21 İyun 2021 19:15
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda seçkilər başa çatdı və Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası təqribən 54 faiz seçici səsini almaqla parlamentdə özünə çoxluğu təmin edə bildi. Bu o deməkdir ki, Paşinyan koalisiyasız, təkbaşına hökumət qura biləcək.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, seçki ərəfəsində və seçkinin gedişi müddətində verilən proqnozlar Paşinyanın partiyasına maksimum 40 faiz səs verilə biləcəyini güman edirdi:

“Amma göründüyü kimi, erməni seçicisi bir qədər proqnozlardan fərqli davrandı. Ancaq bu 54 faiz erməni seçicisinin şüurlu seçimi deyildi. Heç mövcud reallığı dərk edərək ona adekvat reaksiyanın ifadəsi kimi də qiymətləndirilməməlidir. Bu, daha çox psixoloji intuitiv arzunun reallaşdırılması idi. Çünki hələ də Ermənistan cəmiyyəti və seçiciləri mövcud reallığı dərk etməkdən xeyli uzaqdır, ancaq şüuraltı idrakla başa düşürdülər ki, başqa çıxış yolları yoxdur və intuitiv olaraq mövcud reallığı qəbuletmə instiktini siyasi müstəvidə reallaşdırdılar. Çünki bunun əksi, yəni bu gün seçkinin nəticəsində ortaya çıxan reallığın əksi Erməisntan üçün vətəndaş müharibəsi, qarşıdurma və yenidən müharibə perspektivlərinin yaranması idi. Bax, erməni seçicisinin psixoloji intuitiv arzusunun reallaşdırılması hadisəsi deyəndə bu başa düşülməlidir”.

H.Babaoğlu qeyd edib ki, əlbəttə, Azərbaycan üçün də seçkilərin nəticəsi maraq doğuran idi:

“Çünki rəsmi Bakı əvvəlcədən bəyan etmişdi ki, revanşistlərlə, radikal qüvvələrlə Azərbaycan əsla və əsla əməkdaşlıq etməyəcəkdir. Elə seçkilərin nəticəsindən də görünən odur ki, yeni formalaşacaq hakimiyyət 10 noyabr 2020-ci üçtərəfli razlıaşmanın tələblərini daha qətiyyətlə icra edə biləcək siyasi iradə nümayiş edirmək imkanı əldə edib. Çünki üçtərəfli razlaşmanı imzalamış siyasətçinin, yəni Paşinyanın rəhbərlik etdiyi partiya qalib gəlib və yeni koalisiyasız hökumət qurmaqla daha rasional addımlar atmaq imkanına sahib olacaq. Əslində Ermənistanın siyasi sistemində nəzər salsaq görəcəyik ki, mövcud gerçəklikdə, mövcud reallığı dərk edərək bundan sonra regionun gələcəyi ilə bağlı müsbət impulslar verə bilən yeganə siyasi partiya elə Paşinyanın partiyası idi və yaxud Paşinyan idi. Doğrudur, onun mövqeyi də bir qədər tərəddüdlü idi, qəti deyildi amma buna baxmayaraq hər halda biz bilirik ki, Paşinyan 10 noyabr üçtərəfli razılaşmaya imza atmış baş nazirdir, siyasətçidir. Ona görə Azərbaycanın maraqları kontekstində və bütövlükdə regionun sabitlik arzuları kontekstində bu məsələni qiymətləndirsək görəcəyik ki, Paşinyanın quracağı hökumət şübhəsiz ki, 10 noyabr 2020-ci ildən sonra formalaşmış yeni reallıq istiqamətində pozitiv və rasional addımlar ata biləcək yeganə siyasi partiyadır”.

Deputat hesab edir ki, buna görə də Ermənistanda bundan sonra hadisələrin müsbət tendensiyalar üzrə inkişafına dair çox ehtiyatlı nikbin proqnozlar vermək mümkün ola bilər:

“Nəzərə almaq lazımdır ki, seçki öncəsi Ermənistan cəmiyyətinin həddindən artıq qütbləşməsindən söhbət gedirdi. Seçkidən sonra ilk yeri tutan iki partiyanın yenidən seçkilərin ikinci turuna gedə bilməsi ehtimalı proqnozlaşdırılırdı və beləliklə koalisyon hökumət perspektivləri müzakirə olunurdu. Şübhəsiz ki, bütün bunlar ən pis ssenarilər idi. Ancaq yenidən Paşinyanın hakimiyyətə gəlməsi əslində köhnə yeninin yenilənməsidir. Yəni, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan Ermənistan siyasi sisteminə yeni bir reallıq gətirməyi bacardı. Bu isə həmin o yeni reallığın köhnəlmiş və yenidən təkrarı deməkdir. Ona görə də əlbəttə ki, hadisələrin bu cür inkişafı bütövlükdə bir qədər tərəddüdlü olsa da bundan sonrakı mərhələdə regional inteqrasiya, Ermənistan Azərbaycan münasibətlərinin yaxşılaşdırılması, sərhədlərin delimitasiya və demakrasiyası məsələləri və nəhayət Zəngəzur dəhlizinin açılması ilə bağlı hadisələri müsbət istiqamətdə proqnozlaşdırmaq üçün əsaslar verir. Dolayısı ilə əgər bir cümlə ilə ifadə etməyə çalışsaq belə deyə bilərik ki, ən pis ssenarilər içərisində daha az pis olan bir ssenari gerçəkləşdi. Və düşünürəm ki, indiki şərtlər içərisində bundan artığını da gözləmək olmazdı. Beləliklə bundan sonra 9 noyabr üçtərəfli razılaşdırmasının reallaşdırılması üçün daha qəti addımların atılacağını mümkün hesab etmək olar. Nəzərə almaq lazımdır ki, Ermənistanda artıq nəticəsi bəlli olan 20 iyun parlament seçkiləri, Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibənin yaratdığı yeni reallığın gətirdiyi məcburiyyətdən doğmuşdu. Ona görə də kimin necə qiymətləndirməsindən asılı olmayaraq Ermənistandakı hazırkı vəziyyət məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın Ermənistanın siyasi sistemi tərəfindən qəbul edilməsi hadisəsidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər