Teleqraf.com Ermənistanda baş tutan növbədənkənar seçkilərin nəticəsi və bunun təsirləri ilə bağlı “Turan” İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyevlə müzakirə aparıb.
Onunla müsahibəni təqdim edirik:
- Mehman bəy, Ermənistanda gərgin şəraitdə keçən parlament seçkilərində Paşinyan qalib gəldi. Bunan sonra ölkədəki siyasi proseslər hansı istiqamətdə cərəyan edəcək?
- Əslində, Ermənistanda növbədənkənar seçkilər elan olunduğu zamanı bizim proqnozumuz belə idi ki, Nikol Paşinyanın təmsil etdiyi qüvvə və xətt qalib gələcək. Belə də oldu. Seçkilərin indiki nəticəsi o deməkdir ki, erməni xalqı böyük sülh, regional əməkdaşlıq, inkişaf və islahatlar istəyir. Bunu da indiki halda həyata keçirəcək Nikol Paşinyan xəttidir. Bu səbəbdən də müharibənin nəticələrinə baxmayaraq erməni xalqı Paşinyana rəğbətini ifadə etdi, ondan üz döndərmədi. Əlbəttə, elektorat heç vaxt istəməzdi ki, Serj Sərkisyan və Robert Köçəryan kimi şəxslər yenidən hakimiyyətə qayıtsın, beləcə Ermənistanı 10 il əvvəlki dövrə aparsınlar. Odur ki, Ermənistanda demokratik seçkilər keçirildi. Erməni xalqının Paşinyana səs verməsi də o deməkdir ki, onlar süh və dəyişiklik istəyir. Nəticə də budur...
- Ancaq çox maraqlıdır ki, Ermənistanda seçkidən əvvəl keçirilən sosioloji sorğular Köçəryanın qalib gələcəyini göstərirdi...
- Məncə, burada söhbət erməni xalqını istiqamətləndirmək və manipulyasiya etməkdən gedirdi. Məsələn, “Gallup” sorğu mərkəzinin loqosu altında sorğular keçirilirdi. Biz araşdırma aparanda məlum oldu ki, söhbət ABŞ-ın məşhur “Gallup” sorğu mərkəzindən getmir. Bu, saxta bir təşkilat idi. Açığı, mən ona görə belə araşdırma apardım ki, həmin qurumun sorğularının nəticəsi bizdə şübhələr yaratmışdı. Köçəryan sanki sorğularda Nikol Paşinyanı keçirdi və hakimiyyətin bir addımlığında idi. Araşdırma əsasında məlum oldu ki, bu saxta sorğudur və real mənzərə əslində başqadır. Belə də oldu. Faktiki əhali onun marağını düşünən qüvvələrə səs verdi.
- Bundan sonra Ermənistan siyasəti hansı istiqamətdə gedəcək?
- Ermənistanın ümumi strateji yolu Qərbə tərəf olacaq. Bu, faktiki seçimlə yanaşı mövqedir. Avropa Birliyi ilə daha sıx əməkdaşlığa gedəcəklər. Həmçinin İrəvan Azərbaycan və Türkiyə ilə regional əməkdaşlığa gedəcək. Gürcüstanla bağlı problem yoxdur. Prezident Ərdoğanın təklif etdiyi Altılıq platforması əslində bütün regional ölkələrin maraqlarına uyğundur. Hamı istəyir ki, Ermənistan regional proseslərə, kommunikasiyalara qoşulsun. Ona görə əsas istiqamət bu olacaq. Avropa Birliyi və regional əməkdaşlıq Ermənistanın əsas seçimi olacaq. Azərbaycan və Türkiyə ilə sazişlərin imzalanması, münasibətlərin normallaşması gözləniləndir. Hesab edirəm ki, bu addımlar da uzun çəkməyəcək. Çünki seçkinin nəticələri göstərir ki, Paşinyan xalqından mandat alıb. Odur ki, bu prosesləri daha tez və çevik formada aparmağa çalışacaq. Çünki gözləmək heç kəsin xeyrinə, xüsusilə Paşinyanın maraqlarına uyğun deyil. Çünki xalqı ondan başqa şeylər də gözləyir, xüsusilə, vəziyyətin normallaşmasını, ölkənin sosial problemlərinin həllini, izolyasiyadan çıxmasını.
- Ermənistandakı seçkilərin nəticəsi ilə bağlı Rusiyanın mövqeyi necədir?
- Əgər müharibə dövründən sonra Paşinyanın rəqiblərinə baxsanız, görərsiniz ki, onlar ordudan istifadə edərək hökumətə zərbə endirməyə çalışırdılar. Yəni ordunun dəstəyini almaqla Paşinyanın üzərinə getmək istəyirdilər. Prezident Putin isə bildirirdi ki, onlar Paşinyanı qəbul edirlər, onunla işləyirlər, Paşinyanın bu müharibənin nəticələrinə görə günahı yoxdur və s. Beləcə həm də radikallara mesaj verirdilər ki, sizin hərəkətləriniz bizim maraqlarımıza uyğun deyil. Bu səbəbdən də radikallar hərəkət edə bilmədi, uğur qazanmadı. İndiki vəziyyətdə Köçəryanın bu prosesə girişməsi və digər hallar əslində Moskvanı qane etmirdi. Moskvaya lazım idi ki, regionda saziş olsun, kommunikasiyalar açılsın, öz maraqları təmin olunsun və s. Odur ki, bu seçkilərdə Rusiyanın təsiri və müdaxiləsi olmadı. MDB ölkələrinin seçkiləri müşahidə şurasının səsverməni demokratik və şəffaf adlandırması da bu mənada başadüşüləndir. Nəzərə alın ki, MDB müşahidəçi qrupunda əsas rolu Rusiya oynayır. Bu o deməkdir ki, Moskva bu seçkiləri tanıyır və onun nəticələrini dəstəkləyir. Kremlin sözçüsü Peskovun da açıqlamasında bu ifadə olunur.
- Bu o deməkdir ki, Rusiyanın da müsbət mövqeyindən sonra Ermənistanda revanşist qüvvələr İrəvan küçələrinə çıxmayacaq?
- Yox, bu çətindir. Məncə, gözlənti belədir ki, parlament işə başlayandan, Baş nazir təsdiq olunandan və yerini möhkəmləndirəndən sonra Robert Köçəryanın, elə digərlərinin də məsuliyyətə cəlb olunması baş versin. Bu, ola bilsin ki, müharibə dövrü, ondan əvvəlki illərdə orduya ayrılan vəsaitlərin mənimsənilməsi ilə əlaqəli olacaq. Bunların baş verməsi gözləniləndir. Məncə, Köçəryanın bu məsələyə girməsi onun təkcə siyasi perspektivi deyil, həm də ölümü deməkdir. Köçəryan böyük səhvə yol verərək prosesə daxil oldu. Çünki onun prosesə daxil olması nə ABŞ, nə Rusiya, nə də Fransanın maraqlarına uyğun deyildi. Seçkilər ərəfəsində Pezident Makron Nikol Paşinyanı qəbul etdi. Əslində bu Parisin Paşinyana dəstəyi idi. Bir sözlə, erməni elektoratına mesaj göndərilirdi ki, bizim seçimimiz Paşinyandır. Bu da sizin seçiminizlə üst-üstə düşür və bu yolu getməliyik. Robert Köçəryana kömək, ona Moskvanın dəstək verəcəyi və s. məsələlər əslində illuziya idi. Sosialoji “tədqiqat” da göstərir ki, yaxşı pullar buraxılıb. Onlar erməni cəmiyyətində fikir formalaşdırmağa çalışırdırlar ki, artıq Köçəryan erməni xalqının dəstəyini qazanıb, Paşinyan uduzur. Beləcə seçkilərə təsir edərək mövqeyini müəyyənləşdirməyən 40 faizlik seçicini Köçəryana istiqamətləndirsinlər. Bu da baş vermədi. Nəticə budur ki, Köçəryan həm daxili cəmiyyətə, həm də beynəlxalq maraqlara qarşı getdi və buna görə də cavab verməli olacaq.
- Nərə alaq ki, Köçəryan 29 deputatla parlamentdə təmsil olunacaq. Sizcə, bu, ona intiqam üçün fürsət sayıla bilər?
- Çoxluq Paşinyandadır. O, birmənalı hökumət yaradacaq, Paşinyanı dayandırmaq çətin olacaq. Nikol Paşinyan Köçəryan və Sərkisyanı işə cəlb edə biləcək. Bizi qarşıda hələ böyük proseslər gözləyir. Bundan əvvəl Köçəryana cinayət işi qaldırılmışdı. Lakin Köçəryan bunu dərk etmədi. Köçəryan düşündü ki, məsələ bitdi, müharibənin nəticələrindən istifadə edərək Paşinyana zərbə endirə bilər. Ancaq indiki halda zərbəni özünə qarşı yönəltdi.
- Bu seçkilər son 30 ildə Ermənistan siyasi sisteminə daxil olan “Qarabağ” klanının taleyini necə dəyişəcək?
- Əslində, bu səsvermə “Qarabağ” klanına qarşı idi. Diqqət edəndə görürük ki, Nikol Paşinyan ən çox səsi paytaxt İrəvanda toplayıb. İrəvan erməniləri də Qarabağ ermənilərini sevmir, bu acınacaqlı duruma görə onları ittiham edirlər. Ermənilər hesab edirlər ki, vaxtilə Qarabağdakı separatizmə dəstək veriblər, hər şey ediblər ki, Qarabağ Azərbaycandan ayrılsın. Ancaq hakimiyyətə “Qarabağ” klanın gəlməsi Ermənistanın özünü də pis duruma salıb, heç bir uğur əldə edilməyib. Korrupsiya, vəzifədən sui-istifadə ortaya çıxıb. Yəni ölkədə neqativ proseslər gedib. Əhali də bununla razılaşa bilmir. Seçki də bunun isbatıdır. Yerli ermənilər 2008-ci ildə “Qarabağ” klanını silməyə cəhd etdi, ancaq alınmadı. 2018-ci ildə bu baş tutdu. Yəni bundan sonra “Qarabağ” klanı Ermənistan siyasi sistemindən çıxdaş ediləcək. Məncə, demontaj davam edəcək. 2018-ci ildən başlayan proses daha da dərinləşəcək. Beləcə “Qarabağ” klanı Ermənistan siyasi sistemindən təcrid ediləcək. Odur ki, Köçəryanın aqibəti yaxşı olmayacaq.
- Seçkilərin nəticələrini Azərbaycanın maraqların baxımdan necə analiz etmək olar?
- Azərbaycana sülh, regional əməkdaşlıq və Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması lazımdır. Mən hesab edirəm ki, Azərbaycanın marağındadır ki, erməni xalqı indiki siyasi xətti müdafiə edir. Çünki Paşinyan xətti qüsurlu olsa da, indiyə qədər Ermənistanda olan xətlərin içərisində ən sərfəlisidir.