Bir çox hallarda özlərini demokratik dəyərlərin çarçısı kimi qələmə verənlərin əsl mahiyyəti reallıqdan tamam uzaq olur. Bu gün Qərbdə olan dini, milli, irqi ayrıseçkilik məhz gerilikçi yanaşmaların məhsulu kimi önə çıxır. Amma bir çox məqamlarda bu məsələdən təzyiq və təsir vasitəsi kimi yararlanma halları da müşahidə olunur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan özünün idarəçilik və dövlətçilik fəlsəfəsi ilə demokratik dəyərləri hər zaman rəhbər tutub: “Ölkəmizdə bütün demokratik təsisat mövcuddur. Azərbaycanda ayrı-ayrı xalqların nümayəndələri dövlət və qeyri-dövlət strukturlarında təmsil olunur. Bu gün ölkəmiz dünyada multikulturalizm dəyərlərinin təbliğatçısı və örnək kimi tanınır. Demokratik dəyərlərin təminatı üçün dövlətimiz tərəfindən mühüm addımlar atılıb. Ölkəmizdə söz və mətbuat, sərbəst ifadə azadlığı ən yüksək səviyyədə təmin edilib”.
Ceyhun Məmmədova görə, təəccüblüsü odur ki, bəzi Qərb ölkələrində Azərbaycanla bağlı həqiqəti əks etdirməyən fikirlər tirajlanır: “Erməni lobbisinin və bəzi qeyri-hökumət təşkilatlarının fikirləri əsasında yayılan bu yanlış informasiyalar heç bir məntiqlə uzlaşmır. Avropanın özündə insanların adi məişət şəraitində polis tərəfindən zorakılıqlara məruz qalması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Amma nədənsə, özlərini demokratik dəyərlərin çarçısı kimi hesab edənlər bu cür məsələləri görməzdən gəlir. Azərbaycan kimi inkişaf edən ölkələrin isə beynəlxalq arenada artan nüfuzu bir çoxlarının narahatlığına səbəb olur”.
Millət vəkili hesab edir ki, Qərb mediasında Azərbaycanla bağlı səslənən fikirlər erməni lobbisinin maraqları müstəvisində olan mənbələrdən qaynaqlanır: “44 günlük Vətən müharibəsində Azərbaycan separatizmə vurduğu zərbə ilə beynəlxalq hüquqa mühüm töhfə vermiş oldu. Bütün dünya tərəfindən tanınan ərazi bütövlüyümüz heç bir kənar təsir olmadan təmin edildi. Amma bundan narahat olan qüvvələr, xüsusi olaraq erməni lobbisi öz məkrli planlarına uyğun olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirməyə macal tapır. Sözsüz ki, heç bir əsası olmayan fikirlər bəlli bir zamandan sonra əhəmiyyətsiz olur”.