Milli Məclis Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, “Dövlət rüsumu haqqında” Qanunda və İnzibati prosessual Məcəlləyə dəyişiklikləri müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, qanun layihələrini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
O bildirib ki, qanun layihələri ilə bağlı ictimai müzakirələr də təşkil olunacaq.
Qeyd edək ki, Mülki-prosessual qanunvericilikdə 160-dək maddəyə dəyişiklik təklif olunur. Əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, Məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, Elektron məhkəmə sisteminin tətbiqi, Müvəqqəti təminat tədbirlərinin görülməsi, İcrada dönüş institutunun yaradılması ilə əlaqədardır.
Əlavə edilib ki, dəyişikliklər məhkəmələrdə işlərin uzanmasının qarşısını alacaq. Məhkəmələrdə işlərin uzanmasının əsas səbəbi onların məhkəmələrə hazırlıqsız şəkildə təqdim olunmasıdır. Dəyişikliklərlə məhkəməyə hazırlıq institutu gücləndirilməli, tərəflər sübutlarını hazırlıq iclasına təqdim etməlidir. Dəyişikliklərdən biri də videokonfrans əlaqə sistemindən istifadə etməklə proseslərin həyata keçirilməsi imkanıdır. Bundan başqa, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur. Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.
Fazil Mustafa deyib ki, bu dəyişiklik hakimlərin işlərini yüngüləşdirir, vətəndaşın vəkilinin fəaliyyətini məhdudlaşdırır. Deputat cərimələrin artırılmasına qarşı çıxıb: “Təsəvvür edin ki, biz deputatlara vətəndaş şikayət verir. Şikayət məzmununa və preqmetə uyğun deyil. Onda vətəndaşı 100 manat cərimə edək? Və ya biz bu şikayətləri müvafiq qurumlara göndəririk. Onda həmin qurumlar da şikayəti məzmun və preqmetinə görə, olmadığında bizi cərimələsinlər? Fikrimcə, bu cür prinsip doğru deyil. Məncə, məhkəmə çəkişmə yeridir, orada keyfiyyəti gücləndirmək lazımdır. İndi Vəkillər Kollegiyasında canlanma var. Bundan sonra vəkili qətnamədən necə şikayət verəcək? Rüsum ənənəsini yığışdırmaq lazımdır. Bu mücərrəd olanda iki-üç nəfərin öhdəsində qalır. Cərimələrin 50 faizinin məhkəmələrdə işləyənlərin sosial müdafiəsini gücləndirmək nə deməkdir?”
Komitə sədri Qənirə Paşayeva deyib ki, iki narahatlıq yaranda məqam var ki, onu da Əli Hüseynli vurğulayıb: “Cərimələrlə bağlı məsələ niyə cəmiyyəti narahat edir? Cinayət işlərində dövlət vətəndaşı vəkillə təmin edir. Amma mülki işlərdə bu olmur. Kasıb, imkansız insanlardır, özləri vəkil tutub yararlana bilmir. Hüquqi təcrübəsi olmayanda da bu insanlar cərimələnə bilər. Apelyasiya institutunda da eyni forma baş verə bilər. Son 3 ildə vəkillərin sayı 840-dan 2 minə qədər artıb. Bu insanlara dəstəyin verilməsi vacibdir. Cərimələrin təkrar müzakirəsinə ehtiyac var. Kasıb və imkansız insanlar bu cərimələrdən azad edilməli, mülki işlərdə onlar dövlət hesabına vəkillə təmin edilməlidir.
İkincisi, hakimlərin yükü məsələsidir. Vəkillərin sayı kimi hakimlərin də sayı da artırılmalıdır. Bu iş yükünü azalda bilər. Əsassız iddiya görə, cərimələrin təqdim edilməsini deyirik. Bəs hakimlərin əsassız qərarlarına görə, cərimə olmamalıdır? Məsələn 20 manatlıq rüsum 100 manatdan başlayacaq. Elə insanlar var ki, onlar dövlətdən dəstək alır. Bu insanların məhkəməyə müraciət etmək imkanı olmayacaq. Gələcəkdə Milli Məclisin qapıları dolu olacaq. Insanlar gəlib burada deyəcəklər ki, mənə kömək edin, imkansızam, vəkil tutun. Hesab edirəm ki, bu amil də nəzərə alınmalıdır”.
Deputat Əziz Ələkbərov deyib ki, əsas narazılığı dövlət rüsumu ilə əlaqədardır. O bildirib ki, dəyişiklik həm də məhkəmə orqanlarının əməkdaşlarının sosial müdafiəsini gücləndirməyə hesablanıb. Bu gün kimin daha çox sosial müdafiəsinə ehtiyacı var, həmin qurumlarda çalışanların, yoxsa vətəndaşın? Məncə, cərimələrlə bağlı xüsusi dinləmə keçirməyə ehtiyac var və onlara baxılmalıdır. Cərimələrin bir neçə dəfə artırılması narazılığa səbəb olacaq”.
Deputat Etibar Əliyev deyib ki, məhkəmələrlə cəmiyyət arasında müəyyən qarşıdurma var: “Bu, cərimələrlə bağlıdır, yoxsa işlərlə? Məncə, Mediasiya xidməti təşkil edildikdən sonra bu dəyişiklər ortaya çıxsaydı daha münasib olardı”.
Deputat həmçinin bildirib ki, rektorlar 5 il seçildiyi təqdirdə hakimlər 10 il müddətinə seçilir.
Qanun layihəsi ilə əlaqədar Milli Məclisin toplantısında iştirak edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib ki, qanun layihəsi vətəndaş hüquqlarının müdafiəsinə yönəlib: “Kənardan belə təəssürat yaradır ki, məhkəmələr işini yüngülləşdirmək, gəlirlərini artırmaq məqsədi düşünür. Biz vətəndaş hüquqlarının daha ciddi müdafiəsi üçün bu layihəni hazırlamışıq”.
Çingiz Əsgərov deyib ki, onun şəxsi fikri belədir ki, rüsumlar əslində Məhkəmə-Hüquq Şurasına getməli və oradan məhkəmələrin fəaliyyətinə yönəlməlidir: İndiki halda bu rüsumların 50 faizi məhkəmə orqanlarına gedir”.
Ali Məhkəməsinin sədr müavini deyib ki, aztəminatlı vətəndaşlar rüsumlardan tamamilə azaddır: “Cərimələr sırf tərəflərə aid deyil. Məhkəməyə təqdim etmək vəzifəsi olan inzibati orqana da aiddir. İşə baxanda hakim hansısa dövlət orqanından sənəd tələb edir, qarşı tərəf vermir. Bu halda həmin quruma da cərimə tətbiq edilir”.
Komitə sədri Zahid Oruc isə bildirib ki, layihəyə baxanda çox məhkəmələrin maraqları üzərində qurulduğu, müdafiə tərəfinin maraqları az nəzərə alındığı görünür.