14 İyun 2021 19:13
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana, Şuşaya tarixi bir səfər edəcək. İşğaldan azad edildikdən sonra ilk dəfədir ki, Azərbaycan üçün çox mühüm bir ölkə olan dost və qardaş Türkiyənin prezidenti Azərbaycanın Ali Baş Komandanı cənab Prezidentlə birlikdə Şuşaya səfər edəcək. Bütün dünya bilit ki, Şuşa adi bir şəhər deyil. Erməni işğalından azad edildikdən sonra bu şəhərlə bağlı Azərbaycan son 7 ayda mühüm işlər görüb. Bu şəhər Azərbaycanın Mədəniyyət paytaxtı elan edilib. Şuşa şəhəri ilə bağlı ayrıca qanun qəbul edilərək Qoruq Şəhər elan olunub. Bu şəhər təkcə Qarabağın deyil, bötüvlükdə Qafqazın incisi hesab olunur. Şuşa strateji, eyni zamanda geosiyasi əhəmiyyətə malikdir.

Bu fikirləri Telerqaf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bilidirib.

O qeyd edib ki, Ərdoğanın Şuşaya səfər etməsi regional və beynəlxalq əhəmiyyətə malikdir: “Çünki Şuşa Azərbaycan Ali Baş Komandanın və xalqının başladığı Qurtuluş savaşının qələbə ilə yekunlaşmasının əsas nöqtəsi və baş əsəridir. Ona görə də Şuşaya qardaş Türkiyə prezidentinin 15 İyun Azərbaycan xalqının Qurtuluş Günündə səfər etməsi xüsusi rəmzi bir məna daşıyır. 1993-cü ildə ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycan dövlətini dağılmaqdan xilas etdi. Ali Baş Komandan cənab İlham Əliyev isə Azərbaycan ərazilərini erməni işğalından azad etmək üçün başladığı Qurtuluş savaşını məhz Şuşanın azad edilməsi ilə yekunlaşdırdı. Bu baxımdan hadisələr arasında da mühüm bir tarixi, mənəvi bağlılıq var. Qurtuluş günündə qurtuluş savaşının qələbə ilə başa çatdığı Şuşada Azərbaycan və Türkiyə Zivəsi tarixi qərarlara imza atacaq. Bu baxımdan da qardaş ölkələrin prezidentlərinin Şuşaya birgə səfəri xüsusi tarixi əhəmiyyət kəsb edir”.

Millət vəkili vurğulayıb ki, bu gün Türkiyə prezidenti Brüsseldə NATO toplantısında mühüm görüşlər keçirəcək: “Cənab Ərdoğan ATƏT-in Minsk Qrupunun iki həmsədr dövləti olan ABŞ və Fransa prezidenti ilə görüşəcək. Hər iki görüşdə digər önəmli məsələlərlə yanaşı regionda olan proseslərin də müzakirəsi, post-müharibə dövrünün çağırışları, Azərbaycanla Ermənistan arasında daimi sülhüm əldə olunması ilə bağlı məsələlər müzakirə olunacaq. Bu qardaş Türkiyənin gücünü və nüfuzunu göstərən bir amildir. Türkiyə faktiki olaraq artıq regionda böyük bir oyunçuya çevrilib. Vətən müharibəsindən sonra Azərbaycanla Türkiyə regionda yeni bir reallıq yaradıb. Bu reallıq bu gün keçiriləcək görüşlərdə də Türkiyənin oynadığı rol, verdiyi töhvələr, digər iki həmsədr ölkə tərəfindən də qəbul olunacaq. Həmsədrlik institunun digər üzvü olan Rusiya artıq Türkiyə ilə Birgə Monitorinq Mərkəzinin təsisçisidir. Türkiyə faktiki bölgədə öz hərbi imkanları ilə təmsil olunur. Bu da 214 ildən sonra ilk dəfə Türkiyənin rəsmən Cənubi Qafqaz bölgəsində hərbi cəhətdən təmsil olunması deməkdir”.

Onun sözlərinə görə, regionda birgə yaşayışın mümkünlüyü ilə bağlı Azərbaycan ərazilərinin bərpası, münaqişənin təsirlərinə məruz qalmış ərazilərin qısa müddətdə digər bölgələrimizə inteqrasiyasında Şuşa mühüm rola malikdir: “Cənab Ərdoğanın Şuşada tarixi, strateji müqavilələrə imza atması, veriləcək mesajlar regional və qlobal xarakter daşıyır. Bu mesajlar Azərbaycan Türkiyə birliyinin, qardaşlığının daha da güclənməsinin göstəricisi olacaq. Azərbaycanın bölgədə oynadığı rolun əhəmiyyətini bir daha göstərəcək. Azərbaycan və Türkiəyinin razılığı olmadan bu bölgədə hər hansı bir layihənin reallaşması mümkün deyil. Bununla da Azərbaycanın mövqeləri bir daha möhkəmlənəcək”.

Azay Quliyev qeyd edib ki, Ermənistandakı ravanşist qüvvələrə də Şuşadan mühüm mesajlar veriləcək: “Bu, eyni zamanda bütün dünya erməniliyinə də bir mesaj olacaq. Artıq regionda hər şey dəyişib. Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbədən sonra yeni bir reallıq var. Bu reallıqları Azərbaycan dövləti, Prezidenti yaradıb. Bunun icrası ilə bağlı Azərbaycanla Türkiyə qəti addımlar atmaqda qərarlıdır. Eyni zamanda Türkiyə-Azərbaycan münasibətləri baxımından yeni bir dövrün, mərhələnin başlanğıcı olacaq. Tarixə “Şuşa Anlaşması” kimi daxil olacaq sənədlər Azərbaycan və Türkiyənin gələcək vizyonunu özündə əks etdirəcək. Bölgədə sülhün, əmin-amanlığın bərpası üçün Azərbaycan və Türkiyənin yol xəritəsi müəyyənləşəcək. Bu görüş bölgəyə, Cənubi Qafqaza sülh gətirəcək. Əliyev-Ərdoğan Zirvə toplantısından Azərbaycan və Türkiyə ilə yanaşı bölgə xalqları da faydalanacaq. Sabah bütün gözlər Şuşada olacaq. Bununla bağlı iki qardaş ölkənin prezidentinə uğurlar arzulayıram. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi Şuşa Zirvə görüşündən sonra daha da möhkəmlənəcək və əbədi olaraq davam edəcək. Bu böyük tarixi nəticə münasibəti ilə iki dost və qardaş xalqı öncədən təbrik edirəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər