30 İyun 2021 09:29
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev Ovqat.com-a müsahibə verib. Müsahibəsində NATO-nun son liderlər zirvəsindən tutmuş Şuşa Bəyannaməsinə, Ermənistanda və İranda keçirilən son seçkilərinin nəticələrinə qədər bir çox mövzularla bağlı mövqeyini açıqlayan millət vəkili dünyanın fərqli bölgələrində yaşanan bu proseslərin bir-biri ilə əlaqəsinə də aydınlıq gətirib.

Teleqraf.com müsahibəni təqdim edir:

- Şuşa Bəyannaməsi imzalanmamışdan əvvəl NATO ölkələrinin liderlər sammiti keçirilirdi və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan da həmin toplantıda iştirak edəndən sonra Azərbaycana gəlmişdi. Maraqlıdır ki, Şuşa Bəyannaməsi imzalandıqdan bir gün sonra ABŞ prezidenti rusiyalı həmkarı ilə görüşdü və sanki Ukrayna məsələsində Rusiyaya güzəştə getdi. Bu görüşü və NATO sammitini necə qiymətləndirirsiniz?

- Mən həmişə demişəm ki, Rusiya nüvə dövlətidir və çox böyük əraziyə malikdir; bir ucu qərbdə, bir ucu şərqdə, bir tərəfində günəş çıxanda digər tərəfində günəş batır. 17 milyon kvadrat km-dən çox ərazisi var. Dünyada ən çox - 6 mindən artıq nüvə başlığına sahib olan ölkədir. Nüvə gücünə görə ABŞ-dan belə qüdrətlidir. Həmin nüvə başlıqlarını hədəflərə çatdıracaq ballistik raketlərə, təyyarələrə, sualtı qayıqlara, gəmilərə malikdir. Ordusu müasir silahlarla təchiz olunub. Belə bir dövlətlə hərbi qarşıdurmaya getmək bəşəriyyət üçün çox qorxuludur. Ona görə də hesab edirəm ki, təkqütblü dünya alınmayacaq. Üstəlik, Çin faktoru da getdikcə daha aydın şəkildə ortaya çıxır. Çin iqtisadi və hərbi baxımdan gücləndikcə, öz şərtlərini diktə etməyə başlayır.

Rusiya SSRİ-nin hüquqi varisi kimi dünyada qlobal məsələlərin müzakirəsi zamanı onun mövqeyinin öyrənilməsini və nəzərə alınmasını istəyir. Ona görə də bu cür nəhəng hərbi gücə sahib dövlətlərin mövqeyi nəzərə alınmalıdır. Onlarla hərbi qarşıdurmaya getməkdənsə, əməkdaşlıq edilməlidir. Dünyanın nəhəng dövlətlərinin tamamilə təcrid olunması, kənara atılması ağır nəticələr törədə bilər. Xatırlayırsınızsa, Rusiya Prezidenti Vladimir Putin Co Baydenlə görüşdən əvvəl Ukrayna ilə yaşanan münaqişənin səbəbləri barədə Rusiyanın mövqeyini bir daha açıqladı. Açığını deyim, Qərb Ukrayna məsələsində Ukraynanın maraqları baxımından ciddi taktiki səhvə yol verdi. Bəlkə də bu səhvlərə yol verilməsəydi, Ukraynadakı konfliktdən qaçmaq olardı və Ukrayna da ərazi bütövlüyünü qoruyardı. Qərb tələsməyib, əgər uzun illər ərzində iki slavyan xalqı düşmən etmək istəmirdisə, Rusiyanın da mövqeyini nəzərə almalıydı və o zaman indiki problemlər də yaşanmayacaqdı. O vaxt Yanukoviç həqiqətən də razılaşmışdı ki, 6 aydan sonra, payızda növbədənkənar seçkilər keçirsin və həmin seçkilərdə onun yenidən seçilməsi mümkünsüz məsələ idi. Rusiya da Yanukoviçin müttəfiqi kimi öz sifətini qoruyub saxlamaq istəyirdi.

Amma Qərb dedi ki, Ukrayna suveren dövlətdir, xalq necə istəyirsə, o cür olmalıdır, əgər Yanukoviçi bu gün devirmək mümkündürsə, bu gün də qovmaq lazımdır. Qərb Maydandakı demokratik qüvvələrə imkanı olduğu halda heç bir təsir göstərmədi. İmkan vermədi ki, Ukraynadakı dəyişiklik sivil qaydada və qanun müstəvisində həyata keçirilsin. Onlar xalqın dəstəyini hiss etdilər və Yanukoviçin də müəyyən zəifliyindən istifadə edib onu devirdilər. Sonda indiki nəticələr baş verdi. Rusiya da sanki acığa əvvəl Krımı, sonra da Donbası işğal etdi. Onu demək istəyirəm ki, Qərb Rusiyanı nəzərə alıb, onunla daha hörmətlə davransaydı, əməkdaşlıq yolunu seçsəydi, nəticələr indiki kimi ağır olmazdı. Hesab edirəm ki, Bayden də artıq bunu başa düşür. Bilir ki, Rusiyanı tamamilə kənarda qoymaqla bu işi həll edə bilməz. Rusiya iqtisadiyyatının strateji sahələrinə ona görə sanksiyalar tətbiq olunmur ki, Moskvanın nəyisə bəhanə edib müharibəyə başlayacağından çəkinirlər. Bu müharibə isə artıq fəlakət deməkdir. Bu səbəbdən mən də hesab edirəm ki, Qərb Rusiya ilə dialoq yolunu seçməlidir, anlamalıdırlar ki, təkqütblü dünya olmayacaq. Əməkdaşlıq yolu ilə münasibətləri tənzimləməyə çalışmalıdır...

- Prinsipcə, Bayden də bu yolu seçdi. Avropaya gəldi, NATO üzvlərinin fikrini aldı və Putinlə danışıqlara getdi. Necə hesab edirsiniz, bundan sonra Rusiyanın mövqeyini dəyişdirmək, xüsusilə də Ukrayna və Krım məsələsində güzəştə getməyə həvəsləndirmək mümkün olacaqmı?

- Yox, mən inanmıram. Putin Rusiyaya rəhbərlik etdiyi müddətcə, Krıma fərqli yanaşma mümkün olmayacaq. Krımın Ukraynaya qaytarılması məsələsi zamanın hökmünə buraxılmalıdır. Hazırda Şərqi Ukraynada, yəni Donetskdə Ukraynanın ərazi bütövlüyünün təmin olunması, suverenliyinin tanınması, Rusiya ilə sərhədlərin müəyyənləşdirilməsi kimi məsələlər Normand dördlüyünün gündəmdə dayanır. Mən eyni şəkildə Putinin hakimiyyəti dövründə Gürcüstan və Moldovanın da ərazi bütövlüyü məsələsinin həllini mümkünsüz görürəm. Əgər Azərbaycan Putinin dövründə Qarabağ üzərində suveren hüquqlarını bərpa edə bilsə, bu, çox böyük uğur olardı.

- Sizcə, bərpa edə biləcəyikmi? Nəzərə alsaq ki, beynəlxalq vəziyyət də bizim xeyrimizədir, beynəlxalq dəstəyimiz də var, bütün bu üstünlüklərimizin real nəticəyə çevrilməsi üçün daha hansı addımları atmalıyıq?

- Sözün doğrusu, mən hələ 44 günlük müharibədən əvvəl öz fikirlərimi deyib, bəzi təkliflər vermişdim. Demişdim ki, problemin həllini Rusiya ilə danışıqlarda və anlaşmada görürəm. Rusiya qorxur ki, Azərbaycan onu bölgədən, o cümlədən Azərbaycandan bir dəfəlik çıxarar. Çünki burda Türkiyə faktoru da var və biz qardaş ölkələrik. Ona görə elə bir şərait yaradır ki, Azərbaycan istəsə də bunu edə bilməsin. Mən də bu amilləri nəzərə alıb təklif edirdim ki, biz Rusiya ilə uzun müddətli saziş imzalayaq, məsələn, Qəbələdə, yaxud başqa bir yerdə onun öz hərbi bazasını yaratmasına razılıq verək, Rusiyanın liderliyi ilə yaradılmış regional təşkilatlara (Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı, KTMT) üzv olaq. Amma bunun qarşılığında Rusiya imkan verməlidir ki, biz Dağlıq Qarabağda öz suveren hüquqlarımızı bərpa edək. Təəssüf ki, təklif etdiyim həmin variant baş tutmadı. Rusiya konfliktin qorunub saxlanılmasını daha məqbul saydı. Açığı mən bilmirəm, danışıqlarda mənim təkliflərim, ümumiyyətlə, müzakirə olunubmu, amma inanıram ki, Prezident İlham Əliyev bu mərhələdə mümkün olan ən yüksək nəticəni əldə edib. Siyasət də elə budur: mümkün olanı əldə etmək bacarığı. Mən bundan sonra da Rusiya ilə danışıqları davam etdirməyin tərəfdarıyam. Moskva ilə Bakı arasında elə bir etimadlı münasibət qurulmalıdır ki, Rusiya əmin olsun ki, o, Azərbaycana Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa etməyə mane olmayacağı təqdirdə, bölgədə öz nüfuzunu qoruyub saxlayacaq. Azərbaycanla strateji müttəfiq, tərəfdaş olaraq qalacaq və Bakı xarici siyasətini müəyyənləşdirərkən indiyə qədər olduğu kimi, bundan sonra da qonşularının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alacaq. Məsələn, Türkiyə NATO-nun üzvüdür, Türkiyə qoşunlarının Azərbaycanda yerləşdirilməsi NATO qoşunlarının ölkəmizdə olması deməkdir. Qonşularımızın narahatlığını nəzərə alıb həmişə bəyan etmişik ki, heç bir ölkə bizim ərazimizdən qonşu ölkələrə qarşı istifadə edə bilməz. Rusiyanın ərazi bütövlüyümüzün bərpasına töhvə vermədiyini görüb KTMT-dən çıxıb Qoşulmayanlar Hərəkatına üzv olmuşuq. Amma bundan sonra rəsmi Bakı görsə ki, Rusiya Qarabağda hərbi iştirakını daimi saxlamaq üçün Azərbaycana həmin ərazidə öz suverenliyini bərpa etmək imkanı vermək istəmir, onda bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaqdan, Qərbə tam inteqrasiya olunmaqdan, Türkiyə hərbi bazalarını ölkəmizdə yerləşdirməkdən başqa seçimimiz qalmayacaq. Türkiyə ilə birlikdə Rusiyanı belə bir seçim qarşısında qoymalıyıq ya dostluq, ərazi bütövlüyünə və suverenliyə hörmət, ya da münasibətlərə yenidən nəzər salınması. O zaman , ümid edirəm birinci variant seçiləcəkdir. Rusiya, Türkiyə və Azərbaycanın həyati mənafeləri tələb edir ki, dostluq və əməkdaşlıq edək.

- Qüdrət bəy, Azərbaycanın cənub qonşusu İranda yeni seçkilər keçirildi və bəlkə də ən mühafizəkar namizəd ölkənin prezidenti oldu. İranın daha da mühafizəkarlaşması dünyaya və Azəbaycana hansı vədlər verir?

- Doğrusu, İranda keçirilən prezident seçkilərinin ölkənin xarici siyasətinə hansısa təsir göstərəcəyinə inanmıram. Çünki prezidentlər İranda dövlətin xarici və daxili siyasətinin müəyyənləşdirilməsində böyük rol oynamırlar. Orada dövlətin siyasətini ali dini lider müəyyənləşdirir ki, o da xalq tərəfindən birbaşa seçkilərlə seçilmir. Prezidentlər də dini rəhbərin müəyyənləşdirdiyi siyasətin icrası ilə məşğul olurlar. Ona görə də İbrahim Rəisinin edə biləcəyi çox az şey var. Xamenei istəməyəcəyi təqdirdə ABŞ-la, Qərblə münasibətlərdə hansısa bir dəyişiklik etmək mümkün deyil. 1979-cu ildən bəri İranda çoxlu Prezident dəyişib, ancaq bunun İranın xarici siyasət kursuna heç bir təsiri olmayıb. Müsahibələrimdə onu da dəfələrlə vurğulamışam ki, İranın xarici siyasəti daha çox Rusiya ilə sinxronlaşdırılır. O cümlədən Azərbaycana münasibətdə. Biz dövlət müstəqilliyimizi əldə etdiyimiz gündən indiyə qədər daim görmüşük ki, Azərbaycanla bağlı Rusiyanın mövqeyi nə olubsa, İran da eyni mövqeyi tutub. Hazırda Rusiyanın Azərbaycanla münasibətləri yüksək səviyyədə olduğundan İrandan hər hansı təhlükə görmürəm. Üstəlik, Şuşa Bəyənnaməsindən sonra İran Azərbaycana münasibətdə daha hörmətli siyasət yürütməli olacaq, hər bir İran rəsmisi artıq milli kimliyini dərk etməkdə olan və öz doğma torpaqlarında- Cənubi Azərbaycanda yaşayan 30 milyonluq Azərbaycan türklərini ciddi siyasi faktor kimi nəzərə alacaqdır. Bunlarla yanaşı bizi İranla ortaq tarixi keçmişimiz, dinimiz, mədəniyyətimiz, humanitar əlaqələrimiz birləşdirir. Biz həm də yaxın qonşuyuq. Ağıllı qonşular isə bir-biri ilə çəkişmir, dostluq və əməkdaşlıq edirlər. Şimal-Cənub dəhlizinin fəaliyyətə başlaması ilə Rusiya və İranın əsas kommunikasiya əlaqələri, xüsusilə dəmir yoluyla yüklərin daşınması Azərbaycan üzərindən baş tutacaq. Qeyd etdiyim səbəblərdən İbrahim Rəisinin prezident seçilməsi İranla Azərbaycan münasibətlərini pisə doğru dəyişdirməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər