Şimali Atlantika Müqaviləsi Təşkilatı – NATO-nun dövlət və hökumət başçılarının xeyli vaxtdır gözlənilən zirvə görüşü baş tutdu.
Teleqraf.com xəbər verir ki, iyunun 14-də mühüm hərbi-siyasi təşkilatın artıq post-pandemiya dövrü adlandıra biləcəyimiz dövrün Brüsseldəki mənzil-qərargahında ilk böyük oflayn tədbiri Azərbaycanda da diqqətlə izlənilirdi. Bu da səbəbsiz deyildi. Çünki sammitdə NATO-nun aparıcı dövlətlərindən biri olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edirdi. Zirvə görüşü zamanı onun ABŞ Prezidenti Co Baydenlə görüşü keçirildi ki, bu görüş də Baydenin qondarma “soyqırımı” qərarından sonra baş tutan ilk görüşü kimi nəzər-diqqəti özünə cəlb edirdi.
Ancaq təbii ki, NATO sammitinin Azərbaycanda maraq doğurmasını şərtləndirən başqa səbəblər də var idi. Bu da alyansın zirvə görüşlərinin yekun sənədlərində Cənubi Qafqazdakı münaqişələrlə bağlı ənənəvi olaraq yer alan müddəalarla bağlı idi. Belə ki, ötən illərdə NATO sammitlərinin yekununda qəbul olunan sənədlərdə Cənubi Qafqaza aid bənddə regionun digər ölkələri ilə yanaşı Azərbaycanın da müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunurdu. Həmçinin, Cənubi Qafqazdakı münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun şəkildə, mövcud danışıq formatı çərçivəsində sülh yolu ilə həllinə dəstək ifadə edilirdi. Bu səbəbdən alyansın yekunda qəbul edəcəyi sənədlərdə hansı ifadələrin əksini tapacağı ölkəmizdə də maraqla gözlənilirdi.
Maraq doğuran odur ki, iyunun 14-də baş tutan zirvə görüşünün yekun sənədində ilk dəfə olaraq Cənubi Qafqaza dair istinad yer almayıb. Yekun sənəddən bu bəndin çıxarılması ilə NATO bir neçə açıq mesaj vermiş olur.
Bu açıq mesajların ən əsası ondan ibarətdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanmaqla Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradıb. Artıq Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib, 30 illik işğala son qoyub və işğalçı qoşunlar qəsb etdikləri torpaqlardan qovularaq çıxarılıblar.
Bu mənada NAO-nun zirvə görüşünün yekun sənədləri alyansın bu reallığı dərk etdiyini göstərir. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağı münaqişəsinin tarixin arxivinə yola salındığını, münaqişənin həllini tapdığını bir neçə dəfə bəyan edib. Bu baxımdan NATO-nun bu məsələyə toxunmaması tamamilə qanunauyğundur.
Sammitin yekun sənədində Cənubi Qafqazla dair bəndin mövcud olmaması həm də “mövcud danışıq format”ı frazasının olmaması deməkdir. Bu da tam təbiidir. Belə ki, Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həlli üçün çalışdı, danışıqlar prosesinə sadiq qaldı. Bununla belə işğalla heç vaxt barışmadı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çəkilməsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələri təkbaşına icra etdi. ATƏT-in Minsk Qrupu isə nizamlanma prosesində heç bir nəticəyə nail ola bilmədi. Minsk Qrupu yaranmış yeni reallıqda bölgədə sülhün davamlı olmasına və əməkdaşlığın inkişafına töhfə verə bilər. Həmçinin, Ermənistanla Azərbaycan arasında etimad quruculuğu tədbirlərinə dəstək verə bilər. Görünür, Şimali Atlantika Alyansı da bütün bunları dərk edərək “mövcud danışıqlar formatı” frazasını istifadə etməkdən yayınıb.
Bütün bunlar bir daha Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ilə regonda yaratdığı yeni reallığın böyük dövlətlər və aparıcı beynəlxalq təşkilatlar tərəfindən getdikcə nəzərə alındığının göstəricisidir.
Bununla belə Atlantika Alyansının yekun sənədində Cənubi Qafqaz bölgəsinə, o cümlədən Azərbaycana istinadın olmaması NATO-nun bu bölgədə maraqlarının azalması anlamına gəlməməlidir. Azərbaycan artıq 27 ildir NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında aktiv iştirak edir. Həmçinin, Azərbaycan NATO-nun Əfqanıstanda həyata keçirdiyi Qətiyyətli Dəstək Missiyasına töhfə verən 38 ölkədən biridir. NATO-nun Azərbaycana, yaxud regiona marağının azalmasını söyləmək üçün heç bir əsas yoxdur. Bundan əlavə regionda cərəyan edən son proseslərdə Türkiyənin rolu və iştirakı daha da artıb. Türkiyə isə NATO-nun ən böyük siyasi və hərbi güclərindən biri, alyans ökələri arasında silahlı qüvvələrinin şəxsi heyətinin sayı baxımından (411 min nəfər) Birləşmiş Ştatlardan sonra ikinci ölkəsidir.