“Ermənistandakı parlament seçkilərində Paşinyanın 53,92 faiz səslə qalib gəlməsi sadə ermənilərin müharibə arzulamadıqlarını və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq istədiklərini göstərir”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, Köçəryan və Sarkisyan nə qədər revanşist bəyanatlarla çıxış etsələr də, xalq onları dəstəkləmədi: “Ermənilərin özləri də uzun illər blokada şəraitində yaşamaqdan, iqtisadi böhranla ömür sürməkdən və məhv olmaqdan yorulublar. Qalib gələn Paşinyan isə imza atdığı üçtərəfli bəyanatın icra olunmamış bəndlərinin icrasına, o cümlədən dövlət sərhədinin delimitasiya və demarkasiyasına tələsməlidir. Çünki bu məslələr həll olunmamış Ermənistanın gələcəyi yoxdur”.
Azər Badamov hesab edir ki, seçkidə ermənilərin Paşinyanı dəstəklənməsi onun üçün yeni bir şansdır: “Əgər Paşinyan bu şansını düzgün dəyərləndirərək öhdəsinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çalışsa, hakimiyyətini uzunmüddətli qoruyaraq ermənilərin liderinə çevrilə bilər.
Çünki 90-cı illərdən bəri ermənilərin lideri olmayıb. Hakimiyyətdə olan dövlət başçıları özlərində quldurçuluq, talançılıq və düşmənçiliyi yaşadaraq bu ölkənin müstəqilliyini əldən veriblər. Paşinyan isə tarixin ona verdiyi şansdan düzgün istifadə edərək sülh yolu ilə məsələlərin həllinə tələsərsə, ölkəsini düşdüyü ağır iqtisadi durumdan çıxara bilər”.