10 İyun 2021 13:41
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arzu edək ki, doğrudan da biz post-pandemiya dövrünə qədəm qoymuş olaq. Çox istəyirik ki, növbəti yumşalma mərhələsindən sonra yenidən bir dalğa baş verməsin. Sevinirik ki, bütün dünyada artıq iki aydan çoxdur ki, bu meyl artmaqdadır. Artıq yoluxma və ölüm halları aşağı düşüb, vaksinasiya sürətlənir. İnşallah payıza doğru bunu daha şəffaf və aydın şəkildə müşahidə edəcəyik.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.

O qeyd edib ki, iki ilə yaxın bir dövr dünyada çox ciddi dəyişikliklərin olmasına gətirib çıxardı: “Məsafədən idarəolunma, tədbirlərin keçirilməsi, elektron hökumət məsələlərinin daha da aktuallaşması, onlayn ticarət proseslərinin yüksəlməsi artıq yenilik kimi bundan sonra tətbiq olunacaq. Qeyri-neft sektorunun inkişafı bütün dünyada bundan sonra da aktual olacaq. Ticarət əlaqələrinin, turizm əməkdaşlığının möhkəmlənməsi, tikinti sektorunun dirçəlməsi əmək bazarında yenidən canlanma yaradacaq. Bununla da qeyri-məşğul əhalinin bir hissəsinin məşğulluğuna şərait olacaq”.

Komitə sədrinə görə, Azərbaycanın bir neçə ildir ki, hazırladığı layihələrin icrasına münbit şərait yaranacaq: “İlk növbədə logistika siyasəti Şimal-Cənub, Şərq-Qərb dəhlizi, dəmir yolu və avtomobil daşımaları böyük aktuallıq kəsb edir. Bu, ölkəmizə böyük iqtisadi dividentlər gətirəcək. Ələt İqtisadi Zonasının işə düşməsi pandemiya sonrasında iqtisadi fəallığa təsir edəcək”.

Musa Quliyev hesab edir ki, Zəngəzur dəhlizinin açılması regionda yeni bir iqtisadi münasibətlərin yaranmasına və iqtisadi yüksəlişə səbəb olacaq: “Turizm potensialının daha ciddi şəkildə reallaşmasına səbəb olacaq. Azad edilmiş torpaqların yenidən dövriyyəyə qatılması kənd təsərrüfatı və emal sahəsinin inkişafına mühüm təsir edəcək. Bununla belə post-pandemiya dövründə bütün nəzərdə tutulan iqtisadi layihələr böyük sürətlə icra ediləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər