10 İyun 2021 19:35
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, AŞPA-nın növbəti sessiyasında sərhəddə erməni təxribatları, azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı müzakirə gözlənilirmi?

- AŞPA-nın bu sessiyasında, birbaşa Parlament Assambleyasının iclasında, Avropa Şurasının gündəliyində belə bir məsələ yoxdur. Amma Azərbaycan nümayəndə heyəti hər çıxışda, hər toplantıda xüsusi olaraq son hadisələrlə bağlı məsələləri gündəmə gətirəcək. Azərbaycan jurnalistlərinin erməni terrorunun qurbanı olması ilə bağlı məsələlər nümayəndə heyəti tərəfindən səslənəcək. Bununla bağlı bütün zəruri addımlar atılıb, məktublar göndərilib. Eyni zamanda tək AŞPA rəhbərliyinə deyil, Azərbaycan və Ermənistan üzrə məruzəçilərə də bununla mağlı məktub ünvanlanıb. Çünki Ermənistana bununla bağlı təsir, təzyiq edilməlidir. Məhz bununla Ermənistana qarşı müvafiq bəyanatlar, fikirlər gündəmə gətirilə bilər. Avropa İnsan Haqları Məhkəməsi və Avropa Şurası aprel sessiyasında Azərbaycanda erməni terroristlərin həbs olunması ilə bağlı yanlış qərar çıxarıb. Guya erməni diversantlar müharibə əsirləridir kimi təqdim etmək niyyətindən çıxış edilib. Bir neçə gün öncə isə həmin o erməni əsgərlərin meyitləri elə Ermənistanın özündə morqda baxımsız vəziyyətdə tapıldı. Ona görə də bu məsələlərin hamısı bir daha Avropa Parlamentinin, AŞPA üzvlərinin diqqətinə mütləq çatdırılacaq. Azərbaycan nümayəndə heyəti bunu mütləq edəcək. Həm sessiyada, həm də Monitorinq və İnsan Haqları, Qaçqın və Köçkünlərlə məşğul olan komitələrdə bunlar müzakirə olunacaq. Çünki Qaçqın və Köçkünlərlə məşğul olan komitədə bu məsələ ilə bağlı məruzə hazırlanır.

- Azərbaycan AŞPA və digər beynəlxalq təşkilatlara bəlli sərhədləri çərçivəsində üzv olub. Amma bu gün niyə ölkəmizin sərhəd xəttini bərpası ilə bağlı atdığı addımlar Ermənistanın sərhəd xəttinin pozulması kimi qiymətləndirilir?

- Bəli, həmin təşkilatlar önlərində olan xəritələrə baxır. Amma bunu görmək istəmir. 20 il ərzində Avropa Şurası, Avropa Parlamenti də bu reallığa baxıb. Amma onu görmək istəməyib. Azərbaycan torpaqları işğalda olanda dəfələrlə məsələ qaldırılıb. Bu hansısa bir kiçik ərazi ilə bağlı olmayıb. Azərbaycan kimi dövlətin 20 faiz ərazisi işğalda olduğu halda sözdə ölkəmizin ərazi bütövlüyünü tanıyaraq, konkret işğal faktı haqqında demək olar ki, susurdular. İndi isə rəsmi beynəlxalq qanuna uyğun olaraq addımlar atılır. Bununla bağlı həmin təşkilatlar bəyanat verir. Beynəlxalq qanunun qayğısına qalan və yaxud qayğısına qalmaq vəzifəsini yerinə yetirmək üçün yaradılmış təşkilatlar beynəlxalq qanunu Azərbaycan bərpa etdiyi halda ona qarşı çıxır. Faktiki olaraq Azərbaycan beynəlxalq hüququ bərpa edib və işğala son qoyub. Amma onlar buna başqa gözlə baxırlar. Azərbaycan bu gün sərhəddə delimitasiya, demarkasiya həyata keçirir. Ölkəmiz özünəməxsus, beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edir. Amma onlar bunun əleyhinə çıxır. Ona görə də beynəlxalq münasibətlərdə paradoksal bir proses gedir. Bu proses həqiqətə, reallığa qarşı yönələn, atılan addımlar kimi qiymətləndirilir. Əgər belə olmasaydı, real işğal faktı ilə bağlı onlar çoxdan Ermənistana sanksiyalar tətbiq edərdilər. Hətta Ermənistan AŞPA-dan belə qovulmalı idi. Amma bu gün Ermənistanı dəstəkləyən, köməklik edənlər tapılır. Sonda isə özləri ciddi siyasi böhrana düşür. Necə ki, indi Fransa belə bir böhranı yaşayır.

- Bütün reallıqlara baxmayaraq nədənsə Ermənistanın əsassız iddialarına bütün beynəlxalq təşkilatlar haqq qazandırmağa çalışır. Bunu hansı amillərlə izah etmək olar?

- Burada başqa bir məsələ də var. Çünki üzdə və alt qatlarda olan proseslər var. Üzdə olan məsələlər indi sərhəddə olanlar, erməni lobbisinin hərəkətləri, xristianlıq, islamafobiyadır. Amma alt qatlarda olan məsələlər ondan ibarətdir ki, həmin güclər dünyada söz sahibləri kimi faktiki bu regiona müdaxilə etmək niyyətindədirlər. Onlar Ermənistan vasitəsi ilə öz nüfuzlarını bərpa edib bölgədə hansısa bir oyunçuya çevrilmək istəyirlər. Amma bu regionda real nüfuza malik Azərbaycan, Türkiyə, Rusiya var. Fransa, ABŞ, Avropa Birliyi və yaxud da hanısa bir Avropa dövləti problem mövcud olduğu zamanlarda ortada yox idilər.

- Son zamanlar ABŞ diplomatiyasının regionla bağlı fəallığı nə ilə əlaqəlidir?

- ABŞ diplomatiyası bölgə ilə bağlı aktivləşib. Onlar artıq daha yaxşı başa düşürlər ki, hansı istiqamətdə hərəkət etmək lazımdır. ABŞ dövlət katibinin köməkçisinin Azərbaycana gəlişi də bununla bağlıdır. ABŞ rəsmisinin sovet xəritələrinə uyğun sərhədlər bərpa edilməlidir, Azərbaycan bizim güclü tərəfdaşımızdır, Azərbaycanla münasibətləri yüksək səviyyədə qurmalıyıq - ifadələri heç də təsadüfi deyil. Amma bəzi qüvvələr öz niyyətlərindən əl çəkmirlər. Bu regionda xaos destabilizasiya yaradaraq erməni faktoru ilə bura müdaxilə etmək istəyirlər. Məqsəd güclənən Azərbaycanı zəiflətməkdir. Maksimim səviyyədə çalışırlar ki, bölgədə nüfuz və təsir imkanları əldə olunsun. Bu, yalnız sadlanan ölkələrə aid deyil. Bu regionda nüfuzu olan ölkələr də buna maraqlıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər