Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Pakistan Prezidenti Arif Alvi ilə görüşüb.
Teleqraf.com-un xəbərinə görə, Azərbaycan Milli Məclisinin sədrini və parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnunluğunu ifadə edən Prezident Arif Alvi onun salamlarını Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib.
Bildirib ki, dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb. Pakistan Prezidenti Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb. Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq.
Səmimi qəbul və Azərbaycan haqqında xoş sözlərə görə təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova ilk olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Prezident Arif Alviyə çatdırıb.
Bu səfərin Azərbaycan Milli Məclisinin Sədri kimi Pakistan İslam Respublikasına ilk rəsmi səfəri olduğunu deyən Sahibə Qafarova səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla Pakistanın bir-birinə qarşılıqlı dəstəyi bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir.
Ölkələrimiz İƏT PA ilə yanaşı, digər beynəlxalq təşkilatlar çərçivəsində də çox səmərəli əməkdaşlıq edirlər. Pakistan Prezidentinin 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı çərçivəsində ölkəmizə səfərini xatırladan Spiker diqqətə çatdırıb ki, bu günə qədər ölkələrimiz arasında müxtəlif sahələrdə imzalanmış hüquqi sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir. Bu xüsusda 2015-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir.