Hazırkı mərhələdə Ermənistan üçün ən düzgün yol Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdır. İki dövlət arasında delimitasiya üzrə işçi qrup yaratmaq və sülh müqaviləsinə hazırlıq işləri üçün addımlar atılmalıdır. Çünki Azərbaycan Ermənistanın iştirakı olmadan da bölgədə istədiyinə nail olub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, Azərbaycan Ermənistandan başqa bütün qonşuları ilə kommunikasiya qurub: “Ölkəmiz öz qonşuları ilə enerji, dəmir yolu xəttləri və digər zəruri layihələrin icrasını təmin edib. Ermənistan isə bundan sonra bölgə dövlətləri ilə əməkdaşlıq imkanları yaratmaq üçün təşəbbüskar olmalıdır. Çünki bu, ilk növbədə Ermənistanın özü üçün vacibdir”.
Deputat xatırladıb ki, 44 günlük müharibə onsuz da səfalət içində olan Ermənistanı çıxılmaz duruma salıb: “Ermənistanın bu böhrandan yeganə çıxış yolu Azərbaycanın yaratdığı reallıqlarla barışmaqdan ibarətdir. Revanşizm Ermənistan üçün siyasi intihara bərabərdir. Çünki bu ölkənin müharibə üçün heç bir potensialı yoxdur. Özünü təcridetmə siyasəti ilə təbii ki, yenidən ayağa qalxmaq mümkün deyil. İnkişafın mümkün və yeganə yolu Azərbaycan başda olmaqla bütün bölgə dövlətləri ilə normal münasibətlər qurub, ərazi iddialarından əl çəkərək əməkdaşlıq imkanlarını dəyərləndirməkdən keçir”.
Könül Nurullayeva hesab edir ki, Ermənistan itirdiyi 30 ilin, işğalçılıq siyasətinin ona vurduğu zərərləri təkrar düşünməlidir: “Müharibədən ötən 7 ayın nəticələrinə baxdıqda Ermənistanın yenə vaxt itirməkdə davam etdiyini görürük. Çünki 7 ay ərzində Azərbaycan bərpa prosesinə başlayıb. Azad olunmuş ərazilərin bərpası kompleks şəkildə aparılır. Yeni mərhələdə Azərbaycan bölgənin lokomativi kimi mövqeyini daha da möhkəmləndirəcək. Təbii ki, regionun lider dövləti ilə əməkdaşlıq bütün ölkələrin marağındadır”.