Starovoytovanın DQMV-nin erməni icmasını Yeltsin və Nazarbayevlə görüşə hazırlamaq üçün zirvə görüşü ərəfəsində Xankəndiyə getməsi barədə TASS-ın məlumatına Bakıda şübhə ilə yanaşılıb. Yüksək çinli qonaqların Bakıya gəlişi barədə son anda məlumat verilməsi azərbaycanlıların qüruruna toxunub. Ancaq bu da düzdür ki, Ayaz Mütəllibov Yeltsin və Nazarbayevi Azərbaycana şəxsən özünün dəvət etdiyini söyləyib”.

“Kommersant Vlast”: “Yeltsin və Nazarbayevin sülhməramlı “weekend”i”

B.Yeltsin və N.Nazarbayevin vasitəçilik missiyası sentyabrın 20-i axşamdan başlayır. Həmin ilin sentyabrın 20-i cümə gününə təsadüf edirdi. Müvafiq olaraq 21 sentyabr şənbə, 22 sentyabr bazar günü idi. Buna görə də “Kommersant Vlast” jurnalı 23.09.1991-ci il tarixli 38-ci nömrəsində bu səfərlə bağlı məqaləsini “Mirotvorçeskiy uik-end Eltsina i Nazarbaeva” adlandırır.

Jurnal yazır ki, tərəflər, həmçinin, prezidentlərin səfərinin xarakterini müxtəlif cür müəyyənləşdiriblər: Levon Ter-Petrosyan (Ter-Petrosyan həmin vat Ermənistan Ali Sovetinin sədri idi) Gennadi Burbulisin (Yeltsinin yaxın silahdaşı. 1991-92-ci illərdə dövlət katibi və Rusiya Hökuməti sədrinin birinci müavini) ardınca onu vasitəçilik missiyası elan etdi, Ayaz Mütəlibovun mətbuat üzrə köməkçisi Osman Mirzəyev isə səfəri tanışlıq səfəri adlandırdı.

20 sentyabr saat 22:30-da Yeltsinin təyyarəsi Bakının “Binə” hava limanına enir. Nazarbayev ondan az öncə gəlir. “Kommersant Vlast” şahidlərin sözlərinə istinadən yazır ki, Yeltsin onları qarşılayan Mütəllibovu şahanə şəkildə “bizim dostumuz” adlandırır. Plana əsasən, dostların görüşməsi üçün üç saat ayrılır. Sentyabrın 22-də saat 11-də Xankəndiyə gəliş, Qarabağ rəhbərliyi və “xalqı” ilə beş saatlıq görüş, İrəvana uçuş, Ter-Petrosyanla üç saat və elə həmin gün evə dönüş.

Ulu öndər Heydər Əliyevin tikdirdiyi “Qəbullar Evi”ndə görüş

“İzvestiya” qəzeti 23 sentyabr 1991-ci il tarixli nömrəsində dərc olunan “V Jeleznovodske – o Karabaxe” başlıqlı məqaləsində yazır:

Danışıqlar sentyabrın 21-də səhər Bakıda başladı. Üç ölkənin – Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndə heyəti Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə onun tərəfindən inşa olunan "Qəbullar Evi"ndə bir araya gəlib. Ayaz Mütəllibov Dağlıq Qarabağ probleminin həlli istiqamətində proqramını açıqladı. Burada muxtar vilayətin status-kvosunun bərpası, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin bərpa olunması nəzərdə tutulur. Yeltsin və Nazarbayev bu proqramla bağlı hər hansı şərh verməkdən çəkindilər.

Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin sədri İsa Qəmbərov belə bir fikir bildirdi: Rusiya və Qazaxıstanın özünün millətlərarası problemlər də daxil olmaqla kifayət qədər problemi var, onların prezidentləri isə bizə məsləhət verməyi öz öhdələrinə götürüblər.

Danışıq iştirakçıları Mixail Qorbaçovun situasiyaya müdaxilə etməməsi barədə yekdil fikirdədirlər. Məlumdur ki, SSRİ Prezidentinin fərmanı hazırlanır. Fərmanla Dağlıq Qarabağ probleminin həll olunmasına bir daha cəhd ediləcəkdir. N.Nazarbayevin fikrincə, “bu fərmana ehtiyac yoxdur, iki müstəqil respublika özləri razılaşmalıdır””.

Yeltsin və Nazarbayev Xalq Cəbhəsinin qorxusunu dağıtdılar

“Nezavisimaya qazeta” adı az öncə qeyd olunan məqaləsində yazır: “Yeltsin və Nazarbayev Xalq Cəbhəsi liderlərinin Azərbaycanın suverenliyinin pozulması qorxusunu dağıtdılar. Onlar sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiq olduqlarını təsdiqlədilər və Azərbaycanın daxili işlərinə qarışmaq niyyətində olmadıqlarını söylədilər. Xalq Cəbhəsinin nümayəndələri vurğuladılar ki, ilk növbədə Ermənistan DQMV ilə birləşmə qərarını ləğv edəcəyi təqdirdə rəsmi İrəvanla danışıqlar başlaya bilər, ikincisi, Ter-Petrosyan Ermənistandan Qarabağa gələn bütün hərbiləşdirilmiş dəstələri geri çəkməlidir”.

Gəncəyə uçuş

Sentyabrın 21-də axşam nümayəndə heyətləri Gəncəyə uçur. B.Yeltsin, N.Nazarbayev, SSRİ daxili işlər naziri Viktor Barannikov və SSRİ müdafiə nazirinin birinci müavini Pavel Qraçov Dağlıq Qarabağa sahabkı səfərin bütün detallarını dərhal dəqiqləşdirməyə başlayırlar.

Gəncədən havaya qalxan və nümayəndə heyətlərini aparan vertolyot sentyabrın 22-də səhər Xocalı hava limanına enir. Buradan isə avtomobillərlə Xankəndinin mərkəzinə yol başlayır. Qonaqlar birbaşa Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin binasına gəlirlər. Burada danışıqlar start götürür.

Bu vaxt danışıqların getdiyi keçmiş Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin binası qarşısında - yəni, Xankəndinin mərkəzi Lenin meydanında erməni icmasının təxminən 40 min nəfər üzvünün iştirakı ilə mitinq keçirilir.

Qeyd etmək yerinə düşər ki, Dağlıq Qarabağdakı separatçılar bölgənin Azərbaycandan ayrıldığını o günlərdə artıq elan etmişdilər. Belə ki, 2 sentyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan rayon Xalq Deputatları Sovetinin birgə sessiyasında keçmiş DQMV sərhədləri çərçivəsində qondarma “DQR”in yaradıldığı elan edilmişdi. Boris Yeltsin vilayət partiya komitəsinin (“obkom”) binasında separatçıların nümayəndələri ilə də görüşür. Ayaz Mütəllibov qondarma rejim nümayəndələri ilə görüşdə iştirak etməkdən imtina edir.

Separatçıların nümayəndəsi, “Qarabağ hərəkatı”nın üzvü və “Krunk” komitəsinin sədri Arkadi Manuçarov belə bir "həll yolu" təklif edir: yaranacaq İttifaqa müstəqil, bərabərhüquqlu respublika kimi daxil olmaq və ya Rusiyaya qoşulmaq.

Meydanda davam edən mitinq danışıqların aparılmasına mane olur. Nəhayət, Yeltsin və Nazarbayev kütlə qaşısına çıxmalı olurlar. Mitinqçilər üzərində “B.N.Yeltsin və N.A.Nazarbayev yoldaşı Qarabağ torpağında ürəkdən salamlayırıq!”, “Azadlıq!” sözləri yazılmış transparantları əllərində qaldırıblar.

Keçmiş DQMV Partiya Komitəsinin binası qarşısında ermənilərin mitinqi

Yeltsin: “Biz öz siyasi nüfuzumuzu tərəziyə qoymuşuq”

“İzvestiya” yazır ki, B.Yeltsin “Obkom”un binası qarşısındakı mitinqdə çıxışı zamanı N.Nazarbayevlə birlikdə nəyə getdiklərini başa düşdüklərini, bununla siyasi nüfuzlarını tərəziyə qoyduqlarını anladıqlarını söyləyib. Deyib ki, əsas məqsəd qan tökülməsinə son qoymaqdır. “Əsas vəzifə danışıqlara başlamaqdır. Və danışıqlar Mineralnıye Vodıda başlayacaq (Sonradan görüş yeri bilindiyi kimi Jeleznovodska dəyişdirilib). O, blokada problemini həll etmək üçün vasitəçilik təklif etdi”, – deyə “İzvestiya” B.Yeltsinin sözlərindən sitat gətirir.

B.Yeltsin Xankəndidə keçirilən mitinqdə çıxış edir. Onun sağındakı Leonard Petrosyandır.

Nazarbayev: “Biz mərkəz deyilik, neytralıq”

“İzvestiya” B.Yeltsindən sonra N.Nazarbayevin mitinqdə çıxış etdiyini qeyd edir. “Əgər hardasa bir yerə qan tökülsə, İttifaqda heç kim xoşbəxt olmayacaq. Bizi düzgün anlayın”, deyə o mitinqçilərə üz tutub. Daha sonra deyib: “Biz mərkəz deyilik, biz də eyni azad respublikayıq. Biz vasitəçiyik, başqa heç nə. Hələlik biz yalnız dinləyirik, sonra isə danışıqlar masasına oturub kompromis tapmağa çalışacağıq. Biz neytralıq”.

Onu da qeyd edək ki, Qarabağ tərəfi – Robert Köçəryan (“Qarabağ hərəkatı”nın üzvü, 1 mart 1988-ci ildə Xankəndidə ermənilərin yaratdığı “Krunk” (Durna) adlı ictimai-siyasi təşkilatın ideoloji seksiyasının rəhbəri. Köçəryan o dövrdə Xankəndi ipəkəyirmə fabrikinin partiya komitəsinin katibi idi. O, qısa vaxt ərzində separatçların siyasi liderinə və Ter-Petrosyanın Qarabağdakı dayağına çevrildi), Leonard Petrosyan (Leonard Petrosyan həmin vaxt Qarabağda əsas rəsmi şəxs idi. O, DQMV Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə sədrlik edirdi. Sonralar qondarma rejimin “baş naziri” oldu. 1999-cu il oktyabrın 27-də Ermənistanda nazir işləyərkən parlamentdə törədilən terror aktı nəticəsində qətlə yetirilib) və Vaqif Cəfərov (Vaqif Cəfərov 1988-ci ilin avqust ayından 1991-ci ilin oktyabr ayınadək Şuşa rayon Partiya Komitəsinin I katibi işləyib. 1991-ci ilin noyabrın 20-də Qarakənd səması üzərində Mi-8 vertolyotunun vurulması nəticəsində həlak olub) danışıqlara müşahidəçi qismində qatılır.

Xankəndidə danışıqları başa çatdıran nümayəndə heyəti birbaşa İrəvana yola düşür. Burada Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyanla görüşlər keçirilir. Ter-Petrosyan Azərbaycan tərəfinin sənədi ilə bir çox təmas nöqtəsinin olduğu proqramını təqdim edir. Bu bir neçə razılaşma nöqtəsi üç prezident və bir parlament sədri tərəfindən sentyabrın 23-də sakit, neytral Jeleznovodskda münaqişənin nizamlanmasına dair imzalanan ortaq bəyannamənin əsasını təşkil edir.

Jeleznovodsk bəyannaməsində nələr əks olunmuşdu?

B.Yeltsin və N.Nazarbayevin vasitəçilik missiyası və üç gün ərzində keçirilən görüşlər, aparılan danışıqlar nəticə verir: Ermənistan sentyabrın 22-də Azərbaycana bütün ərazi iddialarından imtina edir. Bu isə tərəflərin növbəti gün ortaq kommünike ilə çıxış etməklə bağlı razılığa gəlməsinə imkan verir. Hər iki tərəf silahsızlaşdırma və könüllüləri geri çəkməklə, qaçqın və məcburi köçkünləri geri qaytarmağa imkan yaratmaqla, Dağlıq Qarabağ vilayətində sovet epoxasında mövcud olan inzibati qayda-qanunun bərpası və münaqişənin sülh yolu ilə həllinin axtarılmasına dair nümayəndə heyətlərinin formalaşdırılması ilə bağlı üzərlərinə öhdəlik götürürlər. Başqa sözlə, ərazi bütövlüyü, suveren dövlətlərin daxili işlərinə qarışmamaq və vətəndaş hüquqlarına hörmət prinsipləri başlanğıc nöqtəsi olaraq götürülür.

Jeleznovodsk bəyannaməsi artıq başlayan müharibəni dayandırmaq üçün aşağıdakı addımları təklif edirdi:

– Dağlıq Qarabağla əlaqəli qəbul edilmiş bütün anti-konstitusion aktlar qüvvədən düşmüş hesab edilməli (söhbət o cümlədən DQMV-nin Azərbaycan SSR tərkibindən çıxaraq Ermənistan SSR-in tərkibinə daxil olmaqla bağlı istəyinin ifadə edildiyi 20 fevral 1988-ci il tarixli DQMV Xalq Deputatları Sovetinin qərarından, həmçinin, DQMV-nin inzibati vahid kimi ləğv edildiyi 28 noyabr 1989-cu il tarixli Azərbaycan Ali Sovetinin qərarından gedir);

– Atəş dayandırılmalı;

– SSRİ daxili qoşunları istisna olmaqla, bütün silahlı birləşmələr münaqişə zonasından çıxarılmalı.

B.Yeltsin, L.Ter-Petrosyan, N.Nazarbayev və A.Mütəllibov Jeleznovodskda. 23 sentyabr 1991-ci il

Qeyd etdiyimiz kimi SSRİ daxili qoşunları münaqişə zonasında qalmalı idilər. Bu prosesi isə Rusiya və Qazaxıstan rəsmiləri müşahidə edəcəkdilər. Sənəd SSRİ-nin sonuncu müdafiə naziri Yevgeni Şapoşnikovun, sonuncu daxili işlər naziri Viktor Barannikovun, Qarabağ separatçılarının təmsilçiləri Slavik Voskanyanın, Robert Köçəryanın, Leonard Petrosyanın, Azərbaycan tərəfdən Vaqif Cəfərovun, Mikayıl Gözəlovun (M.Gözəlov Şuşa Rayon İcraiyyə Komitəsinin sədri olub) və Matvey Radayevin (Matvey Radayev 1988-ci ildən Azərbaycan Nazirlər Soveti sədrinin müavini, həmçinin, 1990-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin II katibi Viktor Polyaniçkonun başçılığı altında DQMV üzrə yaradılmış Respublika Təşkilat Komitəsi sədrinin müavini idi) iştirakı ilə müzakirə edildikdən sonra Boris Yeltsin (Rusiya Federasiyası) Ayaz Mütəllibov (Azərbaycan), Nursultan Nazarbayev (Qazaxıstan) və Levon Ter-Petrosyan (Ermənistan) tərəfindən imzalanır.

Ümumilikdə, 10 maddədən ibarət olan saziş 1 yanvar 1992-ci ildə qüvvəyə minməli idi.

Ancaq konsensus əldə edilməsinə və sənədin imzalanmasına baxmayaraq, bir müddət sonra yumşaq desək, erməni çığallığı müşahidə olunmağa başlayır. 20 noyabr 1991-ci ildə isə ermənilər tərəfindən dəhşətli terror aktı törədilir: içərisində Azərbaycanın yüksək çinli dövlət məmurlarının, müşahidə missiyasını yerinə yetirən Rusiya və Qazaxıstan rəsmilərinin və yüksək rütbəli hərbçilərinin olduğu SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 72№-li Mi-8 vertolyotu Xocavənd rayonunun Qarakənd kəndindən üç kilometr aralıda Ermənistan silahlı qüvvələri tərəfindən vurulur. Sonradan Ermənistan hakimiyyəti bunun bədbəxt hadisə olduğunu bildirir.

Bundan sonra Azərbaycan öz hərəkətlərinin motivini təbii olaraq Mi-8 vertolyotunun vurulması üzərində qurur. Üstəlik, sazişin qüvvəyə minməli olduğu 1 yanvar 1992-ci ildə planetin ən böyük dövləti olan SSRİ dünyanın siyasi xəritəsində mövcudluğunu dayandırır. Mixail Qorbaçov istefa verir və ermənilərlə azərbaycanlılar arasında qan tökülməsinin belə deyək, qarşısını almalı olan sonuncu qüvvə – SSRİ-nin daxili qoşunları münaqişə bölgəsini tərk edir.

Biz bu araşdırmanın hazırlanması prosesində hazırda Milli Məclisdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsini təmsil edən, haqqında bəhs edilən dövrdə, yəni 1991-ci ilin sentyabrında Xocalı Şəhər Partiya Komitəsinin birinci katibi və Xocalı Şəhər İcraiyyə Komitəsinin sədri (1991-ci il oktyabrın 29-dan Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı) Elman Məmmədovdan o görüşün iştirakçısı kimi xatirələrini bölüşməyi xahiş etmişik.

Elman Məmmədov xatırlayır:

1991-ci ilin sentyabrın 20-də Boris Yeltsin Nursultan Nazarbayevlə birlikdə Azərbaycana gəldi. Onlar Bakıdan Gəncəyə uçdular. Biz bir gün əvvəl Gəncəyə getdik. Mən və Şuşanın rəhbərləri – Vaqif Cəfərovla Mikayil Gözəlov idi. Rəhmətlik Vaqif Cəfərov Şuşa Rayon Partiya Komitəsinin I katibi, Mikayıl Gözəlov isə İcraiyyə Komitəsinin sədri idi. Gəncəyə Yeltsindən qabaq onun köməkçisi Gennadi Burbulis gəlmişdi. Gecə Burbulislə oturduq, yemək yedik, gələnləri gözlədik. Sentyabrın 21-i axşam Yeltsin və Nazarbayev gəldi. Yeltsinlə söhbətləşdik, şərtlərimizi dedik. Söhbətdə Ayaz Mütəllibov, daxili işlər naziri Məhəmməd Əsədov, Mərkəzi Komitənin katibi Telman Orucov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov iştirak edirdi. Səhəri gün səhər saat 7-də vertolyotlarla Xocalı aeroportuna düşdük. Ordan da Xankəndiyə gedildi. Xankəndidə mən Gəncədə necə demişdimsə, o cür də bir əhvalat oldu.

Yeltsin Xankəndidə ermənilərə “Mən sizinləyəm” dedi

Bilirsiniz, biz o dövrdə bir az laqeydliyimizə, bəlkə də qətiyyətsizliyimizə, qorxaqlığımıza görə çox vaxt müəyyən məsələlərdə uduzmuşuq. Məsələn, Yeltsin Gəncədə rəhbərliklə rəsmi söhbətindən sonra Qonaq Evinin həyətində oturdu. Bir tərəfində Nazarbayev, digər tərəfində Mütəllibov əyləşdi. Yeltsin Dağlıq Qarabağdan gələnlərlə söhbət etmək istədiyini dedi. Dağlıq Qarabağdan da qeyd etdiyim kimi biz üç azərbaycanlı və o vaxt mövcud olan Şaumyan kənd rayonundan Ağacanyan soyadlı bir ermənidir. Yeltsin soruşdu ki, kimin nə sualı var, kim nə demək istəyir? Təbii ki, heç kim heç nə deməyəcəkdi. Mən həmişə olduğu kimi yenə də bir növ partizanlığa başladım. Elə Ayaz Mütəllibovun da buna görə məndən zəhləsi gedirdi, məni qəbul etmirdi. Dedim ki, Boris Nikolayeviç, mənim sözüm var. Dedi, buyur. Dedim, bundan bir qədər öncə, rəsmi söhbət zamanı rəhbərliklə razılaşdınız ki, Xankəndiyə gedəndə hamı, yəni siz və digər iştirakçılar üzərində Azərbaycan bayrağı olan binaya daxil olacaq. O bina Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin binasıdır, Azərbaycan bayrağı onun üzərində olmalıdır və görüş orda keçiriləcək. Dedi ki, hə. Dedim ancaq mən bilirəm ki, elə olmayacaq. Dedi, niyə olmayacaq? Dedim, ona görə ki, üç gün bundan əvvəl Zori Balayan Qalina Starovoytova ilə birlikdə Yerevandan vertolyotla Xankəndiyə gəlib və sizinlə görüşün ssenarisi hazırlanır. Ssenari də belədir ki, ermənilər sizi Xankəndinin mərkəzində mitinqlə qarşılayacaq və mitinqə aparacaqlar. Sizin o binaya daxil olmağınıza imkan verməyəcəklər. Yeltsin hirsləndi ki, ola bilməz, sən nə danışırsan? Burbulisi çağırdı ki, öyrən gör Qalina hardadır? Burbulis də qırağa çəkildi, kiminləsə danışdı, ya danışmadı, gəldi dedi ki, Boris Nikolayeviç, Qalina Moskvadadır. Yeltsin mənə çox bərk hirsləndi, qışqırdı ki, görürsən, Qalina Moskvadadır. Dedim ki, Boris Nikolayeviç, Qalina Moskvada deyil, Xankəndidədir. O vaxt Xankəndi demirdik, Stepanakert deyirdik. Yeltsin yalan oldu, Mütəllibov məni ondan da bərk danladı ki, sən ağlına gələni danışırsan. Dedim ki, Ayaz müəllim, vallah, elədir. Sabah görəsəksiniz.

Bu gün həmin görüşün həyatda olan şahidləri var – Telman Orucov, Vaqif Hüseynov, Ayaz Mütəllibov sağdır. İndi etiraf etməsələr də mən bunu demişəm və sözümün üstündə dururam.

Yeltsin Xankəndidə ermənilərlə həmrəyliyini bildirir

Səhəri gün biz Xocalı aeroportunda düşüb maşınlarla Xankəndiyə doğru getməyə başladıq. Xankəndinin mərkəzində dairəvi park var, o parkın qırağı ilə yol gedib Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin və Vilayət İcraiyyə Komitəsinin binasına çıxırdı. O parka çata-çatda ermənilərdən ibarət böyük bir kütlə – təxminən 10-15 min nəfər maşınların qabağına çıxdı. Maşınlar dayandı, qapılar açıldı, Yeltsini düşürdülər, qucaqlarına qaldırdılar. Onu Vilayət Partiya Komitəsinin binası qarşısında – Lenin meydanında qurulmuş, xalça ilə bəzənmiş tribunaya çıxardılar. Yeltsin mikrofona yaxınlaşdı. İlk sözü bilirsinizmi nə oldu?! Doroqie armyanskie druzya! Ya s vami!!! Bununla da məsələ bitdi.

Milli geyimdə olan erməni qızları Yeltsin və Nazarbayevi Xocalıda duz-çörəklə qarşılayırlar

Növbəti səhvə yol verildi

Bir məqamı da danışım. Gecə ilə Gəncədən Xocalı Partiya Komitəsindəki işçilərimlə danışmış, onlara tapşırmışdım ki, səhər saat 7-də biz aeroporta düşəndə Xocalı ziyalıları, ağsaqqalları, məktəbliləri duz-çörəklə, musiqi ilə Yeltsinin qarşısına çıxsınlar. Bizim rəhbərlik bunu bildi və mənə dedilər ki, elə şey etmə, tapşırıq ver heç kim çıxmasın və sair. Görün, növbəti uduzmağımız nədə oldu. Vertolyot Xocalı aeroportuna enəndə gördük ki, erməni keşiş qabaqda, onun arxasında əllərində duz-çörək tutmuş milli geyimdə olan erməni qızları, milli geyimdə olan erməni oğlanları zurna-balabanla Yeltsin və Nazarbayevin pişvazına çıxıb. Yeltsində belə qənaət yarandı ki, bura elə erməni torpağıdır. Başında, əlində xaç erməni keşişi gəlir, digər ermənilər bunu qarşılayırlar. Biz bu məsələdə də uduzduq. Bizim onilliklər, hətta mən deyərdim son 200 ildə belə uduza-uduza gəlməyimizə yalnız 2020-ci ildə 44 günlük savaşla dünya hərb tarixinə düşən qəhrəmanlıq dastanı yazan qüdrətli ordumuz və Müzəffər Ali Baş Komandanımız son qoydu.

Beləliklə, düz 30 il əvvələ səyahət edərək Vətən tarixinin daha bir səhifəsini birgə vərəqlədik. Böyük azərbaycanlı, görkəmli tarixçi-alim, akademik Ziya Bünyadovun 1993-cü ildə nəşr olunan məşhur “Qırmızı terror” kitabında yazdığı kimi, onun təbirincə desək, bu da tarixin daha bir ibrət dərsidir. Gənclərimiz gərək bu dərsi də unutmasınlar.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər