“Ermənistanda seçki öncəsi vəziyyət getdikcə qızışır. Tərəflər bir-birinə qarşı müxtəlif kompramatlar, irad və ittihamlar səsləndirirlər. Hazırda İrəvanda hakimiyyətdə olan komanda erməni cəmiyyətinə nümayiş etdirməyə çalışır ki, həm Ermənistanın təhlükəsizliyi, həm sərhəd, həm də Qarabağ məsələsində kompramistsiz mövqedə durur. Hesab edirəm ki, 12 maydan sonra Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətlə bağlı İrəvan tərəfindən yaradılan hay-küy, beynəlxalq ictimaiyyətin prosesə cəlb edilməsi cəhdləri də bununla bağlıdır”.
Bu sözləri politoloq Oqtay Qasımov Ermənistanda yaşanan ictimai-siyasi vəziyyəti Teleqraf.com-a şərh edərkən deyib.
Oqtay Qasımov bildirib ki, Ermənistan baş nazirinin müavini və üçtərəfli komissiyada İrəvanı təmsil edən Mqer Qriqoryanın açıqlamasını da bu qəbildən saymaq lazımdır:
“Qriqoryan bildirib ki, üçtərəfli komissiyanın fəaliyyəti dayanıb. Buna əsas kimi də sərhəddə baş verən guya gərginliyi səbəb kimi göstərib. Ancaq onlar anlamırlar ki, sərhədlərin demarkasiya və delimitasiya məsələləri 10 noyabrda imzalanan üçtərəfli anlaşmada təsbit olunub. Aparılan proses də məhz bu bəyanat çərçivəsində həyata keçirilir. Məncə, Ermənistanda yenə bu tipli açıqlamaların şahidi olacağıq”.
Mütəxəssis əlavə edib ki, dünən Fransada səfərdə olan Ermənistan baş naziri Paşinyan da Parisdə ziddiyyətli və absurd görünən fikirlər səsləndirib:
“O, həm Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifi ilə çıxış edib. Halbuki, dünyanın heç bir yerində iki ölkə arasında sərhədlərin demarkasiya prosesində üçüncü tərəf qoşulmur. Hətta bu prosesdə bölgəni daha dərindən bilən, 200 ildən çoxdur ki, regionla əlaqəsi olan və sərhədlərlə bağlı ən dəqiq xəritələrə malik olan Rusiyanın bu prosesdə vasitəçilik təklifi belə müzakirə edilmir. Bu baxımdan Ermənistan tərəfindən bu cür ziddiyyətli açıqlamalar müşahidə edəcəyik.
Nikol Paşinyan Parisdə eyni zamanda 10 noyabr razılaşmasını kağız parçası kimi qiymətləndirib. Bu məncə, ciddiyyətin itirilməsi anlamına gəlir. Mən başqa nüansları bir kənara qoyuram. Onun son açıqlaması bir dövləti təmsil edən şəxsin öz imzasına hörmətsizliyin nümunəsidir. Ermənistanda ritorika bu cür davam edəcəksə və yalnız seçkilərlə bağlı olub seçkidən sonra əmələ çevrilməyəcəksə, bu başqa məsələ. Yox, əgər belə ritorika davam edəcəksə, hansısa şəkildə 10 noyabr anlaşmasını gecikdirməyə və sərhəd dəqiqləşdirilməsinə mane olmağa yönələcəksə, bu zaman diplomatik məsələlər arxa plana keçməyə başlayacaq. Əlbəttə, bunu heç kim istəmir. Yox, əgər Ermənistan bunu istəyirsə, deməli, öz problemi olacaq. Rusiya Prezidenti Vladimir Putin 10 noyabr razılaşmasından sonra erməni tərəfinə xəbərdarlıq etmişdi. Putin Ermənistana işarə edərək bildirmişdi ki, hansısa revanş çağırışları və yeni müharibə cəhdləri intihara bərabər olacaq. Əgər Paşinyan, onun komandası və Ermənistan intihara meyillidirsə, bu halda onun qarşısını heç kim ala bilməz”.