Ermənistanın Ağdamın minalanmış ərazilərilə bağlı təqdim etdiyi xəritədən də aydın görünür ki, on minlərlə insanımızın həyatı və sağlamlığı böyük təhlükədən xilas oldu. Söhbət təkcə 1 rayon üzrə tank və piyada əleyhinə 97 min minadan gedir. Bunun hansı faciələrə yol aça biləcəyini təxmin etmək çətin deyil. Məlumdur ki, ötən ay Ağdamın baş planı təsdiqlənib və genişmiqyaslı infrastruktur layihələrinə start verilib. Bu mənada xəritənin təqdimatı olduqca vacib idi. Cənab Prezident bununla növbəti qələbəyə imza atdı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, minaların xəritəsinin əldə olunması bərpa prosesi və insanların qayıdışını sürətləndirəcək:
“Bu vaxta qədər Ermənistan tərəfi mina xəritələri ilə müxtəlif manipulyasiyalar edib. Hətta bəzi hallarda belə xəritənin olmadığını iddia edərək, məsuliyyətdən boyun qaçırmağa çalışıb. Lakin bu sonsuza qədər davam edə bilmədi. Ermənistan xəritəni təqdim etdi. Azərbaycan Ermənistanın bu davranışına cavab olaraq, saxlanılan 15 nəfər ermənini Gürcüstanla sərhəddə ölkəsinə təhvil verib”.
Deputat vurğulayıb ki, Ermənistanın xəritələri təqdim etməsilə bağlı prosesə töhfə verən tərəflar də var:
“ABŞ dövlət katibi Antoni Blinken, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunun olması təqdirəlayiqdir. Belə töhfələr Ermənistanın rassional qərarlar verməsini təmin edir. Bu da nəticə etibarı ilə Qarabağda dayanıqlı sülh və təhlükəsizlik baxımından vacibdir. Ermənistan nə qədər bölgədəki sülhyaratma missiyasında sağlam mövqe tutarsa, bu, həm də bu ölkənin özü üçün faydalı olacaq. Bu mənada istər beynəlxalq vasitəçilər, istərsə də Ermənistan bundan sonra da təhlükəsizlik prosesində fəal iştirak etməlidirlər. Bölgənin ümumi rifahı naminə bu zəruri amildir”.