19 İyun 2021 09:23
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşa bəyannaməsi müttəfiqlik haqqında sazişdir. İndiyədək hər zaman “Bir millət, iki dövlət” deyirdik, bu sazişlə biz tam müttəfiqliyə gedirik. Müttəfiqlik əməkdaşlıqdan yüksək həddir. Bu, onu göstərir ki, hər yerdə Türkiyə dedikdə onun yanında Azərbaycan olacaq, Azərbaycan dedikdə isə yanında Türkiyə dayanacaq. Bu saziş bizə hərbi, təhsil, iqtisadi, mədəniyyət sahəsində böyük mənfəət gətirəcək”.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

O əlavə edib ki, Azərbaycan Qarabağ problemini artıq həll edib: “Bu məsələdə bizə heç kəsin köməyi lazım deyil. Ancaq nəzərə almaq lazımdır ki, müharibə başlayanda Türkiyə açıq elan edib ki, Azərbaycanın yanındadır. Bunun da böyük mənəvi təsiri oldu. Bundan başqa, müharibə dövründə də Türkiyə bizə silah-sursat baxımından dəstək verdi. Pilotsuz Uçuş Aparatlarını xüsusilə qeyd etmək olar. Yəni müharibə bitib. Bu sazişi Qarabağ müharibəsi ilə əlaqələndirmək doğru olmaz. Saziş iki ölkə arasında mütəfiqlik münasibətlərini daha da üst səviyyəyə qaldırır”.

Araz Əlizadə hesab edir ki, həm 10 noyabr, həm 11 yanvar, həm də Şuşada imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik bəyannaməsində Zəngəzir dəhlizi məsələsinə vurğu edilməsi təsadüfi deyil: “Zəngəzur dəhlizi olduqca əhəmiyyətlidir. Əvvəla, bu dəhlizin açılması ilə biz Naxçıvanı izolyasiyadan çıxarırıq. İkincisi, dəhliz iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir. Biz indiyə qədər Bakı-Tiflis-Ceyhan boru xətti, Bakı-Tiflis-Qars dəmir yolundan başqa Zəngəzur dəhlizi vasitəsilə birbaşa Türkiyəyə avtomobil və dəmir yolu vasitəsilə əlaqələrimizi qururuq. Bu, olduqca əhəmiyyətlidir. Ümumiyyətlə anlamaq lazımdır ki, Zəngəzur dəhlizi region dövlətlərinin hamısı üçün iqtisadi baxımdan sərfəlidir. Rusiya, elə İran üçün də bu dəhliz vacibdir. Eləcə də Ermənistan üçün vacib dəhlizdir.

Əlbəttə, ermənilər buna müqavimət göstərir. Bu, başadüşüləndir. Ancaq bu dəhlizlə bağlı sənədə imza atılıb. Rusiya da bu dəhlizdə maraqlıdır. Odur ki, Ermənistanı məcbur edəcəklər ki, buna getsin. Başqa sözlə, dəhliz gec və ya tez açılacaq. Ermənistan daxil olmaqla region ölkələri bu imkandan yararlana biləcək. Hesab edirəm ki, belə bir fürsəti bütün region ölkələri qiymətləndirməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər