10 İyun 2021 09:26
3 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənaətimə görə, Ermənistanda seçkilərdə əyalətlər birmənalı olaraq, Paşinyana səs verəcəklər. İrəvan və digər iri şəhərlərdə isə Köçəryanın tərəfdarları daha çoxdur. Təbii ki, məsələ seçkilərdə həll olunacaq. Son sorğulara görə, rəyi soruşulan respondentlərin 35 faizi Paşinyana, 21.7 faizi isə Köçəryana səs verəcəklərini deyiblər”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Az qala hər gün erməni hərbçilərinin Azərbaycanla sərhəddə təxribata əl atdığına dair xəbərlər eşidirik. Maraqlıdır ki, onları Azərbaycana qarşı təxribata kim vadar edir, deyildiyi kimi, bu, təkcə Ermənistanda keçiriləcək seçkilərlə əlaqədardır?

- Erməni hərbçilərinin, habelə Ermənistan-Azərbaycan sərhədi yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinləri olan şəxslərin atdığı addımlar erkən seçkilərlə bağlı məsələ deyil. Məsələnin səbəbləri daha dərin və geniş müstəvidədir. Birinci səbəb budur ki, Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələr bu məsələdən kart-blanş kimi istifadə edərək, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bacarıqsız və qeyri-peşəkar olduğunu sübut etmək istəyirlər. İkinci səbəb, Ermənistanda Rusiya və Qərbyönümlü qüvvələrin toqquşmasıdır ki, seçkilər də bu iki tərəf arasında güc çəkişməsi və “əzələ” nümayişidir. Bu səbəbdən də Rusiya tərəfində olan qüvvələr tələb edirlər ki, Ermənistan-Azərbaycan sərhədlərinə rus sülhməramlıları yeridilsin. Əks tərəfdə olan qüvvələri isə Ermənistanın həmin bölgələrinə Fransa, Kanada, ABŞ, Avropa Birliyi, hətta Çinin silahlı qüvvələrinin yerləşdirilməsi kimi absurd təkliflər irəli sürürlər. Üçüncü səbəb Ermənistan daxilindəki anarxiya və xaosla bağlıdır. Çünki sərhəddə olan hərbi hissələr faktiki olaraq idarə edilmir. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı dəfələrlə etiraf edib ki, həmin bölgələrdəki situasiya onun tam nəzarətində deyil.

Sonuncu səbəb bundan ibarətdir ki, yerli sakinlər mərkəzi hakimiyyətə inanmadıqları üçün başıpozuq və anarxiya halında olan dəstələr formalaşdırıblar və bununla da guya revanş siyasəti həyata keçirmək istəyirlər. Amma istənilən halda bu situasiya kənardan idarə olunur. Bu diversiya və təxribatlar, habelə başıpozuq davranışlar və aqressiv bəyanatlar müəyyən ssenari üzrə həyata keçirilir.

- Ermənistanda keçiriləcək seçkilərdən gözləntiniz nədir: hansı nəticə ilə yekunlaşa bilər?

- Paşinyan əhali arasındakı dayaqlarını sürətlə itirməkdədir. Çünki onun istifadə etdiyi media, sosial şəbəkələr və digər strukturlar gözlənilən effekti vermir. Həm də Rusiyadakı erməni diasporu və bəlli qüvvələr Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hakimiyyətə gəlməsi üçün əllərindən gələni edirlər. Onun maliyyəsi Rusiyadan gəlir və təbliğat kampaniyası da ordan idarə olunur. Eyni zamanda, guya Rusiya Paşinyanı da dəstəkləyir. Rusiya Ermənistanın Müstəqillik günündə iki ölkə arasındakı münasibətlər tarixində ilk dəfə olaraq, Ermənistanı təbrik etmədi, amma iyunun 1-də ad günü münasibətilə Paşinyanı təbrik etdi.

Rusiya indi iki düşərgəyə də oynayır. Guya həm Paşinyanın qələbəsini, həm də Köçəryanın hakimiyyətə gəlməsini istəyir. Qənaətimə görə, seçkilərdə əyalətlər birmənalı olaraq, Paşinyana səs verəcəklər. İrəvan və digər iri şəhərlərdə isə Köçəryanın tərəfdarları daha çoxdur. Təbii ki, məsələ seçkilərdə həll olunacaq. Son sorğulara görə, rəyi soruşulan respondentlərin 35 faizi Paşinyana, 21.7 faizi isə Köçəryana səs verəcəklərini deyiblər.

- ABŞ və Türkiyə prezidentləri – Co Bayden və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşdə Qarabağ məsələsi də müzakirə olunacaq. Bayden bu məsələni niyə Ərdoğanla müzakirə etmək zərurəti duyur, bu müzakirədə nail olmaq istədiyi nəticə nə ola bilər?

- Söhbət Baydendən yox, rəsmi Vaşinqtonun istəklərindən gedir. Bunu da normal qarşılayıram. Çünki noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, Moskva faktiki olaraq, vasitəçilik funksiyasını yerinə yetirməyə başlayıb. ATƏT-in Minsk qrupunda həmsədr olan digər dövlətlər, yəni ABŞ və Fransa isə 44 günlük Vətən Müharibəsinin nəticələrinə görə, Cənubi Qafqazdakı təsir elementlərinin əksəriyyətini itiriblər. Bayden administrasiyasının da məqsədi Rusiya və Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini nəzərə alaraq onlarla danışıqlar aparmaqdır. Bayden və Putin arasında keçiriləcək görüşdə də bu məsələnin müzkirə olunacağı şübhəsizdir.

Rəsmi Ankara və Vaşinqton arasındakı təmaslara gəldikdə, ABŞ Türkiyədən yararlanaraq Cənubi Qafqazda öz təsir elementləri və təzyiq rıçaqlarını gücləndirməyə çalışacaq. Daha sadə desək, ABŞ Rusiyanın bölgədə möhkəmlənməsini istəmir.

- ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, Azərbaycana hərbi yardım məsələsi Vaşinqtonda müzakirə olunur. Maraqlıdır ki, indiyədək ABŞ Azərbaycana hansı hərbi dəstəyi verirdi, yəni belə bir dəstək olub?

- Olub! Birbaşa hərbi yardım olmayıb, amma ABŞ Azərbaycan sərhədlərinin möhkəmlənməsi, bölgənin logistik mərkəz olduğunu nəzərə alaraq, Azərbaycanın sərhəd qoşunlarının gücləndirilməsi, texniki təminat və digər məsələlərlə bağlı indiyədək ölkəmizə on milyonlarla dollarlıq yardım ünvanlayıb. Eyni zamanda, illərdir Əfqanıstanda həyata keçirilən sülhməramlı missiyanın əsas elementlərindən biri, daha doğrusu, nəqliyyat qurşağı Azərbaycandır. ABŞ-ın Əfqanıstana yolladığı və oradan çıxardığı hərbçilər, silah-sursat, texnika məhz Azərbaycan vasitəsilə daşınır. Bu baxımdan, ABŞ həmişə Azərbaycana dəstək verib. “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması da bununla bağlıdır. Əlbəttə, bunun ləğvini istəyərdik, amma ABŞ-dakı erməni lobbisi və Ermənistanı dəstəkləyən qüvvələr bu düzəlişin aradan qaldırılmasının qarşısını alırlar. Bununla da, Azərbaycana təzyiq və Türkiyəyə mesaj verməyə çalışırlar.

- Bəs indi ABŞ hökuməti həmin qüvvələrin təzyiqi ilə bu dəstəyi dayandıra bilərmi? Çünki Blinken bu məsələnin nəzərdən keçirildiyini deyir.

- Dayandırılmayacaq. Çünki ABŞ-ı erməni lobbisi idarə etmir. Sadəcə olaraq, erməni lobbisi Senat və Konqresdəki kokslar vasitəsilə bu qurumlarda qəbul edilən sənəd və ya qərarlara müəyyən qədər təsir edir, qərarlar və layihələrin müzakirəyə çıxarılmasına şərait yaradır. Yəni ABŞ-ın xarici siyasətini erməni lobbisi müəyyənləşdirmir, bu mümkün deyil.

Azərbaycan ABŞ üçün çox önəmli, strateji, geosiyasi, hərbi və iqtisadi tərəfdaşdır. Biz bir sıra böyük enerji layihələrindən tutmuş, nəqliyyat, kommunikasiya, infrastruktur və logistika layihələrində ABŞ-la tərəfdaşıq. Yəni hazırda Azərbaycan ABŞ üçün strateji tərəfdaş və müttəfiqdir.


Müəllif: Mənsur Rəğbətoğlu