18 İyun 2021 20:13
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaş Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti tarixi səfəri mühüm hadisələrlə yadda qaldı. Azərbaycanın Milli Qurtuluş günündə qardaş ölkənin prezidentinin səfəri və mühüm sənədlərin imzalanması, verilən mesajlar əhəmiyyət kəsb edir. Bu səfər çərçivəsində atılan addımlar Azərbaycan-Türkiyə qardaşlığının növbəti təcəssümü hesab olunur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra bölgənin sürətli inkişafı üçün mühüm bir zəmin yaranıb: “Azərbaycanın Qarabağ Zəfərindən sonra bölgəyə sülh və inkişaf gəlib. Bu zəfərlə Qafqazda sülhə və təhlükəsilziyə əngəl olan erməni işğalına son qoyulub. Bununla da bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranıb. Çünki Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri faydalanacaq”.

Millət vəkilinə görə, Qarabağ Zəfəri ilə ölkələrin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq platforması yaranır: “Altı ölkəni Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək. Bu platforma bütün bölgənin inkişafına xidmət edəcək. Çünki davamlı sülh bölgədə bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından asılıdır”.

Məlahət İbrahimqızı hesab edir ki, Naxçıvanla Bakını birləşdirəcək Zəngəzur dəhlizi bölgə üçün də mühüm əhəmiyyət kəsb edir: “Məhz cənab Ərdoğanın Azərbaycan palamentində toxunduğu məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Qardaş ölkənin prezidenti bu layihənin reallaşmasını regionda yaşayan xalqların və dövlətlərin rifahına xidmət edəcəyini vurğuladı. Sözsüz ki, bütün bu layihələrin həyata keçirilməsi üçün zəruri olan qarşılıqlı əməkdaşlıq platforması daha da genişlənməli, sülhə təhlükə yaradacaq heç bir addımın atılmasına imkan verilməməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər