18 İyun 2021 15:50
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".

Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir- birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Ölkəmizə səfəri çərçivəsində Milli Məclisdə, millət vəkillərinin qarşısında çıxış edən Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bir daha Azərbaycan xalqına sevgisini bildirdi. Bir daha Azərbaycanın qalib Sərkərdəsi Ali Baş Komandanı və Azərbaycan xalqını 44 günlük müharibədə əldə etdiyi zəfərlə təbrik etdi. Bir daha hər zaman, bu gün də, sabah da Azərbaycanın yanında olduğunu bəyan etdi.

Cənab Ərdoğanın həm Şuşa səfəri həm parlamentdəki çıxışı həmdə cənab Prezidentlə apardığı danışıqlar bütün bunlar sözsüz ki, Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, eyni zamanda bu münasibətlər üçün yeni bir yol xəritəsi olacaqdır. Bu münasibətlərin ən böyük məqsədi hər iki dövlətin milli maraqlarını qorumaqla yanaşı, hər iki dövlətin regionda oynadığı rolu daha da artırmaqdır. Bu münasibətlər həm də region ölkələrin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq platforması ilə nəticələnəcək.

Bununla bağlı cənab prezident Ərdoğan Milli Məclisdə çıxış edərkən bildirdi ki, “Altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaqdır. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir.”


Müəllif: Əhliman Əmiraslanov

Oxşar xəbərlər