Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, professor Elman Nəsirov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, terrorçu Monte Melkonyana Rusiyada “anım” günü keçiriləcək. Terrorçuya belə bir münasibəti necə şərh etmək olar?
- Erməni terrorçu Monte Melkonyan beynəlxalq terrorçudur. O, terrorizm dünyasının "seçilən" şəxslərindən biri olub. Onun bütün fəaliyyəti məhz insanlıq əleyhinə çevrilib. Bu terrorçu ilk növbədə türklər və azərbaycanlılara qarşı açıq terror təxribatı, cinayət addımları törədib. Azərbaycanlıları, türkləri öldürmək onun üçün həyat məqsədi olub. Xüsusilə də Qarabağda onun törətdiyi qanlı cinayətlər hər kəsə bəllidir. Amma buna baxmayaraq belə bir terrorçu bu gün Ermənistanda “milli qəhrəman" səviyyəsinə yüksəldilib. Əslində buna təəccüblənmək də lazım deyil. Eyni zamanda ona da təəccüblənmək lazım deyil ki, hətta Moskvada erməni lobbisi və diasporu terrorçu Monte Melkonyanla bağlı xüsusi bir tədbir keçirir. Bu tədbirlə erməni diasporu terrorçuya olan ehtiramlarını ifadə edir. Əslində həmin ermənilər terrorizmə olan sevgi və məhəbbətlərini ifadə etmiş olurlar. Belə olan halda haqlı suallar yaranır ki, bu hadisələrin baş verməsi Ermənistan üçün nə dərəcədə məntiqlidir? Hesab olunur ki, bu, tam məntiqlidir, gözlənilən və proqnozlaşdırılandır. Ermənistanda bir-biri ilə uyğunlaşan 2 cür dövlət siyasəti var. Birincisi, faşizm ideologiyası və onun qəhrəmanlaşdırılmasıdır. İkincisi isə terrorizm və terrorçuluqdur. Ermənistan həm də xüsusilə də terrorçuluğun ixracı ilə məşğuldur. Bu dövlətin rəsmi ideologiyasında faşizm və terrorizm aparıcı xətdir. Ermənistanda faşistlərə və terrorçulara olan rəğbət, onların qəhrəmanlaşdırılması, heykəllər qoyulması, adlarına metro və meydanların, küçələrin verilməsi artıq təəccüb doğurmayan məsələlərdir. Bu, ideoloji xətdən yaranan məsələdir. Paytaxt İrəvanda, şəhərin mərkəzində 6 metr hündürlüyündə Hitlerin ən yaxın silahdaşlarından biri olan Qaregin Nijdeyə heykəl qoyulub. Eyni zamanda faşist Nijde qəhrəmanlaşdırılıb. Erməni gənclərini Nijdeyə, faşizmə sevgi ruhunda tərbiyələndirilir. Hətta bu yaxınlarda Rusiyanın Armavir şəhərində faşist Nijdenin adına bir löhvə də qoyulmuşdu. Lakin sonradan bu uğursuz löhvə söküldü. Belə olan halda Melkonyan kimi bir beynəlxalq terrorçulara olan diqqəti və qayğını, onun adının əbədiləşdirilməsini, xüsusi tədbirlərin keçirilməsini təsadüfi saymaq olmaz. Amma bu məsələdə beynəlxalq ictimaiyyət çox ciddi addımlar atmalıdır.
- Terrorçu ilə bağlı tədbirin keçiriləcəyi gün eyni zamanda Rusiyada Konstitusiya günüdür...
- Erməni terrorçu M.Melkonyanın "anım" gününün keçirilməsi təsadüfi deyil. Hər şey məqsədyönlü şəkildə həyata keçirilir. Erməni terroçuya Rusiyanın Konstitusiya günü ilə eyni vaxtda “anım” günü keçirilməsi beynəlxalq səviyyəli cinayətkarın adının “qanuniləşdirilməsindən”, “legitimləşdirilməsindən” irəli gələn məsələdir. Burada belə bir eyham da var. Rusiyada erməni lobbisi və diasporu kifayət qədər gücə malikdir. Onların Rusiyada təsir və təzyiq üçün imkan və rıçaqları var. Bu imkanlardan da istifadə edib Rusiyada müəyyən siyasi dairələrlə sövdələşməyə gedib belə uyğunsuz addımlar atılır. Halbuki Rusiyanın ali siyasi rəhbərliyi dəfələrlə qeyd edib ki, faşizmin qəhrəmanlaşdırılmasına yol vermək olmaz. Eyni zamanda Rusiya beynəlxalq terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdəndir. Yəni beynəlxalq terrorizm Rusiya üçün də çox ciddi təhlükə və təhdid mənbəyidir. Ona görə də bir yerdə "terrorçu yaxşıdır", bir yerdə "pisdir" - deməklə bu qlobal bəlaya qalib gəlmək olmaz. Necə ola bilər ki, İŞİD, Əl-Qaidə pis olsun, amma terrorçu Melkonyan yaxşı?! Bu mümkün deyil. Əgər bu mümkün olsa, beynəlxalq terrorizmə qalib gəlmək mümkün olmayacaq. Terrorizmə qarşı hər yerdə və hər zaman prinsipial mübarizə aparılmalıdır. Eyni zamanda bu mübarizə koordinasiyalı şəkildə olmalıdır. Bir yerdə terrorizmə mübarizə aparılsın, başqa yerdə oxşar hadisəyə “göz” yumulsun... Bu, yolverilməzdir! Belə olan halda XXI əsrin "vəbasına" qalib gəlmək mümkün deyil. Assimetrik təhdid mərkəzinə qalib gəlmək asan olmayacaq. Ona görə də Rusiya paytaxtında terrorçu ilə bağlı keçirilən bu uğursuz tədbirə də Azərbaycan tərəfinin də çox ciddi qınağı olacaq. Müvafiq orqanlar bununla bağlı intensiv iş aparacaqlar. Belə halların qarşısının alınması üçün ciddi ölçü götürülməlidir. B
- Bu cür proseslərin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
- Bu gün beynəlxalq terrorizmə qarşı mübarizə o qədər də səmərəli və hələ ki, tam, effektiv deyil. Bir yerdə terrorizm olur, düşünülür ki, onunla mübarizəyə başlanılsın. Amma başqa bir yerdə analoji hal baş verəndə bəzən eyni addım atılmır. Bu gün terrorçuların “immuniteti” də güclüdür. Terrorçular müasir dövrün kommunikasiya imkanlarından məharətlə istifadə edir. Cinayətkar şəbəkələrin bir çox hallarda koordinasiya olmuş fəaliyyətləri də üzə çıxır. Amma çox təəssüf ki, terrorçular və terror təşkilatlarında olan koordinasiya dünyanın bir çox sivil ölkələrində yoxdur. Terrorçular bir-biri ilə daha çox əlaqələndirilmiş rabitə qura bilir. Dünya dövlətlərində ikili standartlar, müəyyən maraqlar səbəbindən terrorizm şəbəkəsinin birdəfəlik məhvi ilə bağlı məsələlərdə bir qədər ləngimə müşahidə olunur. Çünki bir çox hallarda terrorizmə qarşı mübarizədə lazımi koordinasiya həyata keçirilmir. Ben-Ladenə terrorçu deyib, Melkonyana “anım” günü keçirəndə sözsüz ki, fikirlər də haçalanır. Ona görə də belə ikili standartlar yolverilməzdir. Azərbaycanlılara, türklərə qarşı amansız qanlı cinayətlər törətmiş Melkonyana Rusiyada qondarma anım günü keçirilməsi məsələsi bu ölkənin müvafiq qurumları qarşısında qaldırılmalıdır. Çünki bu cür terrora və onların “həvəsləndirilməsinə” xidmət edəcək tədbirlərin keçirilməsinə imkan verilməməlidir. Əks təqdirdə faşizmin dirçələn dalğasına, terrorizmə adekvat cavab vermək mümkün olmayacaq. Bu bəlaya qarşı sərt tədbirlər görülməsə, uzaqlaşmayacaq. Belə məsələlərdə istənilən dövlət, o cümlədən Rusiya Federasiyası böyük həssaslıq nümayiş etdirməlidir.