13 İyun 2021 00:59
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 erməni diversanta qarşı 97 min mina xəritəsinin alınması prosesi ABŞ və Rusiyanın bölgədəki mübarizəsinin bir hissəsidir və Vaşinqton qazanan, Moskva itirən tərəf kimi görünür.

Vaşinqtonun qazancı:

- Azərbaycan və Ermənistan arasında müharibədən sonra ilk vasitəçiliyini etməklə bölgəyə praktiki girişini elan etdi;

- Rusiyanın edə bilmədiyini, yaxud etmək istəmədiyini etməklə Bakı və İrəvan üzərində xal qazandı;

- Bundan sonra humanitar istiqamətdə fəaliyyəti genişləndirməklə bölgədə aktivliyini artıra biləcək;

Moskvanın itkisi:

- Müharibədən sonra ilk dəfə edə bilmədiyi vasitəçilik missiyasını ABŞ bacardı;

- ABŞ-ın vasitəçilik missiyası ilə bölgəyə girişi rusların vasitəçiliyinə alternativ yaratdı;

Hərçənd, prosesin açar nöqtəsi erməni diversantlarla mina xəritələri məsələsinin humanitar fəaliyyət kateqoriyasına daxil olmasıdır və bu, görünən qazanclara və itkilərə fərqli kontekstdə baxmağı vadar edir.

Rusiya “status” məsələsi üzərindən aktivləşmək istəyən Minsk qrupunun digər iki həmsədr ölkəsinə - ABŞ-a və Fransaya (həm də Avropaya) “humanitar dəstək” təklifini vermişdi. Bu, digər həmsədr ölkələrin müharibədən sonra yaranmış reallığı və Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmaları qəbul etməsinə hesablanan təklifdir.

ABŞ “hərbi əsir” və mina xəritəsində vasitəçilik etməklə Rusiyanın istəyi üzrə hərəkət etmiş oldu və gələcəkdə Minsk qrupu üzərindən həyata keçiriləcək fəaliyyətin presedentini yaratdı. Rusların bunu “çoxdan gözlənilən və böyük xəbər” adlandırmasını istəklərinə nail olduqları kimi də oxuya bilərik.

Hadisələrin inkişafında da bunu görə biləcəyik: Rusiya Qarabağ və bölgə üzərində Türkiyə ilə birlikdə hərəkət etməyə davam edəcək, bu haqda razılaşmaların olduğu da bəllidir, bunun fonunda Qərbin humanitar faliyyətdə aktivləşməsinə şərait yaradılacaq.

Prosesin əsas qazanan tərəfi Bakıdır.

1. Ağdamın mina xəritəsi əldə edildi və bununla digər bölgələrin xəritələrinin alınması prosesinə qapı da açılmış oldu;

2. Erməni diversantlar üzərindən Ermənistanın daxili siyasi mübarizəsində Paşinyana və oponentlərinə Azərbaycanın təsir imkanlarını göstərildi;

3. ABŞ-ın vasitəçiliyi ilə Moskvaya alternativlərin olduğu mesajı verildi;

4. Azərbaycan üçün ən mühüm məqam məhz “humanitar fəaliyyətdir”: Əliyev münaqişənin bitdiyini, Minsk qrupunun bundan sonrakı fəaliyyət istiqamətinin humanitar kömək ola biləcəyini bəyan etmişdi; ABŞ və Avropanın “əsir” və mina xəritəsi ilə bağlı humanitar köməyi Bakının Minsk qrupuna “biçdiyi don”un qəbul edilməsinin ilk nümunəsi hesab oluna bilər və bundan sonra Qarabağla bağlı mümkün “danışıqlar masası” da humanitar fəaliyyət çərçivəsində ola bilər.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər