Ermənistanda dünən keçirilən növbədənkənar seçkilərin nəticələrini ölkə cəmiyyətinin qonşu dövlətlərlə mehriban qonşuluq siyasətində yaşamaq iradəsi kimi qəbul etmək olarmı? Demək olarmı ki, Ermənistan vətəndaşları Azərbaycanla sülh sazişini imzalamağı, onun ərazi bütövlüyünə hörmətlə yanaşmağı gələcək hökumətlərinə bir ciddi tapşırıq kimi irəli sürdülər? Seçkinin nəticələri o deməkdirmi ki, Ermənistan cəmiyyəti artıq başqa xalqların ərazisinə, tarixinə, mədəniyyətinə iddia etməyəcəyini özünün həyat tərzi kimi seçdi? Xeyr! Nəinki dünya və qonşular, hətta Ermənistan cəmiyyətinin özü hələ də bu suallara cavab tapa bilmir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Ermənistan hələ də 10 noyabr sazişindən sonrakı dövrdədir, hələ də 11 noyabr yolu axtarışındadır: “Ancaq bununla belə erməni seçicisi nəinki azərbaycanlıların, hətta öz xalqının da qatili olan Köçəryanı seçməkdən imtina etdi. Onun təklif etdiyi Şuşanı və Hadrutu almaq çağırışı ermənilərdə ruh yüksəkliyi yox, qorxu və həyacan yaratdı. Çünki, Robertin aparmaq istədiyi döyüşlərdə onun oğulları yox, sadə erməni kəndlisinin oğlu döyüşməli idi. O döyüşün isə necə olacağı isə indidən məlumdur. Azərbaycanın hərbi gücünə qarşı Ermənistanın qoyacağı hərbi güc yoxdur. Ortada ötən əsrin 90-cı illəri yox, dünyanın Azərbaycana böyük dəyər verdiyi 2021-ci ildir”.
Deputat xatırladıb ki, Xocalı qatilinin gəlini Siranuşun axırıncı mitinqdə oxuduğu mahnı erməniləri onun qaynatasının çağrışlarından daha çox qorxutdu: “Siranuşun şərabdan başı məst olan birinin Türkiyəyə qarşı təhqir və hədə dolu söylədikləri bu gün Türkiyədə işləyən minlərlə erməninin ailəsinə ilk növbədə yeganə qazanc mənbəyinin itirilməsi demək idi. Erməni seçicisi xaricdə bahalı villalarda oturub erməniləri növbəti qarşıdurmaya, daha dəqiq desək növbəti 4 min gəncinin itirilməsinə çağıran milyarder Ara Abramyana, mətbuatı özünün çörək mənbəyinə yox, çörək fabrikinə çevirən Marqarita Simonyana, şou-mətbuatla var-dövlət qazanan, Moskvadan Yerevan generallarına tapşırıqlar verən Aşot Qabrielyanın çağırışlarına da dəstək vermədi. Çüniki, erməni seçicisinin Ermənistandakı ağır vəziyyətini onların bölüşmədiyi, əksinə daha da ağırlaşdırmağa çalışdığı gün kimi aydın idi.
Ermənistan ermənisi böyük bir oyunun piyadasına çevrildiyinin fərqindədir, azərbaycanlıların “uzaq qohumdansa, yaxın qonşu yaxşıdır” məsəlini də yaxşı bilir. Ancaq hələ də düşdüyü böhrandan aydın yol tapa bilmir”.
Aydın Mirzəzadə hesab edir ki, seçki öncəsi Ermənistan seçiciləri baş nazirliyə çoxsaylı namizədləri yox, Azərbaycan Prezidenti cənab İlham Əliyevə qulaq asırdılar: “Xankəndidən baxanda görünəcək və səsi eşidləcək Ağdam tramvayı, dünənə qədər kənd rayonu olan Füzulidə beynəlxalq əhəmiyyətli aeroport və onun yaratdığı böyük imkanlar, Ermənistanıla sərhəddə Zəngilanın ucqar kəndlərinə “ağıllı kənd” layihələrinin həyata keçirilməsi haqqında Prezidentimizin ciddi söhbətlərini ermənilər bizlərdən yaxşı bilirlər”.