“Xankəndində yaşanan son hadisələr göstərir ki, bizim öncədən irəli sürdüyümüz proqnozlar özünü doğruldur. Nikol Paşinyanın yenidən seçiləcəyini demişdik. Ermənistan əhalisinin ovqatı ilə tanış olduqca bunun təbii nəticə kimi ortaya çıxdığını görmək olur. Əlbəttə, Paşinyanın müharibədə məğlub olması onun imicinə böyük zərbə vurdu və revanşistlər də bundan istifadə etməyə çalışdı, hazırda da edirlər. Çünki Ermənistanda Rusiyanın “beşinci” kolonu istəyinə nail ola bilmədi, indi bu kolonu Xankəndinə transfer ediblər. Odur ki, Xankəndində haylar arasında qarşıdurmanın yaranması təbiidir”.
Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri, türkoloq Firudin Cəlilov deyib.
O əlavə edib ki, 44 günlük şanlı qələbədən sonra tərəflər bir masaya əyləşərək bəzi məsələləri müzakirə edərək müqavilə bağlamalıdır:
“Zənnimcə, bu proses gecikir və buna səbəb də Ermənistandakı növbədənkənar seçkilər idi. Üstəlik nəzərə almaq lazımdır ki, Ermənistan təkbaşına deyil. İrəvanın Zəngəzur dəhlizini açması İranın xoşuna gəlmir. Ermənistanın regionda öz imkanlarını itirməsi Fransa kimi ölkələrin işinə yaramır. Ermənistanda anti-rus ovqatının yaranması da Moskvanın xoşuna gəlmir. Yəni böyük güclərin Ermənistanda olan maraqları bir-birilə toqquşur. Belə bir siyasi durumda zənnimcə, Azərbaycan təmkinlə siyasətini davam etdirməlidir. Baş komandanın qazandığı şanlı qələbənin sonuclarını görməlidir. Bu konteksdə Zəngəzur dəhlizi də açılmalıdır”.
Firudin Cəlilov bildirib ki, Laçın dəhlizi və Zəngəzir dəhlizi bir-birinə alternativdir:
“Bu gün Laçın dəhlizi ona görə açıqdır ki, biz Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Əgər erməni tərəfi bunu açmasa, laçın dəhlizi də bağlanacaq. Bu halda İrəvan məcbur qalıb Azərbaycan dövlətinin istədikləri ilə razılaşacaq. Odur ki, qarşıda çoxlu diplomatik görüşlərin və qarşıdurmaların olması təbiidir. Fikrimcə, səbrlə prosesləri izləməliyik”.