3 İyun 2021 18:10
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hətta SSRİ zamanı Zəngəzur dəhlizindən avtomobillərin hərəkəti üçün magistral yolun açılması nəzərdə tutulurdu. Ermənilər sovet zamanı belə bu yolun açılmasına mane oldular. Odur ki, indi ermənilərin Zəngəzur dəhlizinin açılmasını gecikdirmək cəhdləri, ümumiyyətlə, bu barədə müzakirələr aparmadıqlarını elan etməsi ehtimal olunan gözləntidir”.

Bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər son günlər Ermənistan tərəfinin 10 noyabrda imzalanan sazişin tələblərindən kənara çıxmasının səbəblərini Teleqraf.com-a şərh edərkən deyib.

S. Əkbərin ehtimalına görə, Ermənistandakı və digər ölkələrdəki bəzi dairələr çalışacaqlar ki, bu magistral yol açılmasın:

“Ermənilər ancaq dəmiryolunun açılmasını nəzərdə tuturlar. Fikrimcə, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında, Türkiyənin regionda güclənməsində, türk birliyi daxilində inteqrasiyanın sıxlaşmasında maraqlı olmayan bütün tərəflər burada sözsüz ki, prosesin gedişatına maneçilik törətməyə çalışacaqlar”.

Partiya sədri hesab edir ki, bu məsələdə Rusiyanın mövqeyindən çox şey asılı olacaq:

“Hesab edirəm ki, indi geopolitik mübarizə son mərhələdədir. Bundan sonra yeni dünya düzəni ilə bağlı tərəflər öz mövqelərini qətiləşdirəcəklər. İyun ayı dünya siyasətində “isti” ay olacaq. Bu ay “Böyük Yeddiliyin” samiti, NATO zirvə toplantısı, Avropa Birliyi ilə ABŞ-ın birgə sammiti baş tutacaq. Görək bu görüşlərdən sonra dünyada qütbləşmə necə gedəcək və Rusiyanın bu hallara qarşı müqavimət gücü hansı səviyyədə olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər