11 İyun 2021 18:26
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun işinin təfərrüatlarını təqdim edib.

Teleqraf.com xəbər verir ki, A.Overçuk “Rossiyskaya Qazeta”ya verdiyi müsahibə zamanı deyib:

“Tarixdə müharibə edən tərəflərin bu cür qısa müddət sonra nəqliyyat əlaqələrini açmaq və ölkələrinin iqtisadiyyatlarının inkişafı üçün şərait yaratmaq vəzifəsi ilə danışıqlar masasına oturduqlarına dair az nümunə var. Ən əvvəl başlanğıc nöqtəsi tapmaq vacib idi, heç kim danışıqların başlamadan əvvəl bitməsini istəmirdi. Bu yanaşma iki ölkə arasında bütün mümkün dəmiryolu və avtomobil yollarının müzakirəsinə keçməyə imkan verdi”.

“Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisi vasitəsilə nəqliyyat əlaqəsi imkanları nəzərdən keçirilir. Bununla yanaşı eyni vaxtda Ermənistandan Azərbaycan ərazisi vasitəsilə Rusiyaya, ya da Ermənistan və Rusiyadan Naxçıvandan keçməklə İrana hərəkətə başlamaq vəzifəsi həll olunur. Bundan əlavə, Ermənistanın Mərkəzi Asiya ölkələrinə və Mərkəzi Asiya ölkələrinin Ermənistana yüklərin daşınması üçün Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etmək imkanları yarana bilər.

Ermənistanın özünün dənizə çıxışı yoxdur, Türkiyə və Azərbaycanla çox mürəkkəb tarixi münasibətləri var və bu ölkələrlə sərhədləri bağlanıb. Ermənistanın İranla kiçik quru sərhədi var, lakin orada çətin relyef və pis yollar mövcuddur. Hansı ki, tammiqyaslı nəqliyyat əlaqəsinin həyata keçirilməsinə mane olur. Bundan əlavə, İranın özü də məhdudlaşdırıcı tədbirlər görür və bu da vəziyyətə təsir edir”, - deyə Rusiya Baş nazirinin müavini bildirib.

“Bölgədə nəqliyyat blokadasının aradan qaldırılması Rusiya, Avrasiya İqtisadi İttifaqı və bütün qonşu ölkələr üçün vacibdir. Bununla yanaşı Ermənistan nəinki İranın Fars körfəzindəki limanlarını Qara dəniz limanları ilə, həmçinin, Baltik dənizi və Sakit okeandakı Rusiya limanlarını birləşdirən vacib beynəlxalq nəqliyyat qovşağına çevriləcək, həm də öz istehsalını qurmağa başlayacaq. Çünki yeni satış bazarlarına çıxış olacaq və ölkədən məhsul ixracı imkanlarını məhdudlaşdıran faktorlar keçmişdə qalacaq. Müasir tarixdə bu cür imkanlar heç vaxt açılmayıb və şübhəsiz ki, bu yeni konfiqurasiyada əsas faydalananlar Azərbaycan və Ermənistan olacaqdır. Rusiya bu məsələdə onlara və regiondakı bütün ölkələrə kömək edir.

İşçi qrupu çərçivəsində Azərbaycanla Ermənistanı birləşdirən bütün mümkün dəmiryolu və avtomobil yolları araşdırıldı. Yazda bu ölkələrin sərhəd rayonlarında Rusiya Nəqliyyat Nazirliyinin, “Rosavtodor” və Rusiya Dəmir Yollarının mütəxəssisləri işlədilər. Onlar hər bir avtomobil və dəmir yolunu araşdırdılar, iki ölkə arasında ticarət daşımaları imkanlarını qiymətləndirdilər. Yol səthlərinin, dəmir yollarının, körpülərin, yolların altında qalan boruların vəziyyəti qiymətləndirildi. Təəssüf ki, demək olar bütün mümkün marşrutlar yararsız vəziyyətə düşdü və nəqliyyat əlaqələrinin bərpası ciddi investisiyalar tələb edir. Bu ekspert işinin nəticələrinə əsasən, tərəflər nəqliyyat əlaqəsinin blokadasını aradan qaldırmaq üçün gələcək addımları müəyyənləşdirə bildilər”, - deyə Overçuk bildirib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər