11 İyun 2021 09:14
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə liderinin bu səfərindən sonra bölgədə gedən proseslər öz istiqamətini tamamilə dəyişəcək. Ərdoğanın gəlişindən sonra Rusiyanın bölgədə yol verdiyi özbaşınalıqlara tədricən son qoyulacaq. Bütün bunlar diplomatik kanallarla Rusiyanın diqqətinə çatdırılacaq. Sülhməramlıların statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlər öz həllini tapacaq. Beləliklə, Ərdoğanın Şuşaya gəlişi tarixi səfər olacaq, bu, Türkiyənin bölgədə yerləşdiyini əyani şəkildə isbatlayacaq”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Qarabağın status”u haqda açıqlama verib, bildirib ki, bu məsələ gələcəkdə həll oluna bilər. Lavrovun bu açıqlamasını necə izah etmək olar, hansı mənanı kəsb edir?

- Getdikcə Rusiyanın mövqeyində dəyişikliklər hiss etməyə başlamışıq. Sanki əvvəllər status məsələsində bizimlə razılaşmışdılar. Eyni zamanda, Qarabağın Azərbaycan sərhədləri daxilində olduğunu bildirmişdilər. İndi isə fərqli mövqe sərgilənir, başqa fikirlər səsləndirilir. Habelə ATƏT-in Minsk qrupunu canlandırmağa çalışırlar. Bu kimi fikirləri də Minsk qrupunun dilindən səsləndirirlər. Məsələ budur ki, Azərbaycan proseslərin Minsk qrupu vasitəsilə canlanmasını qəbul etmir. Beləliklə, tərəflər arasındakı fikir ayrılıqları aydın şəkildə bildirilir. Bu fikir ayrılıqları da sülhməramlıların davranışları ilə bağlıdır. Azərbaycan təklif etdi ki, sülhməramlıların statusu ilə bağlı beynəlxalq təşkilatlar səviyyəsində mandat müəyyənləşdirilsin. Amma Rusiya bunu xoş qarşılamadı, demək olar ki, cavabsız qaldı. Məsələn, sülhməramlıların erməniləri Kəlbəcərdəki Xudavəng monastırına daşıması Azərbaycanı hiddətləndirir. Belə görünür ki, münasibətlərdə sərinlik var. Bu sərinliyi yaradan amillər içində Ermənistanda keçiriləcək seçkilər də bəlli bir yer tutur.

Əlbəttə, Azərbaycan Ermənistanın daxili işlərinə qarışmır. Amma Ermənistanda hakimiyyətə gələcək şəxs üçtərəfli anlaşmalara, bu anlaşmalar çərçivəsində gələcəkdə Mehri dəhlizinin açılması prosesinə müsbət münasibət bəsləməlidir.

- Bəs Rusiyanın Ermənistandakı son proseslərə münasibəti necə ola bilər?

- Dünənə qədər belə təəssürat vardı ki, Rusiya Paşinyanı müdafiə edir. Hətta onu Moskvada qəbul etdilər. Bura qədər Ermənistanda keçirilən rəy sorğuları da, Paşinyanın yüksək reytinqə malik olduğunu göstərirdi. Amma Paşinyan Fransaya getdikdən sonra bu günədək adları bəlli olmayan təşkilatların “sosial tədiqiqat sorğuları” yayılmağa başlayıb. Bu səfərdən sonra Paşinyanın Fransada Rusiya və Putin əleyhinə fikirlər səsləndirməsi haqda əsassız məlumatlar dövriyyəyə buraxıldı. Bundan sonra dərhal hiss olundu ki, Putin fikrini dəyişib. Putin Robert Köçəryana zəng etdi, onunla uzun-uzun danışdı. Köçəryan bu danışıqdan sonra bəyan etdi ki, Rusiya onun seçilməsini istəyir və bunun üçün əlindən gələni edəcək. Bu, Ermənistanda ciddi qarışıqlığa səbəb oldu. Ardından Rusiyanın Ermənistandakı hərbi bazalarının rəhbərləri Köçəryanla görüşməyə başladılar. Nəticə etibarilə Köçəryanın Ermənistan daxilindəki reytinqinin müəyyən qədər qalxmasına nail oldular.

Sorğulara gəldikdə, bunların hamısı Rusiya tərəfindən qurulmuş qondarma təşkilatlar tərəfindən aparılır. Həmin “soğru”ların nəticələrinə görə, guya Köçəryanın reytinqi Paşinyana yaxınlaşıb, onu keçməyə lap az qalıb. Bütün bunlar seçkilərin saxtalaşdırılması üçün həyata keçirilən tədbirlərin ayrı-ayrı komponentləridir. Böyük ehtimalla seçki günü bülletenlər və qutular dəyişdiriləcək və ya bunlara cəhdlər ediləcək. Düzdür, Paşinyanın komandası bunlara nəzarət edəcək, amma bunların öhdəsindən gəlmək o qədər də asan olmayacaq.

- Bu kimi cəhdlər nə ilə nəticələnəcək?

- Ola bilsin ki, qarşıdurma yaransın. Sözsüz ki, rus ordusu bu qarşıdurmada həlledici rol oynayacaq. İlk növbədə, Ermənistan ordusu Paşinyana tabe olmayacaq. Hətta ordudan Paşinyan əleyhinə müəyyən fikirlər səsləndirilir. Bir sözlə, Paşinyanın Fransaya getməsi, orada açıq şəkildə Qərbdən dəstək istəməsi bardağı daşıran sonuncu damla oldu. Vəziyyət belədir: Qərb və Rusiya arasında Ermənistan uğrunda ciddi yarış gedir. Sözsüz ki, bu yarışda üstünlük Rusiyanın tərəfindədir. Şübhəsiz ki, Rusiya bu prosesdə seçkilərlə bağlı beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qanunlar çərçivəsində hərəkət etməyəcək, onu nə qane edirsə, o addımı da atacaq. Bu mənada, Rusiyanın üstünlüyü indidən hiss olunur.

Ermənistandakı seçkilərin nəticələri ölkəmiz üçün də böyük əhəmiyyətə malikdir. Biz də normal, imzalanmış sənədlərin bütün müddəalarını yerinə yetirə biləcək bir adamın hakimiyyətə gəlməsini istəyirik. İndi Rusiya sülhməramılara münasibətdə bir addım, Minsk qrupunda münasibətdə başqa bir addım, Ermənistandaxili proseslərə yanaşmada tamam başqa bir addım atır. Qaniçən, müharibə alovunu qızışdıra biləcək bir adama dəstək verməsi də bir problemdir. Bütün bunların hamısı qeyri-konstruktiv addımlardır. Zənnimcə, bu kimi addımlar müharibədən sonra bölgədə yaranmış pozitiv ab-havaya mənfi təsir göstərə bilər. Amma məsələ budur ki, Köçəryan hakimiyyətin başına keçib öz revanşist açıqlamalarını davam etdirsə, bunun nəticələri onun ölkəsi üçün yaxşı olmayacaq. Bu durumda Türkiyə və Pakistan proseslərə qatıla bilər. Bu işin sonunda da, Rusiya tamamilə bölgədən sıxışdırılıb çıxarılması mümkündür. Ermənistan dövlətçiliyi isə bundan ciddi zərər görə bilər.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Azərbaycana gələcək. Sizcə, bu səfər bölgədə gedən proseslərə nə kimi təsir göstərəcək?

- Həm Azərbaycan, həm də Türkiyə prezidenti Şuşaya ailəsi ilə birlikdə səfər edəcək. Bu səfərdən sonra Qarabağda Türkiyənin iştirakı artacaq. Üstəgəl, bu səfər çərçivəsində Şuşada Türkiyə konsulluğunun açılmasının əsası qoyulacaq, eyni zamanda, MHP lideri Dövlət Bağçalının məktəb ideyası öz həllini tapacaq.

Hesab edirəm ki, Ərdoğan bura təkcə Şuşanı görmək üçün gəlmir. Qənaətimə görə, Ərdoğan Qarabağın bütün yerlərində olacaq: Zəngilan, Ağdam və digər yerlərə də gedəcək. Ermənilərin bölgədə yaratdıqları fəlakəti öz gözləri ilə görəcək. Ərdoğanla Qarabağa gedən jurnalist ordusu da bunları lentə alacaq. Bütün bunlar dünyanın ictimai rəyinə təsir göstərən amillərdir.

Ərdoğanın səfəri ruslara da mesaj olacaq. Çünki ruslar indi başqa bir məsələnin arxasına düşüb, dediyim ki, Ermənistanda hakimiyyəti öz xeyirlərinə dəyişməyə, bu ölkəni öz köləsinə, sonra da quberniyasına çevirməyə çalışırlar. Ərdoğan isə Azərbaycanın ərazi bütövlüyünün bərpasına çalışır, sülhməramların bölgədən çıxarılaraq, yerdə qalan məsələlərin həlli üçün başqa bir formul tapılması yönündə müzakirələr aparır. Artıq bunun bünövrəsi qoyulub və bu yöndə ciddi danışıqlar aparılır. Bu da Ərdoğanın səfərindən sonra özünü göstərəcək. Əlbəttə, ruslar Ərdoğanın Şuşaya gəlməsini istəmirlər, hətta bunun qarşısını almaq üçün müəyyən mesajlar da göndərirlər. Amma Ərdoğan belə şeylərdən çəkinən deyil, əksinə, bu cür davranışları sevən adam deyil. Ərdoğan Şuşaya gəlməklə öz müstəqil iradəsi və dəyanətini nümayiş etdirir.

Türkiyə liderinin bu səfərindən sonra bölgədə gedən proseslər öz istiqamətini tamamilə dəyişəcək. Ərdoğanın gəlişindən sonra bölgədə özbaşınalıqlara tədricən son qoyulacaq. Bütün bunlar diplomatik kanallarla Rusiyanın diqqətinə çatdırılacaq. Sülhməramlıların statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlər öz həllini tapacaq. Beləliklə, Ərdoğanın Şuşaya gəlişi tarixi səfər olacaq, bu, Türkiyənin bölgədə yerləşdiyini əyani şəkildə isbatlayacaq. Bundan sonra kimsə Türkiyə rəhbərliyinin iştirakı olmadan bölgə məsələlərinin həllinə girişməyə cəsarət etməyəcək. Bu, Azərbaycan üçün çox əhəmiyyəti bir səfər olacaq. Bu, təkcə Azərbaycan-Türkiyə qardaşlığını gücləndirməyəcək, həm də bölgənin taleyi üçün hər iki ölkənin məsuliyyət daşıdığını da göstərəcək. Nəzərdə tutulan ideyalar – Turan Ordusu, türk dövlətlərinin birliyi və s. kimi məsələlərin həllinə də bundan sonra sürətlə təkan veriləcək. Bir sözlə, Rusiyanın Cənubi Qafqazda atdığı səhv addımlar ucbatından münasibətlər qızışır. Amma bu münasibətlərin qaydasına salınması üçün də ciddi tədbirlər həyata keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər