Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə 2-ci Zirvə toplantısındakı çıxışında bir sıra mühüm məsələlərə toxunub. Cənab Prezident vurğuladı ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür. Artıq Azərbaycan bu quruma üzv ölkələrin nazirlərinin görüş yerinə çevrilib. Bu baxımdan Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xüsusi olaraq vurğulamaq vacibdir.
Bunu Teleqraf.com-a İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin intensiv Azərbaycana səfərləri ölkəmizin müsəlman dünyasında nüfuzundan mövqeyindən xəbər verir: “İƏT-in Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycanı birmənalı və ardıcıl dəstəyi olub. Ötən dövr ərzində bu təşkilat Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib”.
Ceyhun Məmmədov bildirib ki, İƏT-in Vətən müharibəsində Azərbaycana açıq dəstək nümayiş etdirib: "Xüsusilə müharibənin ilk günlərindən bu təşkilat və ona üzv olan ölkələr tərəfindən Azərbaycana açıq dəstək nümayiş olunub. Bu baxımdan qardaş Türkiyə, Pakistan və Əfqanıstanın rolunu xüsusi olaraq qeyd etmək lazımdır”.
Millət vəkilinə görə, Ermənistanın islam irsinə qarşı törətdiyi vandalizmini bütün dünya gördü: “Məhz Ermənistanın islam irsinə qarşı barbarlığı Prezident İlham Əliyevin təşəbbüsü ilə buna dair faktların toplandığı nəşr İƏT-də geniş yayılıb. Eyni zamanda bu il İƏT-in Baş Katibliyinin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfər edib. Bu səfərlərdə qonaqlar Ermənistan tərəfindən islam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə görmək imkanı qazanıb. Bununla yanaşı YUNESCO-nun bu məsələdə nümayiş etdirdiyi laqeyd mövqe də xüsusi olaraq vurğulanıb”.