14 İyun 2021 20:00
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Noyabrda üçtərəfli razılaşma əldə olunduqdan sonra bizdə belə qənaət vardı ki, Minsk Qrupundan birmənalı imtina etmək doğru olmazdı, elə durum yarana bilər ki, biz bu qurumdan yararlana bilərik. Açığı, Rusiyanın razılaşmadan bu yana bir sıra məsələlərin həllində fəal rol almaması bu fikri gücləndirirdi. Bu durumda ABŞ-ın vasitəçiliyi və Gürcüstanın iştirakı ilə addım atıldı. 15 erməni terrorçusunun müqabilində Ağdamda minalı ərazilərin xəritəsini aldıq. Hesab edirəm ki, bu, Azərbaycanın uğurudur”.

Bu sözləri Teleqraf.com-a politoloq Oqtay Qasımov Azərbaycanın 15 erməni terrorçusunu Ermənistana vermək müqabilində Ağdam şəhərində minalanmış ərazilərin xəritəsini geri almasını şərh edərkən deyib.

Politoloq əlavə edib ki, müharibənin başa çatmasından təxminən 8 aya qədər vaxt keçir: “Amma bu müddətdə üçtərəfli bəyanatın bəzi bəndləri həyata keçirilməyib. Bunlardan biri Ermənistan ordusunun Azərbaycan ərazisini tam olaraq tərk etməməsidir. İkincisi, bəyanatda qeyd edilən kimi ərazilərdən qaçqın düşən insanların geri qaytarılması məsələsidir. Rusiyanın aktiv şəkildə dəstək və iştirakı ilə 10 minlərlə erməni Xankəndinə qaytarıldı. Amma azərbaycanlı qaçqınlarla bağlı məsələ nədənsə yada düşmədi. Halbuki Xankəndi və digər ərazilərdə azərbaycanlılar da yaşayıb. Digər məsələ bölgədə kommunikasiya ilə bağlı prosesin ləngidilməsidir. Həm 10 noyabr üçtərəfli bəyanatında, həm də 11 yanvar Moskva görüşündə bununla bağlı qərar var.

Azərbaycan cəmiyyətini və hökumətini narahat edən məqamlardan biri də savaş bitəndən və üçtərəfli razılaşma əldə olunduqdan sonra necəki Bakı xoş məram nümayiş etdirərək ermənlərə Kəlbəcər, Laçın və Ağdamı tərk etməsi üçün zaman tanıdısa, eyni formada İrəvanın minalanan ərazilərin xəritəsini bizə verməsi məsələsi idi. Ancaq bu, baş vermədi. Şəxsi qənaətimə görə, Rusiya da bu məsələdə İrəvana yetərli təzyiqlər göstərmədi. Bu da, problemlər yaradırdı. Azərbaycan dövləti də öz vətəndaşlarının təhlükəsizliyi və sağlamlığını qorumaq məqsədilə lazım olan addımları atmağa başladı. Bu addımlardan biri də, Gürcüstan və ABŞ-ın vasitəçiliyi ilə bizə Ağdamda basdırılan minaların xəritəsinin verilməsi oldu. Burada söhbət 97 min minanın basdırılmasından gedir. Artıq bunu müəyyən edən xəritə Azərbaycana verilib. Bu, olduqca çox böyük rəqəmdir. Başqa sözlə, 15 erməni terrorçusunun müqabilində bu, əlbəttə, çox yaxşı dəyişimdir”.


Müəllif: Nemət

Oxşar xəbərlər