7 İyun 2021 10:00
7 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ilk prezidenti Boris Yeltsin 90-cı illərin əvvəllərində Krımı Rusiya Federasiyasının tərkibinə qaytarmaq istəmirdi və Qara Dəniz Donanmasını Sankt-Peterburqa köçürməyi planlaşdırırdı.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində B.Yeltsinin yaxın silahdaşı, Rusiya Baş nazirinin keçmiş müavini Mixail Poltoranin bildirib.

M.Poltoraninin sözlərinə görə, o, B.Yeltsinə Ukraynaya pulsuz qaz tədarükü müqabilində Krımı götürməyi təklif edib.

“Biz danışdıq, mən Andreydən soruşdum - Andrey Kozırev bizim xarici işlər nazirimiz idi – ondan xahiş etdim ki, Ukraynaya on il pulsuz qaz verəcəyimiz müqabilində Krımı götürə bilərikmi mövzusunda sizin uşaqları (ukraynalıları nəzərdə tutur-S.Həmid) havalandırsın. Bu çox yaxşı bir razılaşma idi. Çünki söhbət Krımı ələ keçirməkdən deyil, həm bizim üçün, həm də Ukrayna üçün açıq olan muxtariyyət etməkdən gedirdi. Yeltsin istəmədi. O dedi: “Cəhənnəm olsun o Krım, cəhənnəm olsun o Sevastopol! Bizim Piterdə (Sank-Peterburq nəzərdə tutulur) sərbəst pirslərimiz (pirs sahildən su hövzəsinin akvatoriyasına doğru uzanan və müxtəlif məqsədlər üçün nəzərdə tutulan hidrotexniki qurğuya deyilir) var, biz bu donanmanı ora köçürəcəyik və vəssəlam””, - deyə Poltoranin bildirib.

Mixail Poltoranin (solda) və Boris Yeltsin Rusiyada hakimiyyət olimpinə birgə yüksəldilər. 1993-cü ilin oktyabrında "Ağ Evin güllələnməsi"ndən sonra Yeltsinlə siyasi yolları ayrıldı.

O, həmçinin deyib ki, Krım Ukrayna SSR-in tərkibinə verilən an Kiyevə lazım deyildi və Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Aleksey (Oleksiy) Kiriçenko Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Nikita Xruşşovun tələbinə cavab olaraq yarımadanı qəbul etməkdən imtina etmişdi.

Aleksey (Oleksiy) Kiriçenko 1953-1957-ci illərdə Ukrayna KP MK-nın birinci katibi olub. Krım yarımadası onun respublikaya rəhbərlik etdiyi dövrdə - 1954-cü ildə Ukrayna SSR-in tərkibinə verilib.

“Belə olan təqdirdə Xruşşov Kiyevə uçdu. Həmin vaxt Şelest də (Petro Şelest 1963-1972-ci illərdə Ukrayna KP MK-nın birinci katibi olub. 1954-cü ildə isə Ukrayna KP-nin Kiyev Vilayət Komitəsinin ikinci katibi işləyirdi-S.Həmid) orada idi. Kiriçenko, bəli. Və Xruşşov deyir: “Krımı götür. Çünki Moskvanın ora əli çatmır”. O deyir: “Krım lənətə gəlmiş nəyimə gərəkdir? Mənim bütün Ukraynam bombalanıb, görün Kiyev nə gündədir”. Bu axı 1954-cü il idi. Kiyevdə bircə salamat bina yox deyil, bütün digər şəhərlər də o gündə idi. Yeri gəlmişkən, Krım da xarabazara çevrilmişdi. Beləliklə, Xruşşov getdi və onları “tapdaladı” ki, Kiyev əlavə nəsə almadan Krımı qəbul etsin”, - deyə keçmiş məmur xatırlayır.

Nikita Xruşşov Sovet İttifaqına rəhbərlik etməzdən əvvəl - 1938-ci ilin yanvarından 1949-cu ilin dekabrınadək Ukrayna KP MK-nın birinci katibi olub

Xatırladaq ki, bundan əvvəl Ukraynanın ilk prezidenti Leonid Kravçuk bildirmişdi ki, 1954-cü ildə “Krım özü Rusiyaya dözməyərək Ukraynaya qoşulub”.

Daha öncə odessalı tanınmış televiziya aparıcısı, mərhum Qriqori Kvasnyuk öz verilişlərinin birində Krımın Ukrayna pulu ilə dirçəldildiyini mif adlandırmış və buna lağ etmişdi.

Həmçinin, respublikanın hazırkı başçısı Sergey Aksyenov Nikita Xruşşovun Krımı RSFSR-in tərkibindən çıxararaq Ukrayna SSR-in tərkibinə verməsi ilə yarımadada yaşayanların hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişdi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər