29 İyun 2021 20:00
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən dövlət öz təhlükəsizliyi üçün müdafiə qüdrətini hər zaman artırmaq iqtidarına malikdir. Azərbaycanda da ordu quruculuğu Ali Baş Komandanın hər zaman diqqətdə saxladığı ən ümdə məsələlərdəndir. Çünki bu, olduqca vacib bir prinsipdir. 44 günlük müharibənin qalibi olan Azərbaycan bundan sonra da öz müdafiə qabiliyyətini artırmaq, silahlı qüvvələrini gücləndirmək əzmindədir. Birmənalı olaraq dövlətimiz öz təhlükəsizliyini, müdafiəsini hər zaman diqqətdə saxlayıb və bundan sonra da bu prinsipə əməl olunacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, 44 günlük müharibənin nəticələri də təhlil olunaraq bundan sonra konkret addımlar atılacaq:

“Hərbi kadrların daha yüksək səviyyədə hazırlanması üçün nəzərdə tutulan addımlar bundan sonra da ardıcıllıqla icra olunacaq. Müharibədə nə qədər yüksək səviyyəli silah-sursat olsa belə, əsas şərt əsgərin, zabitin hərbi hazırlığıdır. 44 günlük müharibədə də bu məsələ açıq şəkildə özünü göstərdi. Bəzi hallarda eyni silah arsenalı ilə mübarizədə Azərbaycan döyüşçüsü öz yüksək hazırlığı və peşəkarlığı ilə düşmənə layiqli zərbə vurdu. Bu isə onun hazırlığından, aldığı hərbi biliklərdən xəbər verir”.

Elman Məmmədov hesab edir ki, bu gün Azərbaycan dünyada mövcud olan ən son yeni silahlarla ordunu təmin etməklə Silahlı Qüvvələrimizin daha geniş spektrda hərbi üstünlüyə nail olmasına imkan yaradıb:

“Ölkəmizdə hərbçilərin sosial qayğıları da hər zaman dövlətin diqqətində olub. Cənab Prezidentin hərbçilərin maaşının artırılması ilə bağlı Sərəncamı da orduya olan diqqət və qayğının təsdiqidir. Bu gün Azərbaycan ordusu qardaş Türkiyənin ordusu ilə eyni dərəcədə inikişaf və tərəqqiyə malikdir. Bunun üçün konkret addımlar atılır. Məhz bu zəruri addımların nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrindən birinə çevrilib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər