“Ümid edirəm ki, Robert Köçəryan və digər müxalifətçilər Ermənistanda aranı qarışdırmayacaq. Nəzərə alın ki, mən Bakıda oturmuşam, İrəvan şəhərində də dığalar hakimiyyəti bölür. Mən haradan dəqiq bilim ki, revanşist qüvvələr seçkinin nəticələrindən sonra hansı addım atmağı planlaşdırırlar? Ən yaxşı halda Ovaniyanın rəyini öyrənə bilərəm, çünki ona inanıram. O da, mənə deyib ki, vəziyyət mürəkkəb və dəyişgəndir, sabit heç nə yoxdur. Əksər mütəxəssislər istirabla gözləyirlər ki, sarsıntılar dövrü keçsin və Ermənistanda sabit durum yaransın, hamı da rahat nəfəs alsın”.
Bunu politoloq Zərdüşt Əlizadə Teleqraf.com-a Ermənistanda keçirilən seçkilərin nəticəsində məğlub olan şovinist və revanşist qüvvələrinin atacağı addımlar haqqında danışarkən deyib.
Politoloq qeyd edib ki, hər kəs Ermənistanda seçkidən sonra əmin-amanlıq şəraitdə yaşamasına və gələcəyə ümidlə baxılmasına tərəfdardır: “Orada seçkidən sonra qarşıdurma olsa, bundan ancaq itirən ermənilər olacaq. Təxminən bizim 1990-cı illərdə müxalif qüvvələrin hakimiyyətə can atması kimi bir şeylər olacaq. Bu halda Ermənistanın başına fəlakətlər gələcək. Əlbəttə, mən buna görə dəsmal götürüb ağlamayacağam, çünki erməni xalqının yanlış mövqeyindən narazıyam və ümid edirəm ki, nəhayət öz xeyrini anlayacaq”.
Zərdüşt Əlizadə əmindir ki, hakimiyyətini qoruyub saxlayan Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə əlaqələr yaratmaqdan savayı çıxış yolu yoxdur: “Təsəvvür edin ki, adam əyləşib əli çatacağı məsafədə bir tikə çörək və içməyə su var. Üstəlik acdır və su istəyir. Ancaq həm də deyir ki, mən bu çörəyi və suyu götürməyəcəyəm. Yaxşı, onda ac qal. Sən yaşamaq istəyirsənsə, həmin bir tikə çörəyi götürüb yeməli, bir az da su içməlisən ki, ölməyəsən. Ermənistan elə coğrafi və iqtisadi-siyasi vəziyyətdədir ki, onun inkişafı və nicatı qonşularla normal münasibətlər yaratmaqdan asılıdır. Normal münasibətlər isə anormal xarici siyasətə son qoyulması ilə yaradıla bilər. Bəli, bu günə qədər Ermənistanın yürütdüyü xarici siysət anormal siyasət olub. “Böyük Ermənistan”, “Qarabağın müstəqilliyi”, “Azərbaycanlıların diz çökməsi” və digər belə xəstə təfəkkürlə hansı xalq yaşaya bilər? Hitler Almaniyası yaşayırdı, amma sonra vurub diz çökdürdülər. Bundan sonra alman xalqı düzgün yol keçərək inkişaf etdi. Ermənistanda belə yolu keçməlidir. İndi belə situasiya yaranıb. Buyurub düzgün yolla getsinlər. Biz də nəhayətdə Qarabağ məsələsini birdəfəlik həll edək, diqqətimizi inkişafa yönəldək”.