"Ermənistanda məhkəmə sistemində olan hakimlər və digər işçilər Köçəryan-Sərkisyan zamanından qalıblar. Yəni bu sistemdə işləyənlərin mütləq əksəriyyəti Köçəryan-Şərkisyan dönəmində vəzifəyə gəliblər. Əgər indiki halda Paşinyan Köçəryanı qorxutmağı, seçkidən sonra sakit durmasını təmin etməyi hədəfləyirsə, ilk olaraq Ermənistanda məhkəmə sistemində ciddi dəyişikliklər həyata keçirməlidir".
Bu sözləri Teleqraf.com-a professor Əli Abbasov İrəvanda Robert Köçəryanla bağlı keçirilən məhkəmə prosesi haqda danışarkən bildirib.
Onun sözlərinə görə, hər dəfə Köçəryanla bağlı məhkəmə kluminasiya nöqtəsinə gələndə hakimlər prosesi sıfırlaşdırıb:
"Əsas problem budur. Əgər Paşinyan məhkəmə islahatlarına başlasa, biz anlayacağıq ki, Köçəryanın vəziyyəti pisləşəcək. Mümkündür ki, bu halda Köçəryan Ermənistanı tərk etsin. Çünki onun başqa çarəsi olmayacaq. Ortaya qoyulan cinayət işlərinin heç biri saxta və əsassız deyil. Bu adam erməni vətəndaşlarının güllələnməsi əmrini verib. Yəni cinayətin başında durub.
Digər tərəfdən, onun cangüdənləri restoranda bir nəfəri öldürüblər. Ölən şəxsin bədənində güllə yerləri aşkar edilib. Bir sözlə, işlər çoxdur. Ən əsassı da korrupsiya. Ermənistanda siyasətlə az-çox məşğul olanlar bilir ki, Köçəryanın Moskvada obyektləri, biznes strukturu var. Bu əmlak, pul haradandır? Deməli, əvvəl Qarabağı, sonra Ermənistan talayıb. Bu məsələlər konkretdir. Hələlik Köçəryan hazırda digər siyasi qüvvələrlə birləşməyib. Sərksiyana bağlı deputatlar da ona maraq göstərmir. Əslində Ermənistanda proseslər indi başlayıb. Mən hesab edirəm ki, Nikol Paşinyan ona hər hansı bir imkan verməməlidir".